Rusiya Nüvə, Bioloji və Kimyəvi Müdafiə Qüvvələrinin (RNBZ) komandanı, general-leytenant İqor Kirillovun öldürülməsi Rusiyada şiddətli reaksiyaya səbəb olub.
“AzPolitika” xəbər verir ki, Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin yazdığına görə, Kreml Kirillovun qətlini Rusiyanın Ukraynaya geniş miqyaslı işğalının nəticəsi kimi deyil, “terror aktı” kimi təqdim etməyə çalışır.
Qeyd olunur ki, Rusiya rəsmiləri Kirillovun öldürülməsinə səbəb kimi onun Ukrayna və NATO-nun kimyəvi və bioloji silahlardan istifadə etməsi ilə bağlı “doğru bəyanatlarını” göstəriblər. Analitiklərin qeyd etdiyi kimi, Kirillov ABŞ-nin Ukraynada “bioloji laboratoriyalar” yaratdığını, Pentaqonun isə böcəklər, ağcaqanadlar vasitəsilə yoluxucu xəstəliklər yaymaq üçün Kaxovka SES-i qəsdən məhv etdiyini bəyan edib.
Eyni zamanda, xatırladılır ki, Rusiya Federasiyası Ukraynadakı “bioloji laboratoriyalar”la bağlı iddiaları genişmiqyaslı işğal üçün bəhanələrdən biri kimi istifadə etmişdi.
Bundan əlavə, generalın ölümündən sonra rus təbliğatçıları Kremldən Ukraynaya qarşı cavab tədbirləri görməyi və onun hərbi-siyasi rəhbərliyini aradan qaldırmağı tələb edirlər: “Bir bloqer Kirillovun öldürülməsinin Rusiyanın cəbhə xəttindəki uğurlarına baxmayaraq, Ukrayna qüvvələrinin mürəkkəb əməliyyatlar aparmağa qadir olduğunu bir daha göstərdiyini qeyd edib. O, rusları Ukraynadakı müharibəyə sadəcə, Donbas uğrunda müharibə kimi baxmamağa çağırıb. Rusiyalı hərbi müxbirlərindən biri isə deyib ki, Rusiya Ukrayna ərazisinə sadəcə idarə olunmayan bombalar və “Oreşnik” ballistik raketləri atmaqla bu müharibədə qalib gələ bilməz, Rusiya Ukraynanın hərbi-siyasi rəhbərliyini məhv etməlidir. Bu da öz növbəsində Kremlin “Oreşnik”i ən müasir və güclü silah kimi təqdim etmək cəhdlərinə zərbə vurur”.
Xatırladaq ki, dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazan prospektində partlayış baş verib və nəticədə general-leytenant İqor Kirillov və onun köməkçisi İlya Polikarpov həlak olub. Ukrayna mediası bunu Ukrayna Təhlükəsizlik Xidmətinin etdiyini bildirib.
Maraqlıdır ki, partlayışdan bir gün əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Kirillovun Ukraynanın şərqində və cənubunda Ukrayna Silahlı Qüvvələrinə qarşı kütləvi şəkildə qadağan olunmuş kimyəvi silahdan istifadə etməkdə ittiham etmişdi.
“AzPolitika.info”