RU

Culani öz silahdaşlarını tərkisilah edir: gözlənilməz qərarının sirri - Suriya qaynayır

Suriyada hakimiyyəti ələ alan üsyançı koalisiyanın lideri, silahlə müxalifətin komandiri Əbu Məhəmməd əl-Culani ölkədəki bütün silahlı müxalifət qruplarının ləğv ediləcəyini elan edib.

Yəni Culani onu hakimiyyətə daşıyan silahdaşlarını və müttəfiq qrupları tərkisilah etməyə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Suriya dövlət mediası çərşənbə axşamı məlumat yayıb. Bu qərar, on ildən çox davam edən qanlı vətəndaş müharibəsindən sonra ölkədə vahid dövlət qurmaq istiqamətində atılmış ən cəsarətli addımlardan biridir.

Əbu Məhəmməd əl-Culani, əvvəllər radikal müxalif qruplaşma olan Həyat Təhrir əş-Şam (HTŞ) təşkilatının lideri kimi tanınır. Culani və onun rəhbərlik etdiyi üsyançı koalisiya Suriyanın şimal-qərb bölgələrində güclü mövqe tutmuş, xüsusilə İdlib bölgəsində öz hakimiyyətini qurmuşdu. Yeni hökumətin qurulması və silahlı müxalifətin buraxılması ilə Culani öz rolunu siyasi liderlik istiqamətində dəyişdirməyə çalışır. Onun Suriya prezidenti olmağa hazırlaşdığını özü daxil, hər kəs söyləyir.

Suriya vətəndaş müharibəsi ərzində yüzlərlə silahlı qrup ölkənin müxtəlif bölgələrində hakimiyyət iddiası ilə çıxış etmiş, bəzən isə xarici qüvvələrin dəstəyi ilə rəqabət aparmışdı. Culani və onun koalisiyasının bu qərarı ölkə ərazisində vahid idarəçiliyin bərpası üçün mühüm dönüş nöqtəsi hesab edilir.

Ekspertlər bildirir ki, bu addım Çin, Rusiya və Türkiyə kimi regional güclərin təzyiqləri ilə də bağlı ola bilər. Xüsusilə Türkiyə bölgədə sülh prosesi üçün Culani və digər müxalif qüvvələrə təsir göstərərək onların tərksilah edilməsinə çalışır.

Culani indiyədək müharibə zamanı hərbi lider kimi tanınıb. Lakin yeni dövrdə onun siyasi arenaya daxil olmaq və Suriyanın gələcək hökumətində mərkəzi fiqur kimi rol oynamaq niyyətində olduğu müşahidə edilir. Onun elan etdiyi tərksilah qərarı həm beynəlxalq ictimaiyyətə, həm də ölkə daxilindəki müxalifətə sülh mesajı kimi təqdim edilir.

Analitiklər qeyd edir ki, Culaninin bu addımı onun beynəlxalq legitimlik qazanmaq cəhdidir. Əvvəllər radikal qrup lideri kimi tanınan Culani indi daha geniş kütlənin və siyasi güclərin dəstəyini qazanmağa çalışır.

Bununla belə, bütün silahlı müxalifət qruplarının eyni anda tərksilah edilməsi çətin və riskli bir proses olacaq. Müxtəlif fraksiyalar arasında fikir ayrılıqları və yeni toqquşmaların baş verə biləcəyi ehtimalı var. Xüsusilə İdlib bölgəsi hələ də silahlı qrupların ən sıx toplaşdığı ərazi olaraq qalır.

Yeni hökumətin bu qərarı Suriyanın gələcəyini formalaşdıracaq əsas hadisələrdən biri kimi qiymətləndirilir. Beynəlxalq birlik Culaninin və onun koalisiyasının elan etdiyi dəyişiklikləri diqqətlə izləyir. Əgər proses uğurla başa çatarsa, Suriyada on ildən çox davam edən müharibə sülh və sabitliklə əvəz oluna bilər.

Məlumatın hazırlanmasında bu qaynaqdan istifadə edilib: https://nyti.ms/4gCUqhO

 

Musavat.com

Избранный
42
38
musavat.com

10Источники