RU

FED-in proqnozları bazarları qarışdırdı: Qiymətlər enir

ABŞ Federal Ehtiyat Sistem(FED) uçot dərəcəsini 0,25 faiz bəndi azaltsa da, onun ölkə iqtisadiyyatına dair makroiqtisadi proqnozları bazarları təlatümə gətirib.

Musavat.com tənzimləyicinin açıqlamasına istinadən xəbər verir ki, FED ABŞ-da 2025-ci il üçün inflyasiya proqnozunu (PCE indeksi) sentyabrda gözlənilən 2,1 faizdən 2,5 faizə, 2026-cı il üçün isə 2 faizdən 2,1 faizə yüksəldib. 2027-ci il üçün inflyasiya proqnozu 2 faiz səviyyəsində qalıb.

FED həmçinin ABŞ-ın 2025-ci il üçün ÜDM artımı proqnozunu 2 faizdən 2,1 faizə qədər yaxşılaşdırıb. 2026-cı il üçün proqnoz 2 faizdə saxlanılıb, 2027-ci il üçün 2 faizdən 1,9 faizə endirilib.

Tənzimləyici 2025-2027-ci illərdə ABŞ-da işsizliyin 4,3 faiz səviyyəsində olacağını gözləyir. Sentyabr ayı proqnozları müvafiq olaraq 4.4 faiz, 4.3 faiz və 4.2 faiz idi.

FED üzvlərinin median proqnozlarına görə, 2025-ci ilin sonuna qədər uçot dərəcəsi 3,9 faizə, 2026-cı ilin sonuna 3,4 faizə və 2027-ci ilin sonuna qədər 3,1 faizə enəcək. Sentyabr ayında dərəcələr 3,4 faiz, 2,9 faiz və 2,9 faiz səviyyəsində gözlənilirdi.

FED rəhbəri Cerom Pauel bildirib ki, statistik məlumatlar inflyasiyanın yavaşlaması, eləcə də əmək bazarının güclənməsi baxımından gələcək irəliləyişləri göstərərsə, tənzimləyici əsas faiz dərəcəsinin azaldılması ilə bağlı əlavə qərarlar verməyə hazır olacaq.

Açıqlanan proqnozlar göstərir ki, FED 2025-ci ildə əvvəlcə nəzərdə tutulduğu kimi 4 dəfə deyil, 2 dəfə uçot dərəcəsini endirmək qərarı verəcək. Bu isə monetar siyasətdə yumşalmanın ikiqat zəif olacağı deməkdir. Bu, bazarlar üçün ciddi mənfi siqnal olub və ABŞ fond indekslərində son 4 ayda ən kəskin azalmaya səbəb olub.

Fond indekslərindən fərqli olaraq qlobal bazarlarda dollar sürətlə dəyər qazanmağa başladı. Faizləri proqnozlaşdırılan həddə endirilməsinə baxmayaraq, dolların kəskin dəyər qazanmasına səbəb nədir?

İqtisadçı-ekspert Elman Sadıqovun fikrincə, əsas səbəb odur ki, FED 2025-ci il üçün inflyasiya gözləntiləri üzrə proqnozlarını median 2.1 faizdən 2.5 faizə qədər artırdı: “Bu isə FED-in 2025-ci ildə faiz endirimlərinin sayı ilə bağlı gözləntiləri azaltdı. 2025-ci ildə 4 faiz endirimi 2 dəfəyə azaldılıb. 2025-ci ildə orta faiz dərəcəsinin 3.9 faiz(öncəki proqnoz 3.4 faiz idi) olacağı qeyd olundu.

Trampın tarif müharibələri ilə bağlı dedikləri inflyasiya gözləntilərini artırır. Nəticədə daha az faiz endirimi, daha güclü dollar. Avro, qızıl və digər valyuta və əmtəələrdə ciddi enişlər var. Hələlik neft istisnadır. Neftin sərt qiymət enişinin qarşısını alıb dəyər qazanmasına səbəb olan xəbər Qazaxıstanın OPEC+ istehsal kəsintiləri üzrə üzərlərinə düşən kvotalara riayət edəcəkləri ilə bağlı bəyanatlarıdır”.

Qeyd edək ki, bu gün səhərdən neft bazarında da qiymətlərin mülayim enişi müşahidə olunur. Brent neftinin qiymətində 1 dollara yaxın ucuzlaşma var. Belə mülayim enişdə ABŞ-da ötən həftə neft ehtiyatlarının 1 milyon barelə yaxın azalmasına dair məlumatın da müsbət rolu var.

"Cebheinfo.az"

Избранный
35
3
cebheinfo.az

4Источники