RU

Azər Əmiraslanov: Dayanıqlı iqtisadi artım iqtisadiyyatın şaxələndirilməsini təmin edir

Azərbaycanda iqtisadi siyasətin əsas prinsiplərindən biri onun sosial siyasətlə əlaqələndirilməsidir. Həmin prinsip Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilib. Eyni zamanda, sosial islahatlarla iqtisadi islahatların uzlaşdırılması bizim islahatlar texnologiyasının əsas istiqamətlərindən biridir. Həmçinin əsas qanunda – ölkə Konstitusiyasında da qeyd edilir ki, bizim iqtisadi inkişaf modelimiz bazar münasibətlərinə, azad sahibkarlığa, xüsusi mülkiyyətçilik münasibətlərinə əsaslanır. Bütövlükdə iqtisadi sistem, sosial iqtisadi inkişaf modeli əhalinin rifahının, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Bunu  Mİllət vəkili , Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Karyera İnkişaf Forumunun panel sessiyasında çıxışı zamanı deyib.

İqtisadi siyasətlə sosial siyasətin bir-biri ilə sıx bağlı olduğunu deyən A.Əmiraslanovun sözlərinə görə, istənilən halda ən təsirli sosial siyasət effektiv iqtisadi siyasət olduğu halda mümkündür: “Effektiv iqtisadi siyasət, makroiqtisadi siyasət, maliyyə sabitliyi olmalıdır ki, əhalinin gəlirləri real olaraq artsın, həyat səviyyəsi yüksəldilsin. İstənilən halda iqtisadi və sosial siyasətin tandemini müşahidə edirik. Son illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə nəzər salsaq, çoxsistemli kompleks tədbirlərin həyata keçirildiyini görə bilərik. O cümlədən məhz məşğulluq strategiyası, əmək bazarı və onun tənzimlənməsi iqtisadi siyasətlə sosial siyasətin kəsişmə nöqtəsində olan məsələlərdən biridir. Məhz effektiv məşğulluğun təmin edilməsi istiqamətində çox mühüm işlər görülür. Belə ki, əmək bazarı təhlil olunur, tələb, təklif öyrənilir. Digər tərəfdən işəgötürənlərlə işaxtaranların bir-biri ilə görüşdürülməsi, əmək bazarının çevik şəkildə tənzimlənməsi artıq məşğulluq, əmək bazarı məsələlərinə çoxsistemli kompleks şəkildə yanaşıldığının bariz nümunəsidir. Effektiv məşğulluq üçün də ən önəmli şərtlərdən biri özəl sektorun təşəbbüskar olmasıdır və onun dövlət tərəfindən dəstəklənməsidir”.

Komitə sədri bildirib ki, hazırda əsas hədəf iqtisadiyyatın şaxələndirilməsidir. Etibarlı, effektiv məşğulluq üçün birinci şərt davamlı, dayanıqlı iqtisadi artımdır: “Davamlı, dayanıqlı iqtisadi artım isə iqtisadiyyatın şaxələndirilməsini təmin edir. Şaxələndirmədə əsas rolu qeyri-neft sektoru oynayır. Ölkəmizdə neft-qaz sektorunun ölkədə məşğulluqda payı heç 1 faiz etmir, daha dəqiq desək 0,6 faizdir. Yəni, gələcəkdə ölkəmizdə məşğulluğun təmin edilməsi üçün istənilən halda potensial sahə məhz qeyri-neft sektoru, o cümlədən də xidmət sektorudur. Bu gün ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş iqtisadi strategiya və ölkəmizin milli inkişaf prioritetlərinin əsas hədəfi də məhz davamlı dayanıqlı iqtisadi artımdır”.

Избранный
8
2
xalq.az

3Источники