RU

Akif Nağı: “Ermənistan Azərbaycanın gücü qarşısında...”

“Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır”. 

Bu sözləri Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq:

“Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik.

Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik”.

Beləliklə, Prezident İlham Əliyev bir daha Ermənistana və başda Fransa olmaqla onun havadarlarına xəbərdarlıq edib.

Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev bu çıxışında bir çox prinsipial məsələlərə toxundu:

“Dövlət başçısının çıxışı regionla maraqlanan siyasilər, beynəlxalq qurumlar, mətbu orqanları və dünya tərəfindən diqqətlə izlənildi.

Prezident İlham Əliyevin fikirləri dünyanın müxtəlif kütləvi informasiya vasitələrində əks-səda doğurdu. Çünki cənab İlham Əliyev cəmiyyəti, beynəlxalq təşkilatları və müxtəlif dövlətləri düşündürən sualların cavablarını verdi. 

Həmin suallardan biri də Fransanın Ermənistanı silahlandırılması idi. Prezident bir daha vurğuladı ki, Ermənistan nə qədər silahlansa da, Azərbaycanın gücü qarşısında tab gətirə bilməz”. 

Partiya sədri qeyd edib ki, bəzi dövlətlər regionda sabitliyin bərqərar olmasında maraqlı deyillər:

“Prezident İlham Əliyev də çıxışında bunu xüsusi vurğulayır. Dövlət başçısı Azərbaycanın Türkiyə ilə hərbi sahədə əməkdaşlıq etdiyini nümunə göstərir. Lakin bu əməkdaşlığın heç kimə qarşı yönəlmədiyini, əksinə, Azərbaycan-Türkiyə əməkdaşlığının regionda sabitliyə və stabilliyə xidmət etdiyini diqqətə çatdırıb. 

Üstəlik, hər kəs bunu qəbul edir. Bizim Türkiyə ilə əməkdaşlığımızdan heç kim narahat olmalı deyil. Prezident də bu istiqamətdə mesajlar verir”.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, Prezident İlham Əliyev həm də Ermənistana mesaj göndərdi:

“Ölkə başçısı söylədi ki, əgər Ermənistan həqiqətən sülh müqaviləsi imzalamaq və regionda sabitlik istəyirsə, silahlanmanı dayandırmalıdır. Rəsmi İrəvan Fransanın boş vədlərinə inanmalıdır.

Əslində, Makron hakimiyyəti məntiqsiz hərəkətləri ilə Ermənistanın özünü də pis vəziyyətdə qoyur. Ona görə də Ermənistanın silahlanmasına və Fransanın onu müdafiə etməsinə ehtiyac yoxdur.

Ermənistan regionda münasibətlər qurmaq istəyirsə, Azərbaycan və Türkiyə ilə münasibətlərini düzəltməlidir. Fransanın isə regiona heç bir dəxli yoxdur. 

Əslində, Fransa nüfuzunu itirmiş bir dövlətdir və heç yerdə hörməti yoxdur. Afrikada illərdir müstəmləkə siyasəti yürüdürdü, amma oradan qovub çıxarırlar. Həmçinin, Fransa Avropa İttifaqında yaranan lider boşluğunu da doldura bilmir. 

Çünki buna uyğun keyfiyyətləri yoxdur. Hesab edirəm ki, Fransa Cənubi Qafqazla bağlı məsələdə ona ehtiyac olmadığını dərk edərək, geri çəkilməlidir”.

Избранный
9
cebheinfo.az

1Источники