RU

Maqdeburqdakı hadisə nəticəsində 9 yaşlı uşaq həlak oldu

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərindəki Milad bazarında dekabrın 20-də axşam saatlarında törədilən qanlı hadisə nəticəsində həlak olanlar barədə bəzi məlumatlar açıqlanıb.

 

AzEdu.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə nəticəsində həlak olan beş nəfərdən dördünün qadın, birinin isə 9 yaşlı uşaq olduğu bildirilir.

 

Qanlı hadisə nəticəsində 200-dən çox insan xəsarət alıb ki, onların 40-nın vəziyyəti ağır qiymətləndirilir.

 

Hadisədən sonra şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Şəhər sakinləri hadisənin baş verdiyi əraziyə gələrək həlak olanların xatirəsini ehtiramla yad edirlər. İnsanlar Milad yarmarkasının girişində və yaxınlıqdakı Müqəddəs İohann kilsəsinin qarşısında şamlar yandırır və çiçəklər düzürlər.

 

Xatırladaq ki, əslən Səudiyyə Ərəbistanından olan 50 yaşlı Taleb A. adlı şəxs ötən gün yerli vaxtla saat 19:04-də (Bakı vaxtı ilə 22:04) yüksək sürətlə idarə etdiyi “BMW X3” markalı avtomobili şəhərdəki Milad yarmarkasında izdihamın üzərinə sürüb. Avtomobil yarmarkanın ərazisində 400 metr məsafədə hərəkət edərək qarşısına çıxan şəxsləri vurub. Hadisə yerində yaxalanan həmin şəxsin 2006-cı ildən Almaniyada yaşadığı və Bernburq şəhərində həkim (psixiatr) işlədiyi müəyyən edilib. Onun sosial mediada İslam dini əleyhinə çıxış və çağırışlar etdiyi məlum olub.

 

Qeyd edək ki, oxşar hadisə səkkiz il əvvəl Berlində baş vermişdi. 2016-cı il dekabrın 19-da terrorçular yük avtomobilini Berlinin Braytşayd meydanındakı Milad yarmarkasında insanların üstünə sürməsi nəticəsində 13 nəfər həlak olmuş, 70-dən çox insan xəsarət almışdı.

Избранный
19
6
azedu.az

10Источники