RU

D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq - Vüqar Rəhimzadə

Azərbaycan dekabrın 19-da növbəti diplomatik uğura imza atdı. Belə ki, Misirin paytaxtı Qahirə şəhərində inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammitində ölkəmiz yekdilliklə D-8 təşkilatının üzvü seçildi. Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, maliyyə və texnoloji əməkdaşlığı inkişaf etdirmək, sosial və mədəni əlaqələri gücləndirməkdir. Azərbaycanın quruma üzvlüyü uğurlu siyasətinin, beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin, söz sahibliyinin nəticəsidir. Azərbaycanın bu quruma üzvlüyünün məhz dünyanı Bakıya toplayan COP29 tədbirindən sonrakı dövrə təsadüf etməsi özündə bütün məqamları ehtiva edir. COP29 uğurlu nəticələri ilə dünyaya səs saldı.

Azərbaycanın dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi ölkəmizin həm iqtisadi, həm də siyasi müstəqilliyinin təmin edilməsində əhmiyyətli rol oynayır. Daim malik olduğu təbii resurslara görə dünyanın diqqətində olan Azərbaycanın bu ehtiyatlardan səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrini uğurla həyata keçirməsi ölkələr arasında yeni etimad körpülərinin qurulmasında, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsində öz sözünü deyir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyimizə xidmət edən mühüm addımlardan oldu. Öncə regional çərçivədə qurulan əməkdaşlıq zaman keçdikdə coğrafiyasını genişləndirdi, beynəlxalq miqyas aldı. Hazırda Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan, dünyanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizi, onun əsas tərkib hissəsi olan TANAP-ın və TAP-ın genişləndirilməsi Azərbaycanın qlobal miqyasda nüfuzunu və rolunu getdikcə artırır.

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan "Əsrin müqaviləsi" davamı olaraq "Yeni əsrin müqaviləsi"nin Azərbaycana iqtisadi və siyasi dividendlər qazandırır. Son 21 ilin iqtisadi uğurları məhz neft gəlirlərindən səmərəli istifadəyə əsaslanır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi qeyri-neft sektorunun uğurlu inkişafına yol açır. Artıq bugünün çağırışı yaşıl enerjiyə keçiddir. COP29 tədbiri Azərbaycanın bütün imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Qeyd etdiklərimizin fonunda Azərbaycanın D-8 təşkilatına üzvlüyünü şərtləndirən amillər özünü aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdardır. Ölkəmiz ilk dəfə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirakı ilə 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə təmsil olunub.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın bu təşkilata üzvlüyü digər üzv ölkələrlə ticarət əlaqələrini genişləndirməyə, xüsusilə enerji, kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində daha çox imkan əldə etməyə kömək edəcək. Azərbaycanın böyük investisiyalar məkanı kimi mövqeyini daha da möhkəmləndirəcək. Yaxın gələcəkdə Qarabağın və Şərqi Zəngəzurun iqtisadi resurslarından səmərəli istifadə ölkəmizin dayanıqlı inkişafına töhfələr verməklə yanaşı, iqtisadi əlaqələrinin coğrafiyasını genişləndirəcək. Azərbaycanın hazırkı dövrdə əsas hədəflərindən biri ixrac imkanlarını genişləndirməkdir.

D-8 təşkilatına üzvlük bu sahədə də imkanlar yaradacaq. Ölkəmiz texnoloji inkişafı, müasir çağırışları yüksək səviyyədə yerinə yetirməsi, daim yeniliyə, təkmilləşməyə meyilli olması ilə dünyanın diqqətindədir. Bu baxımdan digər üzv ölkələrlə texnologiya və innovasiya sahəsində əlaqələrin gücləndirilməsi, sosial-mədəni layihələrin icrası da Azərbaycanın təşkilat daxilində mövqelərini möhkəmləndirməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycan texnoloji yenilikləri ilə daim dünyanın diqqətindədir.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, müasir idarəçilik sisteminin tətbiqi də bunu bir daha təsdiqləyir. Azərbaycan bütün bu imkanlardan səmərəli istifadə edərək həm quruma üzv dövlətlərə, həm də onlarla əməkdaşlığın genişləndirilməsinə böyük töhfələr verə bilər. Əlverişli geosiyasi mövqedə yerləşən, geniş iqtisadi potensiala və müasir nəqliyyat infrastrukturuna malik olan Azərbaycan artıq özünü etibarlı regional mərkəzlərdən biri kimi təsdiqləyib. Avropa ilə Asiyanın qovuşağında yerləşən ölkəmiz həyata keçirdiyi enerji və nəqliyyat layihələri ilə ölkələri, xalqları bir araya gətirir, onlar arasında körpü rolunu oynayır.

Azərbaycan, eyni zamanda, müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən tolerant, multikultural dəyərlərə davamlı töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır. Məhz bu amillər ölkəmizin D-8 təşkilatına üzvlüyünü şərtləndirdi. Azərbaycanın diplomatik təcrübəsi hədəfələrinə doğru inamla irəliləməsində, beynəlxalq nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.

Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Azərbaycanın D-8-ə üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq. D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəsini birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atıldı. 1997-ci ildə İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olundu. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir.

Milli Məclisin deputatı diqqəti dövlət başçısı İlham Əliyevin Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı sosial şəbəkə hesablarında paylaşımına yönəldib. Vurğulayıb ki, paylaşımda İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısında Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürünü bildirən ölkə Prezidenti bu mühüm addımı, diplomatik uğuru, Azərbaycanın namizədliyinə dəstəyi üzv ölkələr ilə səmimi dostluğun və əməkdaşlığın göstəricisi kimi qeyd edir.

Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddətdə ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunub. Bu, bizim üçün qürur mənbəyidir. Dövlətimizin başçısı belə bir əminliyi ifadə edir ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcək.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizin D-8-ə üzvlüyü bir daha sübut edib ki, Azərbaycan hazırda sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdəndir. Təşkilatın yeni hədəfləri "2020-2030-cu illər yol xəritəsi" sənədində əks olunub. D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
8
olaylar.az

10Источники