Güney Azərbaycanın müxtəlif şəhərlərində gələn il fevral ayında IV Milli Aşıqlar Festivalı təşkil olunacaq. Tədbirə Güney Azərbaycanla yanaşı, İranın digər bölgələrindən də aşıqların qatılması gözlənilir.
Festivalın katibi Məhəmməd Əbadi (Alışıq) bildirib ki, festival iki bölümdə keçiriləcək: bədii və ədəbi. Bədii bölümdə yaş məhdudiyyəti olmayacaq və hər bir aşıq iştirak edə biləcək. Ədəbi və yarışma xarakterli bölümdə isə göndərilən əsərlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və ən yaxşı əsərlər seçiləcək.
IV Milli Aşıqlar Festivalı 6 fevral tarixindən etibarən Təbrizlə yanaşı, Vərzigan, Əhər, Mərənd, Marağa, Miyana və Culfa şəhərlərində təşkil olunacaq.
Əbadi çıxışında festivalın dərin mənaya malik olduğunu vurğulayıb: “Bu tədbir min illərin yaddaşından gələn aşıq sənətinin əzəmətini bir daha nümayiş etdirəcək. Aşıq sənəti Türk mədəniyyətinin ayrılmaz parçasıdır və bu festival onun dəyərini bir daha ortaya qoyacaq.”
Aşıq sənətinin kökləri və əhəmiyyəti
Aşıq sənəti Şaman inanclarına əsaslanaraq Türk dünyasının mədəniyyətində önəmli yer tutur. “Aşıq”, “Ozan”, “Bağşı” və “Bamsı” kimi adlarla tanınan bu sənət nümayəndələri əsrlərdir Türk mədəniyyətinin qoruyucuları olmuş və onun təbliğində mühüm rol oynamışlar.
Aşıq sənətində ən yüksək sənətkarlıq dərəcəsi “Dədə” adlanır və ustadlıq mərhələsinə çatan aşıqlara bu titul verilir. Festivalın məhz Güney Azərbaycanda keçirilməsi, bölgənin zəngin mədəni irsini və aşıq sənətinin yaşadığını bir daha sübut edir.
Bu tədbir, Güney Azərbaycanın qədim və zəngin mədəniyyətini yaşatmaqla yanaşı, Türk dünyasının ortaq dəyərlərinə də xidmət edəcək.
visiontv.az