RU

Bu bölgələrə də sürət qatarı açılmalıdır - Ekspertdən TƏKLİF

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib ki, növbəti sürət qatarı Bakı-Balakən-Bakı istiqamətində bu ilin sonunda və ya gələn ilin əvvəlində açılacaq.

Qeyd edək ki, bu cür qatar reyslərinin açılması bölgələrdə turizmin inkişafına töhfə verə bilər. Belə ki, insanlar daha sürətli və təhlükəsiz şəkildə müasir qatarlarda turizm bölgələrimizə səyahət edə bilərlər. Necə ki, Bakı-Ağstafa qatarı ilə Goran stansiyasından sanatoriyalar şəhəri olan Naftalana və Gəncə stansiyasından Göygölə səfərlər çoxdur, eləcə də Bakı-Qəbələ qatarı ilə Qəbələyə çoxlu turistlər gedir, bu baxımdan Bakıdan Balakənə də sürət qatarının açılması bu bölgəyə də turist axınınına səbəb olacaq.

Bəs başqa hansı bölgələrə sürət qatarları açıla bilər və bu, həmin bölgələrdə turizmin inkişafına təsir edə bilərmi?

Mövzu ilə bağlı turizm eksperti, bələdçi Azər Hüseynov Redaktor.az-a açıqlamasında bildirdi ki, Balakənə sürət qatarının açılmasını müsbət qiymətləndirdi:  "Açılacaqsa, bu, yaxşıdır. Heç olmasa, elə bir yerdə açılsın ki, orada vağzalda enən turist lazımi bir yerə rahat çata bilsin. Sözsüz ki, belə nüansların üzərində iş getməlidir".

Ekspertin fikrincə, Lənkəran istiqamətində də sürət qatarı açılsa, gözəl olar:

"Quba-Qusar istiqamətində də, sürət qatarının açılması yaxşı fikirdir. Amma bir stansiya açmaqla turizmin inkişaf etməsi müşkül məsələdir. Əgər biz turizmi dəmir yolu vasitəsilə inkişaf etdirmək istəyiriksə, onda ilk olaraq bizim quru sərhədləri də açılmalıdır. Azərbaycana gələn turistlərin müəyyən bir hissəsi Rusiya tərəfdən dəmir yolu ilə gəlirdi", - deyən A.Hüseynovun fikrincə, quru sərhədləri də açılarsa, o zaman həmin istiqamətdə dəmir yolunun işə düşməsi ölkəmizə gələn turistlərin sayının daha da artmasına səbəb olacaq.

Sevinc İBRAHİMZADƏ

Избранный
43
redaktor.az

1Источники