RU

Milli Kitabxanada “Şavkat Mirziyoyev fenomeni” kitabının təqdimat mərasimi keçirilib

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan Milli Kitabxanasında Özbəkistan Respublikasının Prezidentinə həsr edilən “Şavkat Mirziyoyev fenomeni” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Azərbaycan Milli Kitabxananın direktoru professor Kərim Tahirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaxın dostu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev haqqında yazılan gözəl bir kitabın təqdimatının keçirildiyini qeyd edib. Tədbirin moderatoru - Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid yeni Özbəkistanın qurucusu olan Prezident Şavkat Mirziyoyevin fəaliyyətinin təkcə ölkəmizdə deyil, beynəlxalq ictimaiyyət arasında böyük maraq doğurduğunu qeyd edib. Bildirib ki, “Şavkat Mirziyoyev fenomeni” kitabı Azərbaycan ziyalılarının böyük marağına səbəb olub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxışında Azərbaycan və Özbəkistan prezidentlərinin xeyirxah səyləri və zəhmətləri sayəsində Azərbaycan-Özbəkistan dostluq və qardaşlıq əlaqələrinin özünün ən yüksək mərtəbəsinə daxil olduğunu bildirib. O, iki qardaş ölkə arasındakı elmi-mədəni əlaqələrdən ətraflı bəhs edərək Prezident Şavkat Mirziyoyevin uğurlu siyasətindən, Prezident İlham Əliyevlə dostluğu və bu dostluğun ölkələrarası əlaqələrə təsirindən, Özbəkistanın zəngin tarixi və mədəniyyəti, İslam dünyasına bəxş etdiyi din alimlərindən danışıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar özbək yazıçı və şairlərin bədii nümunələrinin ümumtürk ədəbiyyatında xüsusi yeri olduğunu vurğulayıb. O qeyd edib ki, iki xalqın ədəbi əlaqələrinin belə sıx olmasının hər iki ölkənin ədəbiyyatının inkişafına müsbət təsiri var. 85 illiyində Şavkat Mirziyoyevin onu “Dostluq” ordeni ilə təltif etməsini xüsusi minnətdarlıqla qeyd edən yazıçı bunu Özbəkistan Prezidentinin Azərbaycan ədəbiyyatına diqqətinin nümunəsi kimi qiymətləndirib.

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov iki ölkənin xalqlarını dərin köklərə malik qardaşlıq əlaqələri birləşdirdiyini, bu gün həmin əlaqələrin prezidentlər tərəfindən uğurla inkişaf etdirildiyini söyləyib.

Tədbirdə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Özbəkistanın Əməkdar jurnalisti, yazıçı Xurşid Dostmuhammad, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Özbəkistanın Xalq şairi, Senat üzvü Mahmud Toir, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov, Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini Qayrat Məcid, Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, “Şavkat Mirziyoyev fenomeni” kitabının tərcüməçiləri şair Akif Azalp və ədəbiyyatşünas Yaşar Qasımbəyli, Özbəkistan Senatının üzvü, kitabın özbək dilindəki bədii redaktoru Husan Ermatov çıxış ediblər. Çıxışlarda son illərdə iki ölkə arasındakı münasibətlərin Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin yaxın dostluq əlaqələri sayəsində tamamilə yeni mərhələyə yüksəldiyi, bu əməkdaşlığın iki qardaş xalqın siyasi, iqtisadi və mədəni inkişafına xidmət etdiyi vurğulanıb. Bu kitabın siyasi publisistikada özünəməxsus yenilik olduğu, Azərbaycan oxucuları və siyasətçiləri üçün vacib bir vəsait rolunu oynayacağı qeyd olunub.

Sonda “Şavkat Mirziyoyev fenomeni” kitabının tərcüməçiləri şair Akif Azalp və ədəbiyyatşünas Yaşar Qasımbəyliyə Özbəkistanın milli geyimləri, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirova isə Özbəkistan mədəniyyətinə aid xatirə əşyası hədiyə edilib.

Qeyd edək ki, Qüdrətülla Rəfiqovun müəllifi olduğu bu kitab Azərbaycanın “Təhsil" nəşriyyat evində çap olunub. Kitaba ön sözün müəllifi Şeyxülislam Allahşükür Paşazadədir. Azərbaycan dilində işıq üzü görən nəşrin redaktoru Mustafa Çəmənli və Qulu Kəngərlidir.

Kitab geniş ictimaiyyət nümayəndələri, siyasi elmlər istiqamətindəki ali təhsil müəssisələrinin müəllim-professor heyəti və tədqiqatçılar üçün nəzərdə tutulub.

Xatırladaq ki, bu kitab Özbəkistan Prezidentinə COP29 konfransı çərçivəsindəki Azərbaycana səfəri zamanı təqdim edilib.

Избранный
15
3
azertag.az

5Источники