RU

Fəvvarələr meydanında “Nargis”in “Qış nağılı”

Artıq 11 ildir ki, “Nargis” Fondunun Fəvvarələr meydanında təşkil etdiyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası paytaxtımızın sakinlərinə və qonaqlarına əsl Yeni il ovqatı və sirli-sehirli əhvali-ruhiyyə bəxş edir.

Builki yarmarka 4 gündür ki, açılıb. Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq”, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, Azərbaycan Hava Yolları, “E-point”, “Strafor Kəsim”, “Hazır Cavab”dır. “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası Pasha Holding, Azercell, Coca-Cola, Birbank, R Group Holding, Haribo, Ozmo, Tess, Lays, Nesquik, Pampers, Eatme, Chocolatier, Fettycheese, Vyana Şokolad Evi, Xırta-Xırt, Corndogs, Atabey Çiğköfte şirkətlərinin dəstəyi ilə keçirilir. Yarmarka ərazisində quraşdırılmış iki böyük monitorda məkanla tanışlıq məlumatı və yarmarkanın xəritəsi nümayiş olunur.

Əlvan işıq və bayraqlarla, göz oxşayan aksesuarlarla bəzədilmiş “möcüzələr adası”nda Şaxta babanın, müxtəlif nağıl qəhrəmanlarının xoş təbəssümləri və şən söhbətləri məxsusi bir aura yaradır. Hər iki tərəfdə quraşdırılmış balaca satış köşkləri də sanki gerçək nağıl təsiri bağışlayır. Evcik-köşklərdə alıcılara çeşidli məhsullar – Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar təklif olunur. Həm kiçikyaşlı ziyarətçilər, həm də onların valideynləri, eləcə də Bakının xarici qonaqları yarmarkadakı ayaqüstü kafelərdə bir fincan isti çay və ya qəhvə içə, təam və şirniyyatlardan dadır, şən əyləncələrin şahidi, iştirakçısı olurlar.

Yarmarkada restoranlar, oyun zonası, fotozona, 4D kinoteatrı, labirint və qorxu otaqları, müxtəlif tematik guşələr, Santa evi də var. Qarşısında hər kəsin şəkil çəkdirdiyi möhtəşəm “Yeni il” şam ağacının ətrafı daim adamla dolu olur. Biz də oraya yaxınlaşıb ziyarətçilərdən müsahibələr aldıq.

Sualımıza həvəslə cavab verən türkiyəli gənc turist Hasan Büyük dedi:

– Doğrudan da, heyrətamizdir. Adam burada dünyanın qayğılarını unudur. Öyrəndiyimə görə, isti ürəklər bu möhtəşəm yarmarkanı xeyriyyə məqsədilə təşkil ediblər. Burada toplanan vəsait xəstəliklərə düçar olmuş uşaqların müalicəsinə xərclənəcək. Allah yardımçıları olsun!

Qonağın sözünə qüvvət üçün əlavə edək ki, yarmarka Azərbaycanın müxtəlif guşələrindən Fonda müraciət edən ailələrə bol ümid bəxş edir. Hər il olduğu kimi, builki yarmarkada da sponsorların maliyyə dəstəyi və burada qurulan evciklərin kirayəsindən toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək.

İnternat, uşaq evləri, sığınacaqlar, müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri yarmarkanın fəxri qonaqlarıdır.

Balaca Mustafa Məmmədli bizə yaxınlaşıb özünü təqdim etdi. Bakıdakı 263 nömrəli məktəbin 4-cü sinfində oxuyan balaca soydaşımız təəssüratlarını belə ifadə etdi:

– Səhərdən burdayıq. Hədiyyələr almışıq, xırt-xırt kartof və şokolad yemişik. Santa Klausla da xatirə şəkli çəkdirdik. Oyun zonasında keçirilən yarışda həvəslə iştirak elədik.

Mustafanın anası Günay xanım da söhbətə qoşuldu:

– Uşaqları ötən il də bura gətirmişdim deyə, elə hey soruşurdular ki, “Qış nağılı”na haçan gedəcəyik. Nəhayət, bu gün gəldik. Həm doyunca oynayıb əyləndilər, həm də “atışdırma” deyilən yeməklərdən daddılar. Bir sözlə, yarmarka balacalara ayrı bir zövq verdi.

Göründüyü kimi, hər kəs nəcib missiya daşıyıcısı olan “Soyuq əllər, isti ürək” yarmarkasını ürəkdən təriflədi.

Nəhayət, qeyd edək ki, əyləncələrlə dolu xeyriyyə yarmarkası yanvarın 15-dək davam edəcək. Havalar soyuq olsa da, qəlblərimiz daim isti olsun!

Ə.ƏLİYEV
XQ

Избранный
18
xalqqazeti.az

1Источники