RU

Qalib sərkərdə, müdrik lider

Mübaliğəsiz demək olar ki, hər bir xalqın xoşbəxtliyi onun suverenliyi, azadlığı ilə bilavasitə bağlıdır. Müstəqil bir dövlət kimi tanınmaq, taleyini özünün həll etmək arzusu dünyada olan beş minədək xalqın bir çoxunun ən böyük istəyi olsa da, indiyədək haradasa 200 dövlət qurulmuşdur. Bu baxımdan Azərbaycan xalqı xoşbəxt xalqlar sırasındadır ki, onun müstəqil dövləti vardır. Həmçinin son illərdə iqtisadi baxımdan xeyli inkişaf etdiyi üçün daha da xoşbəxtdir.

Ümummilli lider 2003-cü il seçkiləri ərəfəsində xalqa etdiyi müraciətində bildirmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu öndər ürəkdən inanırdı ki, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətinə və iqtisadiyyatına bələd olan və təşəbbüskar bir şəxsiyyət olan İlham Əliyev xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək dövlətimizin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək və Azərbaycan, həqiqətən də, “dünyaya Günəş kimi doğacaq.” Unudulmaz dahi şəxsiyyətin ümidləri, onun siyasi xəttinə səs verən xalqın inamı özünü doğrultdu. İlk dəfə ölkə Prezidenti seçilərkən – “Mən hər bir azərbaycanlının Prezidenti olacağam,”– deyən cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə fədakar bir kapitan kimi, “Azərbaycan” gəmisini zamanın fırtınalarından çıxararaq, siyasət okeanının nəhəng aysberqlərindən qoruyaraq qətiyyətlə irəli apara bildi. Gördüyü işlərlə sübut etdi ki, ölkədə hər kəsin Prezidentidir. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, onun İlham Əliyev kimi qüdrətli, xarizmatik lideri, vüqarlı bayraqdarı var.

Heç şübhəsiz müstəqillik tariximizin böyük hissəsi ölkəmizin, onun müstəqilliyinin baş memarı Heydər Əliyevin kursunu inamla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Praqmatik liderlik keyfiyyətlərinə malik olan İlham Əliyev Azərbaycanın müasir dövlətə çevrilməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. Ulu öndərin siyasi kursunu böyük müdrikliklə davam etdirən Prezident İlham Əliyev onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin və dövlətin marağında olan təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirir. Ümummilli liderimiz tərəfindən əsası qoyulmuş və xalqın gələcəyinə hesablanmış təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Neft kapitalının insan kapitalına çevrilməsini prioritet məsələ hesab edən dövlət başçımız deyir: “Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı büdcədə təhsil xərcləri birinci yerdə olacaqdı”. Təhsil xərclərinin birinci yerdə olması barədə söylənilən bu fikir isə cənab Prezident tərəfindən təhsilə nə qədər böyük əhəmiyyət verildiyinin göstəricisidir.

Prezident İlham Əliyevin fəaliyyəti ölkəmizdə təhsil siyasətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. O, təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkibdir.

Mən özümü Azərbaycanın xoşbəxt insanlarından biri hesab edirəm ki, həyatımın səkkiz ilini (2 il BDU-nun rektoru, 6 il Təhsil naziri kimi) ulu öndər Heydər Əliyevin dövründə, on ilini isə (2003–2013-cü illərdə Təhsil naziri kimi) İlham Əliyevin bilavasitə rəhbərliyi altında işləmişəm. Yaxşı xatırlayıram ki, Ulu öndərin yolunu uğurla davam edən Prezidentimiz təhsili ölkənin prioritet sahələrindən biri kimi qəbul etmişdi və hər kvartalda keçirdiyi iqtisadi müşavirələrdə ildə ən azı bir dəfə mənə Təhsil naziri kimi mütləq söz verər, aparılan işlərlə bağlı hesabatımı dinləyərdi. Böyük iftixar hisi ilə qeyd etmək istəyirəm ki, məhz onun rəhbərliyi altında həmin dövrdə məktəb tikintisi geniş vüsət almış, 2003–2013-cü illərdə ölkədə üç minə yaxın məktəb binası tikilmiş, yaxud əsaslı təmir olunmuş, və ya yardımçı binalar inşa edilmişdir.

Bir məsələni də vurğulamaq istəyirəm ki, həmin məktəblərin açılış mərasimində özü şəxsən iştirak etmək istəsə də, bəzən həmin tədris ocaqlarının açılışı eyni günə və müxtəlif regionlara təsadüf etdiyinə görə, bu mərasimlərin hamısına qatıla bilmirdi, lakin ölkənin ali struktur rəhbərlərini öz təbrik məktubu ilə bu tədbirlərə göndərir, insanların sevincinə qoşulurdu.

Məhz həmin illərdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” kimi neçə-neçə yeni fərman və sərəncamlar imzalandı, "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqram(2003–2007-ci illər)", “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası”, “2009–2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahat üzrə Dövlət Proqramı”, “Təhsil sisteminin informasiyalaşdırılması proqramı (2008–2012-ci illər)”, “Elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı (2009–2015-ci illər) “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının (2007–2012-ci illər)” və təhsillə bağlı digər, ümumilikdə, 16 Dövlət proqramı qəbul edildi.

Fikrimizcə, İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri vəzifələrindəki uğurlu fəaliyyətinin əsasında onun kamil elmi-iqtisadi dünyagörüşü, Avropa dillərini mükəmməl bilməsi, neft strategiyasının siyasi mahiyyətini doğru-düzgün müəyyənləşdirməsi dayanırdı. Artıq həyatının bu məsuliyyətli mərhələsində cənab İlham Əliyev idarəetmə sahəsindəki özünəməxsus yanaşmaları ilə diqqəti cəlb etmişdi.

Ötən illər ərzində Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar ölkəmizin inkişafını təmin etmiş və dünya idarəçilik sistemində “İnkişafın Azərbaycan modeli” kimi qəbul olunmuşdur.

Bu siyasətin ən yüksək zirvəsi isə heç şübhəsiz ki, hər bir azərbaycanlı üçün ən mühüm məsələ olan ərazi bütövlüyü və Qarabağın azad olunması ilə zirvəyə çatmalı idi. Bütün diplomatik təmaslarında düşmənə sülh prosesini təklif edən ölkə rəhbəri, eyni zamanda, Azərbaycanın öz gücü ilə torpaqları azad etməyə qadir olduğunu da bəyan etmişdir. Nəhayət, 2020-ci ilin 27 sentyabrında işğalçıların növbəti hərbi təxribatına cavab verən Azərbaycan Ordusu Ali Baş Komandanın tarixi əmrinin icrasına başladı. 44 gün ərzində bütün dünyaya ordumuzun qüdrəti nümayiş etdirildi və “dəmir yumruq”la işğalçılar məhv edildi. Başqa çıxış yolu qalmayan Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur oldu.

Böyük Qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" – deyən Ulu öndərin arzusunu reallaşdırdı: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!"

Amma bu şansı dəyərləndirməyən anti-Azərbaycan qüvvələr yenidən separatçı-şovinist xəyallarını gerçəkləşdirməyə cəhd etdilər. Prezident İlham Əliyev beynəlxalq müstəvidə kamil diplomat, hərb meydanında müzəffər Ali Baş Komandan kimi bütün bu planları məhv etdi və 200 illik tariximizdə ilk dəfə olaraq dövlətimizin ərazi bütövlüyü tam şəkildə təmin edildi. Bir gün davam edən lokal antiterror tədbirləri Xankəndi, Xocalı həsrətimizə son qoydu.

Son dörd ildə ölkəmizdə baş verən hərbi-siyasi hadisələr regionda gələcək konturların cızılmasına gətirib çıxardı. Uzun illərdir ərazi bötüvlüyümüzlə bağlı mövcud vəziyyət dəyişdi və Azərbaycan öz suverenliyini tam bərpa etdi. Artıq Şuşamızda, Zəngilanda bir sıra mühüm tədbirlər keçirilir. Həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycanın dünyada mövqeləri güclənmiş, müttəfiqlərimizin və dostlarımızın sayı artmışdır. Ölkəmiz BMT, Avropa Birliyi, Avropa Şurası, NATO, Türk Dövlətləri təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, UNESCO, İSESCO və digər beynəlxalq qurumlarla intensiv əməkdaşlıq edir. Respublikamız BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına 4 il sədrlik etmişdir.

Bu gün həm regional, həm də qlobal səviyyədə bütün iqtisadi və siyasi məsələlərdə Azərbaycanla hesablaşılır və ölkəmizin maraqları nəzərə alınır. Artıq Azərbaycan uzunmüddətli inkişaf perspektivləri olan dövlətə çevrilmişdir. Xalqın və Azərbaycan dövlətinin mənafeyini hər şeydən üstün tutaraq, bütün səyləri, qarşıya qoyulan məqsədlərə çatmağa yönəldən İlham Əliyev ölkənin sosial-iqtisadi həyatında dönüşə nail oldu, dövlətin əsaslarını və bünövrəsini daha da gücləndirdi.

Ermənistan tərəfindən onilliklər boyu soyqırımı, deportasiya və təhdidlərə məruz qalmış, bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan yüz minlərlə azərbaycanlının doğma vətəninə qayıtmaq hüququnun təmin edilməsi üçün yeni bir mübarizəyə başlayaraq Qərbi Azərbaycan İcmasının yaradılmasına xeyir-dua vermiş cənab Prezident 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasında etdiyi çıxışında vurğunu məhz bu amillərin üzərinə salaraq bildirmişdir: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir.” Bu gün onun ideyalarını gerçəkləşdirmək uğrunda ardıcıl və yorulmaz mübarizə aparan Qərbi Azərbaycan İcması “Qayıdış Konsepsiyasını” həyata keçirmək əzmindədir.

Bu gün qalib Azərbaycan üçün yeni bir mərhələ başlamışdır. Dövlətimizin başçısının da bəyan etdiyi kimi, ən mühüm vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, 30 illik işğal dövründə tamamilə dağıdılan, talan olunan yurdlarımızın, şəhər və rayonlarımızın ən yüksək səviyyədə yenidən qurulması, orada həyatın bərpa olunması, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasıdır. Azərbaycan dövləti bu istiqamətdə çox nəhəng tədbirlər həyata keçirməkdədir. Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva mütəmadi olaraq həmin ərazilərə səfərlər edir, həyata keçirilən işlərə birbaşa özləri nəzarət edirlər. İşğaldan azad edilmiş ərazilərdə ən müasir şəhərsalma nümunələri, texnologiyaları tətbiq etməklə, "ağıllı şəhər" və "ağıllı kənd"lər, bütün sosial infrastruktur, o cümlədən xəstəxanalar, məktəblər, idman obyektləri, iaşə obyektləri, yollar, tunel və körpülər inşa olunur, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılmış, elektrik və su təsərrüfatı yenidən qurulmaqdadır. Burada görülən işlər, bir çoxu üçün xəyal kimi görünən nəhəng layihələrin reallaşdırılması azad edilmiş torpaqlara gələn hər kəsi valeh edir, təəccübləndirir.

Hazırda Qarabağ və Şərqi Zəngəzur nəhəng quruculuq, dirçəliş meydanına çevrilmişdir. Əhalinin təhlükəsizliyi təmin olunduqca, həyat şəraiti yaradıldıqca azad edilmiş yurdlara əbədi qayıdış sürətlənir. İndiyə qədər 10 min nəfərə yaxın keçmiş köçkün öz doğma yurd-yuvasına köçürülüb. Böyük Qayıdış proqramının birinci mərhələsində– 2026-cı ildə dədə-baba yurdlarına dönənlərin sayı 140 min nəfərə çatacaq. Hazırda erməni vandallarının xarabazara çevirdiyi torpaqların yarasına məlhəm qoyulur. Mən gedib gözlərimlə görmüşəm ki, orada bütün sosial infrastruktur əsaslı şəkildə yenidən qurulur: xəstəxanalar, məktəblər, idman obyektləri, yollar, tunel və körpülər inşa edilir. İqtisadiyyatın hərtərəfli inkişafı, yoxsulluğun minimum həddə endirilməsi, xarici iqtisadi və beynəlxalq münasibətlər, insanların sosial rifah halının yaxşılaşdırılması, iş yerlərinin açılması, gəlirlərin artımı, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi kimi vacib həyati problemlər Prezident İlham Əliyevin prioritet hesab etdiyi, hər zaman düşündüyü sahələrdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Son illər dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir.

Ulu öndər Heydər Əliyevin strateji kursunu davam etdirərək və yaradılmış sosial-iqtisadi bazaya əsaslanaraq Prezident İlham Əliyev zamanın yeni çağırışlarına cavab verir, bu isə postsənaye cəmiyyəti problemlərini sürətlə həll etmək və innovasion cəmiyyət quruculuğuna keçilməsi deməkdir. Eyni zamanda, praqmatik siyasətçi kimi, qarşıda duran strateji vəzifələri düzgün qiymətləndirir, xalqın mənafeyi baxımından strateji məqsədləri önə çəkir. Onun əsas məqsədi Azərbaycanı yaxın perspektivdə inkişaf etmiş dövlətlər sırasında görməkdir.

Dünyada ən mötəbər beynəlxalq forumlardan biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının -COP29-un bu yaxınlarda ölkəmizdə keçirilməsi də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasətinin mühüm nəticələrindən biri hesab olunmalıdır. Fikrimcə, onun böyük iradəsi, əzmkarlığı, cəsarəti, siyasi müdrikliyi və gərgin əməyi nəticəsində COP29-un Azərbaycanda ən yüksək səviyyədə təşkili və keçirilməsi bu tədbirin BMT tarixində ən möhtəşəm beynəlxalq forumlardan biri kimi yadda qalmasına səbəb oldu və bəşəriyyətin ekoloji təhlükəsizliyinin təmin edilməsində yeni mərhələnin başlanğıcına çevrildi. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un bəşəriyyət üçün uğurlu nəticələri dövlətimizin növbəti uğurudur.

Bu günlərdə Prezident İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibə dövlətimizin başçısının region, bütünlükdə isə dünya ilə bağlı narahatlığının izharı idi.

Prezident İlham Əliyev dost olan ölkələri məmnunluqla qeyd edir, yüksək dəyərləndirir. Azərbaycan–Rusiya kontekstində məsələn: “Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur”, yaxud Azərbaycan–Türkiyə qardaşlığının nümunəsində: “Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni belə yardıma görə türk dostlarımıza çox minnətdarıq” – deyir.

Prezident müsahibəsində özünü hegemon statusunda hiss edən və ya etdirməyə çalışan Qərbi, Fransanı nəzərdə tutaraq deyir: “Onlar kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Bu, onların şüurunda dərin kök salıb”.

Onlar həm də bizim 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi faktı ilə barışa bilmirlər. Ona görə ard-arda müxtəlif şəkildə təzyiq göstərməyə çalışırlar. Ölkəmiz əleyhinə qara piar aparır, məğlub və işğalçı ölkənin silahlandırılmasına dəstək verir, Ermənistanda hərbi baza yaradır, ermənilərin təəssübünü çəkirlər. Ölkə rəhbəri yenə də xəbərdarlığını etdi: “Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək”.

Prezident İlham Əliyev davamlı sülhə nail olunmasında məsələnin birdəfəlik həlli üçün nə etmək lazım gəldiyini aydın şəkildə açıqlayır. Bunun üçün Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir. Əks təqdirdə, Ermənistan konstitusiyası indiki formada qalarsa, sülh sazişi yarımçıq və qısamüddətli olacaq.

Müsahibədə ən çox diqqət çəkən məqamlardan biri də cənab Prezidentin deportasiya edilmiş soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı ilə bağlı aydın mövqeyidir. Bu məsələyə həmişə birmənalı münasibət bildirən cənab İlham Əliyev bu dəfəki imkandan da istifadə edərək Azərbaycan dövlətinin və cəmiyyətin dəyişməz münasibətini açıq bəyan etmişdir: “...Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib.”

Azərbaycan Prezidenti qeyd etmişdir ki, onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. “...Biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq. Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur. Bizim işğal illərində aldığımız yaralar isə 30 il keçməsinə baxmayaraq hələ də sağalmayıb. Yəni, bunun üçün vaxt lazımdır. Bu məqsədə çatmaq üçün isə ictimai fon, ünsiyyət lazımdır, insani dildə danışmaq gərəkdir. Beləliklə, indi vəziyyət bundan ibarətdir.”

Cənab Prezident də həm COP29 günlərində, həm də Rusiyanın “RİA Novosti” agentliyi üçün verdiyi müsahibədə Azərbaycanı tanıtdı, gücünü, mənəvi qüdrətini 196 ölkədən 76 000 insanın önündə sərgilədi. Zənnimcə, bu müsahibə də cəsarətin, dərin analitik təfəkkürün, böyük siyasi iradənin və praqmatik yanaşmanın bütün dünyaya daha bir nümayişi oldu.

“Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”, – sözləri ilə Ulu öndərin başladığı quruculuq, inkişaf, beynəlxalq birliyə açılma, ümummilli hədəflər naminə cəmiyyətin bütün sosial və siyasi qatlarını əhatə edən həmrəylik kursu onun siyasi varisi İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Misir MƏRDANOV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun direktoru

Избранный
15
xalqqazeti.az

1Источники