RU

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 18-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Əvvəlcə Komissiyanın 13 dekabr 2024-cü il tarixli iclas protokolu təsdiq edilib.

Sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə baxılıb. Diqqətə çatdırılıb ki, bildirişdə seçicinin soyadı, adı və atasının adı ilə yanaşı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı göstərilir, habelə seçicilərin məlumatlandırılması məqsədilə səsvermə qaydaları illüstrasiyalarla aydın izah olunur. Komissiya üzvlərinin bildirişlə bağlı müzakirəsinin ardınca səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 6 milyon 52 min 721 bildirişin mətbəə üsulu ilə hazırlanmasına qərar verilib.

Mərkəzi Seçki Komissiyasının iclasında daha sonra qarşıdan gələn bələdiyyə seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və Komissiya sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxsləri səlahiyyətli nümayəndələr kimi qeydə alıb.

Media subyektləri nümayəndələrinin geniş iştirak etdiyi iclasda, həmçinin bələdiyyə seçkilərinə hazırlıqların gedişi barədə məlumat verilib, namizədlərin irəli sürülməsi və qeydə alınması ilə bağlı statistik göstəricilər elan olunub və cari məsələlərə baxılıb.

Избранный
34
6
azpost.info

10Источники