İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “Gedik Kaynak” MMC tərəfindən ilk dəfə olaraq İraqa elektrod ixrac edilib.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə bu ölkəyə 150 ton məhsul göndərilib. Bu, həm də Azərbaycanın elektrod istehsalı sahəsində ilk məhsul ixracıdır.
Qeyd edək ki, "Gedik Kaynak" MMC 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsalı həyata keçirilir. Müəssisənin aylıq istehsal gücü 300 ton təşkil edir İnvestisiya həcmi 7,5 milyon manat olan müəssisədə 20 nəfər daimi işlə təmin edilib.