RU

Rusiya Nəqliyyat Universiteti Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa əsasən, 2025 – 2026-cı tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrə müsabiqə elan olunur.

“Qafqazinfo” xəbər verir ki, müsabiqədən keçən namizədlər Rusiya Federasiyasının Rusiya Nəqliyyat Universitetində (Российский университет транспорта (МИИТ)) təhsil almaq üçün təqaüd proqramından yararlana bilərlər.

Təqaüd proqramı Azərbaycanda nəqliyyat sahəsində gənc milli kadrların hazırlanması məqsədi daşıyır.

Universitetdə təhsil dərəcələrinə bakalavr, spesialitet, magistratura daxildir. Burada, həmçinin rus dili üzrə universitetə hazırlıq fakültəsi mövcuddur. Təhsilin forması əyanidir. Tədris rus dilində aparılır.

Təminat: 

• Təhsil haqqının tam ödənilməsi
• Aylıq təqaüd
• Rus dilini bilməyən tələbələr üçün 1 illik ödənişsiz rus dili hazırlıq kursları

Müsabiqədə iştirak edə bilər:

• Məktəb, lisey, gimnaziya, kollec, texnikum və universitet məzunları (və ya təhsilini bu ildə bitirəcək tələbələr və şagirdlər)

Seçim turları:

• Riyaziyyat və məntiqdən onlayn test
• Oflayn müsahibə (Azərbaycan və rus dillərində)

Ərizələrin qəbul tarixi: 18.12.2024 – 05.01.2025 

Qeydiyyat üçün bu linkə keçid edə bilərsiniz.

Testlərdən uğurla keçən və universitetə qəbul olunanlardan bu sənədlər tələb olunacaq:

• Pasportun skan edilmiş surəti və pasportun rus dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsinin skan edilmiş surəti

• Təhsil sənədlərinin skan edilmiş surətləri (orta təhsil haqqında attestat, diplomlar) və onların notarial qaydada təsdiq edilmiş tərcümələrinin skan edilmiş surətləri

• Tibbi arayışın skan edilmiş surəti

• İİV (HIV)-mənfi sertifikatın skan edilmiş surəti

• Ərizə – anket

Məlumat üçün bildirək ki, Rusiya Nəqliyyat Universiteti Rusiya Federasiyasının aparıcı milli nəqliyyat universiteti olmaqla yanaşı, həm də ən böyük sənaye universitetidir. Bu ali məktəb nəqliyyat sənayesinin inkişafı üçün kadr təminatı və elmi dəstək üçün baza platforması rolunu oynayır.

Təhsil müddətini uğurla başa vuran tələbələrə Azərbaycana qayıtdıqdan sonra nəqliyyat sahəsində fəaliyyət göstərən qurumlara işə qəbul zamanı üstünlük veriləcək.

Избранный
2
8
qafqazinfo.az

10Источники