RU

Səfirlərin "binokl diplomatiyası" ifşa olunmalıdır - RƏY

Makron Fransası və Avropa İttifaqı vaxtı başa çatmış müşahidə missiyasını "vasitəçi" rolunda sırımağa çalışır


Ermənistan-Azərbaycan sərhədindəki Avropa İttifaqının (Aİ) dırnaqarası "mülki müşahidə missiyası" fəaliyyətini başa çatdırmaq əvəzinə, təxribatları davam etdirməklə məşğuldur. Fransanın İrəvandakı səfiri Olivye Dekotininin Ermənistanla şərti sərhədlərimizə gəlib ərazilərimizi müşahidə etməsinin ardınca, Niderlandın İrəvandakı səfiri Marike Monroy-Vinter də bədnam "binokl diplomatiyası"na qoşulub. Xanım səfir Aİ-nin Ermənistandakı müşahidə missiyasının ofisində olub, həmin missiyanın tərkibindəki Niderlanddan olan şəxsi heyətlə görüşüb və Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazidə yerləşən Xaçık kəndi ərazisində patrul dəstəsinə qoşulub, ərazilərimizi durbinlə müşahidə edib. 

Siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Aİ müşahidəçilərinin və səfirlərin xətti ilə təxribatlar davam edir. Ekspertin sözlərinə görə, 2022-ci ilin oktyabrın 6-da Praqada razılaşdırılmış Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyəti, əslində, çoxdan bitməliydi: 

"Çünki bu missiya qısamüddətli missiya kimi yaradılmışdı. Lakin sonradan Makronun "xeyir-dua"sı ilə Aİ və Ermənistan məkrli addım ataraq, sözügedən missiyanın fəaliyyət müddətini Azərbaycan tərəfi ilə razılaşdırmadan birtərəfli qaydada uzatdılar. Eyni zamanda missiyanın say tərkibini də genişləndirdilər. Avropa İttifaqına üzv olan ölkələrin və Kanadanın hərbçi zabitlərini, kəşfiyyatçılarını, jandarmlarını "mülki müşahidəçi" adıyla həmin missiyanın tərkibinə daxil etdilər. Bu, Azərbaycana qarşı yönəlmiş açıq hərbi-siyasi təxribat idi. Görünən budur ki, onlar bu təxribatı davam etdirməyi və müşahidə missiyasını davamlı missiyaya çevirməyi qərara alıblar. Məqsəd isə Ermənistan və Azərbaycan arasında qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesinə müdaxilə etmək və vasitəçi rolunda çıxış etməkdir. Halbuki bu prosesdə nə Azərbaycanın, nə də ki Ermənistanın üçüncü tərəfin iştirakına hər hansı ehtiyacı yoxdur".


Analitikə görə, Makron Fransası və Avropa İttifaqı vaxtı başa çatmış müşahidə missiyasını "vasitəçi" rolunda sırımağa çalışır: "Bu isə o deməkdir ki, Avropa İttifaqının Ermənistandakı missiyası hazırda regionda sülhün möhkəmləndirilməsinə yox, gərginlik yaradılmasına xidmət edir. Avropa İttifaqının bu mövqeyi ciddi narahatlıq doğurur. Gürcüstanda mövqeləri sarsılan Avropa İttifaqı Ermənistanın əliylə regionda varlığını qorumağa çalışır. Ancaq bu cür qeyri-legitim üsullarla regionda möhkəmlənmək cəhdləri Avropa İttifaqının gözləntilərini doğrultmayacaq. Azərbaycanın avropalı səfirlərin sərhədlərimizdəki "binokl diplomatiyası"na göz yummaq fikri yoxdur. Avropa İttifaqı bu cür narahatedici hallara son qoymalıdır".

Избранный
14
sherg.az

1Источники