Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi - OCCRP Azərbaycana, eləcə də, əsasən, müstəqil və Vaşinqtona müxalif olan ölkələrə qarşı qərəzli və qeyri-obyektiv mövqeyini davam etdirir. Əslində, burada təəccüblü bir şey yoxdur. Çünki əsasən, ABŞ tərəfindən qeyri-şəffaf şəkildə maliyyələşdirilən OCCRP əlbəttə ki, öhdəliyinə uyğun olaraq, Vaşinqtonun sifarişini yerinə yetirməlidir.
Bu, elə-belə havadan deyilmiş söz deyil. OCCRP-in məhz ABŞ-ın sifarişi ilə “korrupsiya ifşaçısı” rolunda çıxış etməsi faktlarla təsdiqini tapır. Bunu Ryan Grim, Ștefan Candea və Nikolas Leontopoulosun müəllifi olduğu, dropsitenews.com resursunda dərc edilmiş “Jurnalistika nəhəngi büdcəsinin yarısını ABŞ hökumətindən alır” başlıqlı məqaləsindən aydın görmək olur. Məqalədə OCCRP-in maliyyə mənbələri, əsl məqsəd və məramları ifşa olunur. Bu araşdırmada Drop Site News, Mediapart, l Fatto Quotidiano, Reporters United kimi media qurumları, habelə Almaniyanın NDR ictimai telekanalı iştirak edib.
Araşdırmalar əsasında hazırlanmış məqalədə qeyd olunur ki, OCCRP korrupsiya və cinayətkarlıqla bağlı, əsasən, ABŞ-la əks mövqedə olan Rusiya, Çin, İran, eləcə də ayrı-ayrı ölkələri haqqında materiallar hazırlayıb yayır. Digər maraqlı məqam odur ki, OCCRP-in araşdırmalarında ABŞ-ın özündə, onun müttəfiqi olan ölkələrdə, yaxud Amerika korporasiya və şirkətlərində korrupsiya və digər qanunsuzluqlar barədə materiallara yer verilmir.
Məqalədə qeyd olunur ki, OCCRP Böyük Britaniya, Niderland, Fransa, Danimarka və İsveç tərəfindən də maliyyələşdirilir, lakin bu ölkələrin maliyyələşmədəki payı ABŞ-la müqayisə oluna bilməz. OCCRP-in büdcəsinin formalaşmasının yarısından çoxu ABŞ-ın üzərinə düşür. Məlum olub ki, 2014-2023-cü illərdə Dövlət Departamenti USAİD vasitəsilə OCCRP-ə 47 milyon dollar vəsait ayırıb. Bu isə təşkilatın həmin dövr üçün ümumi büdcəsinin 52%-ni təşkil edir. Lakin ayrı-ayrı illərdə maliyyələşmənin həcmi daha da yüksək olub. Məsələn, 2016-cı ildə Amerika maliyyəsi OCCRP-də 63% təşkil edib. Bu faktlar onu göstərir ki, OCCRP fəaliyyətini tamamilə ABŞ-ın sifarişi və maraqları əsasında qurub. OCCRP-in maliyyə mənbələri ilə bağlı maraqlı fakt diqqəti çəkir. Almaniyanın NDR ictimai yayımçısı araşdırma nəticəsində OCCRP-in ABŞ hökuməti tərəfindən maliyyələşməsinin miqyasını anladıqdan sonra bu təşkilatla əməkdaşlığı dayandırmaq qərarına gəlib. Bundan başqa, əvvəllər təşkilatla əməkdaşlıq etmiş “The New York Times” qəzetinin əməkdaşı bildirib ki, OCCRP maliyyələşməsi ilə bağlı informasiyaları açıqlamaq istəməyib. Bu səbəbdən əməkdaşlıq dayandırılıb. Şübhəli maliyyələşməyə, eləcə də ABŞ hökumətindən maliyyələşmə səbəbindən OCCRP-in sifarişli fəaliyyətinə etiraz olaraq təşkilatla vidalaşan ayrı-ayrı şəxslər də var. OCCPP İdarə Heyətinin keçmiş üzvü Luell Berqmanın açıqlamaları bu baxımdan diqqət çəkir. Luell Berqman jurnalistlərə açıqlamasında bildirib ki, OCCRP-in ABŞ hökuməti ilə əlaqələrinə əmin olandan sonra 2014-cü ildə təşkilatı tərk edib.
“ABŞ hökumətinin rolu mənə məlum olandan sonra bu barədə narahatlığımı OCCRP-nin sahibi Drew Sullivana və digər əməkdaşlara çatdırdım və işimdən ayrıldım”.
Digər maraqlı nüans ondan ibarətdir ki, ayrı-ayrı dövlətləri korrupsiyaya görə ittiham altında qoyan, maliyyə məsələlərində onlardan şəffaflıq tələb edən OCCRP-in özü şübhəli maliyyə mənbələrinə malikdir. Dropsitenews.com-da dərc olunan məqalədə qeyd olunur, illik 20 milyon avro büdcəyə malik və 200 əməkdaş çalışdıran OCCRP ABŞ dövlətinin layihəsidir. 2008-ci ildə kiçik media qrupu kimi fəaliyyətə başlayanda sərəncamında Dövlət Departamentinin Beynəlxalq Narkotik və Hüquq Mühafizə Məsələləri Bürosunun (İNL) verdiyi 1 milyon dollar vəsait olub. Bu vəsait də Delaverdə yerləşən “Jurnalistikanın İnkişafı Şəbəkəsi”nə (Journalism Development Group, LLC) verilib və bundan sonra OCCRP həyata vəsiqə qazanıb. OCCRP-nin ABŞ hökuməti ilə əlaqələri o qədər sıxdır ki, hətta USAİD rəhbəri Samanta Pauer onu “tərəfdaş qurum” adlandırır. USAİD-in OCCRP üzərində hökmünü daha aydın təsəvvür etmək üçün sadəcə bir faktı qeyd etmək kifayətdir ki, o, OCCRP-dən layihələri və əməkdaşları ilə bağlı hər il hesabat tələb edir və bütün bunlarla bağlı söz sahibidir. OCCRP-nin müstəqil təşkilat olmadığını təsbit edən digər fakt odur ki, USAİD OCCRP-nin baş redaktorunu və redaktorlarını təyin etmək hüququna malikdir. Tərəfsizlik prinsipi də OCCRP üçün keçərli deyil, jurnalistikanın bu təməl prinsiplərinə də əməl olunmur. ABŞ-nin maliyyəsi ilə fəaliyyət göstərən OCCRP ABŞ-la bağlı hər hansı araşdırma aparmaq hüququna və imkanına malik deyil. OCCRP-nin sahibi Drew Sullivan özü də bunu etiraf edir.
“Biz bu ölkəni (ABŞ-ı) öz pulu ilə xəbərə çevirmirik. Hesab edirəm ki, heç ABŞ hökuməti özü də buna icazə vermir... Ancaq belə məhdudiyyətlərin olmadığı digər ölkələrdə də bunu etmirik. Çünki bu sizi maraq toqquşmasına soxur və belə durumlardan uzaq durmaq istəyirik”, - deyə Drew Sullivan bildirib.
Drew Sullivan 2023-cü ildə media nümayəndələrinə göndərdiyi e-mail cavabında onu da etiraf edib ki, qurumun ABŞ-la bağlı material hazırlamadığı barədə deyilənlər böyük dərəcədə həqiqətdir. Bunun səbəbi isə bütün büdcələrinin Vaşinqton və Corc Sorosun Açıq Cəmiyyət İnstitutu tərəfindən maliyyələşməsidir. Sullivan “ABŞ hökumətinin və ya Sorosun pullarını ABŞ ilə bağlı xəbərlərdə istifadə etməzdik”, - yazıb.
Digər tərəfdən, OCCRP həm də ABŞ-ın xarici yardımları ilə bağlı “ABŞ xarici yardım qanunu”nun (US Foreign Assistance Act) “ABŞ-ın xarici siyasəti və iqtisadi maraqlarına uyğunluq və bunların irəliyə aparılması” tələbinə də riayət etməlidir. OCCRP ilə əməkdaşlıq etmiş Latın Amerikasından olan redaktor dropsitenews.com-a müsahibəsində bildirib ki, təşkilatın diqqəti “kənar korrupsiya” üzərində cəmləşib: “Siz antikorrupsiya fəaliyyətinə görə pulu ABŞ hökumətindən alırsınızsa, bilməlisiniz ki, “sizi yemləyən əli dişləsəniz”, maliyyəniz kəsiləcək. Hətta pulu ABŞ hökumətindən birbaşa almaq istəməsəniz belə, müəyyən edəcəksiniz ki, sizin maliyyə almaq istədiyiniz bütün iri fondların demək olar, hamısı onlarla əməkdaşlıq edir”. Həm Sullivanın dediklərindən, həm də sadalanan digər faktlardan anlaşılan budur ki, OCCRP ABŞ, yaxud maliyyə aldığı digər ölkələrlə bağlı korrupsiya sahəsində araşdırma aparmır. Əsas hədəfləri ABŞ-ın sifarişi əsasında belə desək, Vaşinqtonun “xoşuna gəlməyən”, onun “vurmaq istədiyi” ölkələr və korporasiyalardır. Bunun həqiqət olduğuna OCCRP-nin fəaliyyətinin qısa analizi sayəsində əmin olmaq mümkündür. Buna misal olaraq bir faktı qeyd edək. 2015-2019-cu illərdə ABŞ Dövlət Departamenti “Rusiya media məkanının balanslaşdırılması” adlı layihə üçün OCCRP-yə 2.2 milyon dollar ayırıb. Məsələnin ən maraqlı tərəfi də odur ki, ABŞ öncə OCCRP vasitəsilə bu məsələni araşdırıb sonra da FTB-ni prosesə qatıb. Ümumiyyətlə, OCCRP-nin ABŞ xüsusi xidmət orqanları ilə işlədiyi, yaxud xüsusi xidmət orqanlarına işlədiyi artıq çoxdan şübhə doğurmur. Bu işbirliyinin mexanizmi çox sadədir. ABŞ xüsusi xidmət orqanları dövlətin maraqlarına dair hər hansı bir faktı müəyyən edir, sonra hökumət OCCRP və digər oxşar təşkilatlar vasitəsilə həmin məlumatları tirajlayır, daha sonra artıq rəsmi qaydada prosesə ABŞ-ın xüsusi xidmət və dövlət orqanları daxil olurlar. Bundan sonrakı mərhələdə isə rəsmi bəyanatlar, ittihamlar, sanksiyalar, hərbi müdaxilələr və digər addımlar ortaya çıxır. İş prinsipi bundan ibarətdir. Belə olan halda OCCRP-nin şəffaflıq və tərəfsizlik prinsipləri əsasında araşdırmalar apardığını iddia etməsi təbii ki, əsassız və gülünc görünür. OCCRP korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə adı altında, əslində, rəsmi Vaşinqtonun əlində xarici təzyiq aləti rolu oynayır. Təşkilat donorlarının, ilk növbədə isə ABŞ-ın geosiyasi maraqlarının tələb etdiyi istiqamətlər üzrə fəaliyyət göstərir.
ABŞ hökumətindən maliyyələşdiyi üçün araşdırdığı mövzular arasında bu ölkədəki korrupsiya hallarına yer verməməsi OCCRP-nin nə qədər “müstəqil” və “prinsipial” olduğunu ortaya qoyur. Daha da konkretləşdirsək, OCCRP-in fəaliyyəti məhz ABŞ hökumətinin sifarişini icra etməkdən ibarətdir. Bu səbəbdən OCCRP-ni müstəqil jurnalist platforması kimi təqdim etmək təbii olaraq, rişxənd doğurur. Beynəlxalq jurnalistlər konsorsiumunun araşdırması nəticəsində bir daha təsdiqlənir ki, bu təşkilat Qərb, əsasən də ABŞ üçün əlverişsiz olan dövlətlərə və korporasiyalara qarşı qlobal təzyiq strategiyasının bir hissəsi kimi qəbul olunmalıdır. Azərbaycana münasibətdə uzun illərdir davam edən əsassız, yalan və böhtanlarla dolu “araşdırmaların” hazırlanması və yayılmasına da bu kontekstdən yanaşılmalıdır. Azərbaycana bu cür münasibətin əsas səbəbi Bakının ABŞ-ın iradəsindən kənar, müstəqil siyasət yürütməsidir. Lakin bu məsələdə USAİD faktoru da diqqətdən qaçmamalıdır. USAİD-ın, xüsusən də onun rəhbəri Samanta Pauerin ermənipərəst mövqeyi Azərbaycana qərəzli münasibətdə mühüm rol oynayır. Unutmaq olmaz ki, OCCRP faktiki olaraq maliyyəsinin əsas hissəsini aldığı USAID-in tərkib hissəsidir, birbaşa ABŞ-ın maraqlarına xidmət edir.
APA Analytics