Tovuz məktəbində zəhərlənən şagirdlərin sayı 71-ə çatıb.
Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.
"Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
***
14:33
Tovuz məktəbində zəhərlənən şagirdlərin sayı 60-a çatıb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 19.12.2024-cü il tarixində saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında zəhərlənmə şübhəsilə çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb", - açıqlamada qeyd olunur.
***
13:28
Tovuz məktəbindəki hadisədən sonra 55 nəfər xəstəxanaya müraciət edib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 19.12.2024-cü il tarixində saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir", - açıqlamada qeyd olunur.
***
11:57
Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər.
"Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır.
Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür", - açıqlamada qeyd olunur.
***
11:44
Tovuzda orta məktəbdə zəhərlənmə faktı qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində baş verib.
Məktəbin 20-dək şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.