RU

"Partiyalara yardımın artırılması müsbət addımdır" (ŞƏRH)

"Həmin artım nəticəsində seçkidə iştirak edən, amma parlamentdə təmsil olunmayan partiyalar da bu və ya digər dərəcədə dövlət maliyyələşməsinə cəlb olunacaqlar".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli 2025-ci il üçün Azərbaycanda siyasi partiyalara ayrılan maliyyə yardımının 20 faiz artırılaraq, 6 milyon manata çatdırılmasını şərh edərkən deyib.
 
Qulamhüseyn Əlibəylinin fikrincə, siyasi partiyaların maliyyələşməsi mexanizmi elə müəyyənləşib ki, parlamentdə təmsil olunan, deputatların sayı çox olan partiyalar daha çox vəsait alır:
 


"Bu mənada təbiidir ki, həmin vəsaitin daha çox hissəsi Yeni Azərbaycan Partiyasına düşür. Bununla yanaşı, maliyyə yardımının artırılması ilə Milli Məclisdə təmsil olunan digər parlament partiyalarının aldıqları vəsaitlər də artacaq. Bu artımın bir səbəbi də yeni qanunda yeni bir müddəanın qüvvəyə minməsilə bağlıdır. Yeni müddəaya əsasən parlamentdə təmsil olunmayan, lakin seçkilərdə iştirak edib, etibarlı səs toplayan partiyalar da maliyyələşəcəklər. Düzdür, parlamentdə təmsil olunmayan digər partiyaların topladığı səslərin sayı azdır. Ona görə də onlara ayrılan vəsait çox cüzi olacaq. Əsas odur ki, gələn il üçün artırılması gözlənilən bu rəqəmlə parlamentdə təmsil olunan partiyalara xeyli maliyyə vəsaiti ayrılacaq. Bu da parlament partiyalarının saxlanılması üçün az və ya çox dərəcədə kifayət edər. Hər halda partiyalara maliyyə yardımının artırılmasını müsbət addım kimi qiymətləndirmək olar. Çünki onun nəticəsində, seçkidə iştirak edən, amma parlamentdə təmsil olunmayan partiyalar da bu və ya digər dərəcədə dövlət maliyyələşməsinə cəlb olunacaqlar".

Qeyd edək ki, gələn il üçün Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılacaq. Bu barədə maliyyə naziri Samir Şərifov açıqlama verib. 

O, Milli Məclisdə "2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsait 1 milyon manat və ya 20 faiz artırılır. 

Xatırladaq ki, 2024-cü ilin büdcəsindən partiyalar üçün 5 milyon manat vəsait ayrılıb. 

Rüfət Sultan

Избранный
22
1
qaynarinfo.az

2Источники