RU

Suriyalı qəbirqazan işgəncələrlə öldürülən 7 min nəfəri basdırmasından danışdı – Sednayada işgəncə alətlərini görən AFAD rəsmisinin dili tutulub

Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Okay Məmiş Suriyanın paytaxtı Dəməşqin çölündə yerləşən Sednaya həbsxanasında mümkün gizli zirzəmilərin axtarışı zamanı diri və ya ölü heç bir məhbus tapmadıqlarını açıqlayıb.

O, Suriyaya yerli hakimiyyət orqanlarının dəvəti ilə Sednaya həbsxanasına gəldiklərini açıqlayıb.

Okay Məmiş axtarışlarda 120 nəfərin və 4 təlim keçmiş itin iştirak etdiyini diqqətə çatdırıb.

“Bütün bina və bütün palatalar, kameralar və digər inzibati idarələr araşdırılıb, axtarışlar aparılıb. Həbsxananın gizli saxlama yerlərində hələ də məhbusların olması iddia edilsə də, heç bir canlı insan və dəfn edilmiş məhbus tapmadıq”, - deyə O. Məmiş bildirib.

O, məhbuslara qarşı qeyri-insani rəftarda istifadə olunan çoxlu dəzgah və alətlər gördüklərini vurğulayıb:

“Biz binanın hər bir hissəsini böyük diqqətlə və dəqiqliklə yoxladıq və çöl həyətdə işimizi davam etdiririk. Gördüyünüz alətlər və avadanlıqlar var ki, bu haqda danışmaqda çətinlik çəkirəm, danışmağa dilim tutulur. Pres maşını, meyitləri məhv etmək üçün kislota çənləri, ifadə etməkdə çətinlik çəkdiyim bir çox şeylər. Biz minlərlə cəsəd torbasının hər yerə səpələnmiş olduğunu gördük. Bu qədər cəsəd torbasının olması suallar doğurur”.

Bu arada Homs şəhərinin qəbirqazanı Əbu Şam Əsəd rejimi günlərində baş verənlər barəsində Suriyanın “Zaman” qəzetinə açıqlama verib.

Deyib ki, hər gün Homsdakı hərbi düşərgədən cəsədlər gətirilib:

“Müəyyən bir müddətdə gündə 50 cəsəd basdırılırdı. Bəzi cəsədlərin üzərində ad yazılırdı, əksəriyyətində isə yalnız rəqəmlər vardı. Cəsədlərin əksəriyyətində işgəncə və yanma izləri olurdu”.

Qəbirqazan bəzi ailələrə uşaqlarının dəfn olunduğu yerə bələdçilik etməyə çalışdığı üçün bir neçə dəfə həbs olunduğunu da açıqlayıb:

“Öz əllərimlə basdırdıqlarımın ümumi sayı 7 min cəsəddir”.

İşinə görə cəsədləri basdırmağa məcbur edilən buldozer sürücüsü Əsəd rejiminin 10 minlərlə cəsədi “Əl-Qətifə” bölgəsi yaxınlığında (Dəməşqdən 30 km şimalda) kütləvi məzarlığın yerini göstərib.

Sürücü dəfn əməliyyatlarının 5 il davam etdiyini açıqlayıb. Deyib ki, cəsədlər hər həftənin müəyyən günlərində basdırılıb.

O, Əsəd kəşfiyyatının cəsədləri Sednaya həbsxanasından, təhlükəsizlik şöbələrindən, hərbi xəstəxanalardan və döyüş bölgəsindən soyuduculara doldurularaq gətirdiyini bildirib.

Onun sözlərindən bəlli olub ki, “Üçüncü Diviziya” komandanlığının yaxınlığında yerləşən kütləvi məzarlıq xəbərinin mətbuata çıxmasından sonra rejim cəsədləri və qalıqlarını Dəməşq çölündəki ərazilərə daşıyıb.
Sürücü 2014-2019-cu illər arasında həyata keçirilən beş illik dəfn əməliyyatlarına əsasən, cəsədlərin sayını təxminən 200 min nəfər olaraq qiymətləndirib.

Suriyanın “Ağ Dəbilqəlilər” Mülki Müdafiə Təşkilatı bildirib ki, onun qrupları Dəməşqin şərqində yerləşən Dəməşq Beynəlxalq Hava Limanı yolu yaxınlığındakı ərazidən 21 naməlum cəsədin qalıqlarını çıxarıblar.
Suriyada tapılan kütləvi məzarlıqlar və insan qalıqları Əsəd rejimi tərəfindən oğurlanaraq öldürülmüş minlərlə şəxslərin taleyini bilmək üçün ən mühüm mənbələrdən biridir. Hazırda Dəməşq və ətraf şəhərlərdə itkintək axtarılan minlərlə insanın axtarışları davam etdirilir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Избранный
22
musavat.com

1Источники