RU

Sahibə Qafarova deputatlara Türkiyə səfəri barədə məlumat VERDİ

"Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti dekabrın 17-də və 18-də qardaş Türkiyə Respublikasında rəsmi səfərdə olub. 

Səfər çərçivəsində Türkiyə Prezidenti möhtərəm cənab Rəcəb Tayyib Ərdoğan ilə görüşüm oldu. Görüş səfərin rəsmi protokoluna uyğun olaraq, dəvət edildiyim Türkiyə Elmlər Akademiyasının və Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumunun 2024-cü il üçün Elm mükafatlarının təqdimat mərasimində oldu".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib. 

Spilerin sözlərinə görə, Türkiyə Böyük Millət Məclisinin sədri hörmətli Numan Kurtulmuş ilə görüşümüzdə qardaş ölkələrimiz və parlamentlərimiz arasında yüksək səviyyəli əlaqələrə dair fikir mübadiləsi aparılıb.

"Müttəfiqliyin rəsmi ifadəsi və möhürü olan Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğu vurğulandı.

Söhbət zamanı qeyd etdim ki, Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, xalqlarımızın birliyi və həmrəyliyi bizim üçün ən böyük dəyərdir. Bildirdim ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı özünü ən parlaq şəkildə təsdiq edir. Möhtərəm cənab Prezident İlham Əliyevin də dediyi kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr yoxdur. Əlaqələrin ən yüksək səviyyəyə gəlib çatmasında dövlət başçılarının müstəsna rolu qeyd edildi. 

Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə parlamentlərin verdiyi töhfələr yüksək qiymətləndirildi. Vurğulandı ki, qanunvericilik orqanları arasında əməkdaşlıq qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, ortaq dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir və ölkələrimiz arasındakı müttəfiqlik ruhuna uyğundur. Parlamentlərimizin həm ikitərəfli, həm də Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan kimi üçtərəfli formatlarda əməkdaşlıq etdiyi, o cümlədən  beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət göstərdikləri diqqətə çatdırıldı.

Qeyd olundu ki, əməkdaşlığımızın mühüm istiqamətlərindən biri də Türk Dövlətlərinin Parlament Assambleyası çərçivəsində digər türk dövlətlərinin parlamentləri ilə birgə fəaliyyətimizdir. Parlamentlərimiz Türk dünyasının daha sıx birləşməsi məsələsində üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışırlar.

Görüşdən sonra Milli Məclisin sədrinin Türkiyə Böyük Millət Məclisinin plenar iclas salonunda salamlanması mərasimi oldu.

Onu da deyim ki, hörmətli həmkarlar, görüşün yekunu olaraq, Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri mətbuat üçün bəyanatla çıxış etdilər".

Sahibə Qafarova qeyd etdi ki, səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev parkını ziyarət edib. 

"Nümayəndə heyətimiz bir sıra digər tədbirlərdə də iştirak etdi. 

Hesab edirəm ki, Türkiyə Respublikasına rəsmi səfər uğurlu keçdi və mən nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığımı bildirirəmbildirirəm", - deyə sədr çıxışını yekunlaşdırdı. 

Türkan İSGƏNDƏRLİ

Избранный
17
2
redaktor.az

4Источники