RU

Qışqıraraq danışmaq: MƏDƏNİYYƏTSİZLİK? - PSİXOLOQ FİKRİ

“İnsanların qışqıraraq danışmasının bir çox səbəbi ola bilər və bu, həm psixoloji, həm də sosial faktorlardan qaynaqlana bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, insanlar bəzən içlərində yığılıb qalan stressi idarə edə bilmədikdə bunu qışqırmaqla ifadə edirlər: “Bu, emosional boşalma üsuludur. Qəzəb və ya hiddət zamanı insanlar öz emosiyalarına nəzarəti itirərək daha yüksək səslə danışa bilərlər. Bu vəziyyət daha çox emosional tənzimləmə bacarıqları zəif olan insanlarda müşahidə edilir”.

Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Bəzi insanlar hiss edirlər ki, qarşı tərəfə fikirlərini çatdırmaq üçün qışqırmaqdan başqa yolları yoxdur. Bu, aşağı özünəinam və ya kommunikasiyada çatışmazlıqdan qaynaqlana bilər.

İnsanların danışıq üslubu çox vaxt onların böyüdükləri mühitdən asılıdır. Məsələn, qışqırmağın norma kimi qəbul edildiyi ailə və ya sosial mühitlərdə bu vərdiş halına çevrilə bilər.

Bəzi hallarda qışqıraraq danışmaq qarşı tərəfə üstünlük qazanmağa çalışmaq və ya onu qorxutmaq məqsədi daşıyır. Bu, qeyri-etik davranışın göstəricisi ola bilər.

Qışqıraraq danışmaq bəzən mədəniyyətsizlik kimi qəbul edilə bilər, xüsusilə də səs tonu və davranış ətraf mühitə uyğun deyilsə. Ancaq unutmaq olmaz ki, bu, təkcə mədəniyyət deyil, həm də emosional vəziyyətlə əlaqədar ola bilər.

Psixoloq kimi menden sorussaniz ki İnsanlara emosiyalarını idarə etmək nece öyrədilməli və qəzəb anında sakitləşmə texnikaları nece tətbiq olunmalıdir? Buna bele yollar deye bilərəm:

- Kommunikasiya bacarıqları inkişaf etdirilməli və insanlar öz fikirlərini sakit, aydın və anlaşıqlı şəkildə ifadə etməyi öyrənməlidir.
- Ətraf mühitin və münasibətlərin insanın davranışlarına təsir göstərdiyini nəzərə alaraq, ailə daxilində və cəmiyyətdə hörmətə əsaslanan ünsiyyət mədəniyyəti yaradılmalıdır.

Sonda qeyd etmək istəyirəm ki, qışqıraraq danışan insanı “mədəniyyətsiz” adlandırmadan öncə, onun emosional vəziyyətini, stress səviyyəsini və mühit faktorlarını nəzərə almaq lazımdır. Psixoloji dəstək və düzgün ünsiyyət modeli tətbiq edilərək bu problemi aradan qaldırmaq mümkündür”.

Ayşən Vəli

Избранный
26
sia.az

1Источники