RU

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin zərəri 27 %-ə yaxın artıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 2023-cü ili 226,293 milyon manat xalis zərərlə başa vurub.

“Report” Xidmətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 26,7 % çoxdur.

Son nəticədə qurumun yığılmış zərəri 2,9 % artaraq 8 milyard 85,685 milyon manata çatıb.

Ötən il İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 304,041 milyon manat (əvvəlki ilə nisbətən 7,65 % çox), satışlarının maya dəyəri 161,123 milyon manat (9 % çox), inzibati xərcləri 35,084 milyon manat (19,9 % çox), satış və paylanma xərcləri 162,004 milyon manat (2,35 % çox), digər əməliyyat xərcləri 172,918 milyon manat (30,6 % çox), maliyyə xərcləri 5,871 milyon manat (8,75 % çox), icarə öhdəlikləri üzrə faiz xərcləri 123 min manat (eyni qalıb), məzənnə fərqindən zərəri 952 min manat (əvvəlki il gəlir olub), digər gəlirləri 7,856 milyon manat (3,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 115 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin aktivləri 1 milyard 166,847 milyon manat olub ki, bu da illik müqayisədə 9,7 % azdır. 2023-cü ildə səhmdar cəmiyyətinin öhdəlikləri 24,8 % azalaraq 484,599 milyon manata düşüb, balans kapitalı isə 5,4 % artaraq 682,248 milyon manata çatıb.

Xatırladaq ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Prezident İlham Əliyevin 17 noyabr 2023-cü ildə imzaladığı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmana əsasən, ləğv olunmuş "Azərsu" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır. Xidmət istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən publik hüquqi şəxsdir.

Избранный
50
3
far.az

4Источники