Saar İrlandiya prezidentinin İsrailin qonşu ölkələrinin suverenliyini pozmaqda ittihamlarına cavab verib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İsrailin İrlandiyadakı səfirliyinin bağlanması qərarı fonunda İrlandiya prezidenti Maykl Higgins yəhudi dövlətini tənqid edərək, onu qonşu ölkələrin – Suriya, Livan və Misirin suverenliyini pozmaqda ittiham edib.
Bu ittihamlara cavab olaraq İsrailin xarici işlər naziri Gideon Saar deyib ki, o, (Higgins) antisemit yalançıdır və məhz Livan ərazisindən Hizbullah bir ildən çoxdur İsrailə atəş açır.
Suriyadakı vəziyyəti şərh edən nazir qeyd edib ki, Əsəd rejimi devrildikdən sonra silahlı yaraqlılar tərəfindən Suriya-İsrail sərhədində bufer zonaya soxulmaq cəhdləri olub və təhlükəsizliyi təmin etmək üçün İsrail ordusu öz qüvvələrini bu əraziyə yerləşdirib.
Saar İsrailin guya Misirdə məskunlaşma yerləri qurmaq səyləri ilə bağlı iddialara da cavab verib. O, İsrailin 1979-cu il sülh müqaviləsi çərçivəsində bütün Sinay səhrasından çəkildiyini vurğulayaraq, müqavilənin imzalanmasından bu yana hörmət edildiyini qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az