RU

Akademik İsa Həbibbəyli AASSA-nın prezidenti professor Əhməd Nuri Yurdusevlə görüşüb


Dekabrın 18-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti professor Əhməd Nuri Yurdusevlə görüşüb.

AMEA-nın Rəyasət Heyətində baş tutan görüşdə akademik İsa Həbibbəyli Akademiyanın son illərdə dünya elmində vacib qərarların qəbulunda söz sahibinə malik olan bir sıra beynəlxalq təşkilatlara üzv seçildiyini, bunlardan ilk təşkilatın isə Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası olduğunu bildirib. Akademik İsa Həbibbəyli AMEA-nın Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına üzv olduğu ötən iki il ərzində qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımların atıldığını bildirib. Qeyd edib ki, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının Filippinin paytaxtı Manila şəhərində keçirilmiş Baş Assambleyasının iclasında ölkəmiz təmsil olunub, həmçinin bu günlərdə Bakıda keçirilmiş “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransda AASSA rəhbərliyi də iştirak edib. Akademiya rəhbəri AMEA-nın AASSA ilə tərəfdaşlığı çərçivəsində humanitar elmlər sahəsində Çinlə elmi əlaqələrin möhkəmləndiriləcəyi, Malayziya və Sinqapurla yeni əlaqələrin yaradılacağına əminliyini bildirib.

Akademik İsa Həbibbəyli konfransda Türkiyə, Pakistan, Çin, Hindistan, Cənubi Koreya, Vyetnam, Özbəkistan və Qazaxıstandan alimlərin iştirak etdiyini, AMEA-nın bu tədbirlə  Asiya xalqları arasında ədəbi əlaqələrin inkişafına, eləcə də AASSA çərçivəsində əməkdaşlıq münasibətlərinin genişlənməsinə öz töhfəsini verəcəyini söyləyib.

Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev də öz növbəsində AMEA-nın AASSA-ya üzv olduqdan sonra Assosiasiyanın fəaliyyətində aktiv rol oynadığını, qəbul edilmiş önəmli qərarların qəbulunda yaxından iştirak etdiyini, öz təkliflərini verdiyini bildirib.

“Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olmaqdan məmnunluq duyduğunu bildirən alim tədbirin Asiya xalqlarının mütəxəssisləri arasında yeni əməkdaşlıq əlaqələrinin qurulmasına öz töhfəsini verdiyini deyib. Həmçinin qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası bu cür sanballı konfransları keçirməklə AASSA-da humanitar sahədəki boşluğun doldurulmasına öz töhfəsini vermiş olur.

Görüşdə birgə əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

Görüşdə AMEA-nın akademik-katibi akademik Arif Həşimov, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri Esmira Əlirzayeva və həmin şöbənin müdir müavini Samir Səttarov da iştirak ediblər.

 

AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi


Избранный
9
4
azia.az

5Источники