RU

Bu gün Prezident İlham Əliyevin doğum günüdür



Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, Ona və Ailəsinə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasının daha da inkişafı naminə bütün işlərində və təşəbbüslərində yeni-yeni uğurlar arzulayırıq.

Dövlət başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən böyük qürur hissi ilə qeyd etdi ki, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!
«İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi.» Cənab İlham Əliyev bu ilin 7 fevral tarixində müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində onu da böyük inamla, qürur hissi ilə bildirdi ki, 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik.
Qalib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan yeni-yeni hədəflərə nail olmaqla möhtəşəm uğurları ilə dünyanın diqqətindədir. Son 21 ilin zirvəsindən geri baxdıqda bu fikri böyük əminliklə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində dünyaya Günəş kimi doğan Azərbaycan bu illər ərzində daha da gücləndi, möhkəmləndi, Qələbəyə doğru inamla addımlayaraq 30 il işğal altında qalan torpaqlarına qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük qürur hissi ilə qeyd etdiyi « Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!» çağırışı 1993-cü ildən başlanan Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurların və bundan sonrakı dövrün hədəflərinin ümumiləşdirilmiş ifadəsidir. Təbii ki, bir cümlə ifadə olunan bu ümumiləşdirmə özündə böyük qətiyyəti, siyasi iradəni, birliyimizi, həmrəylimizi, ədalətə və beynəlxalq hüqüqa söykənən siyasəti, müstəqilliyimizin və suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində atılan addımları, informasiya cəbhəsində üstünlüyü qorumaq üçün göstərilən səyləri, yalan, qərəzli təbliğata qarşı real faktları, tarixi həqiqətləri özündə ehtiva edən çağırışları əks etdirir. Məhz bu uğurları və onların davamlılığını nəzərə alan Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!
Ümummilli Lider yeni qurduğu Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxararaq daha yüksək zirvələri fəth etməsi üçün bu siyasətin davamını istədi və 2003-cü ildə xalqa tarixi müraciət etdi. Həmin müraciətdə öz mənalı həyatının düz 60 ilini xalqının bu günü və sabahı ilə yaşadığını bildirən Ulu Öndər Heydər Əliyev bunun son on ilinin müstəqil Azərbaycan dövlətinə xidmətdə keçdiyini qeyd etdi: «Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var… Öz namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm. Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»
2003-cü ildən Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan möhkəm təməl üzərində cənab İlham Əliyevin rəhbərliyi ilə biri-birindən əhəmiyyətli uğurlara imza atır, dünya birliyinin layiqli üzvü kimi yeri və rolunu möhkəmləndirir.
Dövlət başçısı İlham Əliyev Azərbaycanı ən yüksək zirvələri fəth etdirir. İmzaların arasında imzasını görməkdən qürur duyduğumuz Azərbaycanın qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanması ərazi bütövlüyümüzün bərpa olunmasının, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasının təqdimatıdır. Ötən ilin sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə torpaqlarımız separatçılardan təmizləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağını ucaltdı. Qısa müddətdə görülən işlərin nəticəsində bu ilin 28 May-Müstəqillik Günündə xocalılılar doğma yurd-yuvlarına qayıtdılar. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. «Əlbəttə ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur» söyləyən dövlətimizin başçısı onu da bildirdi ki, Böyük Qayıdış Proqramının Xocalı səhifəsi yazıldı. Yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar: «Bu gün bax, burada – Xocalıda, - cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, - görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl - fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır.»
21 ildə qazanılan uğurların zirvəsində bu reallıq dayanır- Azərbaycan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində qəhrəmanlıq tariximizin Zəfər səhifələri yazıldı. Bu səhifələrin yazılmasında Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan, ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyindən bəhs edərkən bu məqamı da xüsusi qeyd etməliyik ki, müstəqil siyasətimizin, ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyimizin nəticəsi olaraq dünyanın yeni xarici siyasəti nəinki Azərbaycanda müzakirə olundu, 44 günlük müharibənin gedişində tamamilə dəyişdi. Dünya beynəlxalq hüquq normalarının və prinsiplərinin mövcudluğunu qəbul etməyə məcbur oldu. Azərbaycanın xarici siyasəti açıq və aydın, çoxşaxəli və balanslaşdırılmış siyasətdir. Dövlət başçısı İlham Əliyev bu ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində ötən 20 ildə Azərbaycanın ayrı-ayrı sahələrdə, o cümlədən xarici siyasətdə qazandığı uğurlardan geniş bəhs edərək bildirdi ki, bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.
Azərbaycan ötən ay dünyanı Bakıya toplayan COP29 tədbirinə ev sahibliyi ilə qarşıya qoyduğu bu hədəflərə nail oldu. Tədbirin nəticələri bir daha ölkəmizin sözünün imzası qədər əhəmiyyətini, beynəlxalq nüfuzunu, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurlarını təqdim etdi.
Bu reallıqlar onu təsdiqləyir ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq təkcə Qarabağın bərpası və inkişafını nəzərdə tutmur. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.
Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir, hər bir əlamətdar tarixi, sevincli günü xalqı ilə bölüşməkdən qürur hissi keçirir. Bunun üçün dövlət başçısı İlham Əliyevin doğum günlərində qatıldığı tədbirlərə, görüşlərinə diqqət yetirmək kifayətdir. 2021-ci ildə doğum günündə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın Cıdır düzündən bu fikirləri səsləndirdi: «Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik.» Dövlət başçısı, eyni zamanda, bu əminliyi də ifadə etdi: «Sizi əmin etmək istəyirəm ki, bundan sonra da eyni əzmkarlıqla, eyni qətiyyətlə ölkə maraqlarının keşiyində duracağam, sizin dəstəyinizlə biz yeni böyük uğurlara imza atacağıq.»
Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizn tam bərpasının Azərbaycanın qarşısında açdığı imkanlar bu gün qazanılan uğurlarda özünün aydın ifadəsini tapır. Artıq yeni dövr başlayıb və uğurla davam edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib, bütövləşən Azərbaycan bundan sonra da möhtəşəm uğurları ilə dünyanın diqqətində olacaq, hər birimiz belə güclü, qalib ölkə ilə fəxr edəcəyik. Xalqımız bu ilin 7 fevral tarixində «Qalib xalqın qalib Lideri»nə səs verməklə Azərbaycanın növbəti uğurlarının əsasını qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birliyimiz, həmrəyliyimiz tarixi ədalətə söykənən daha yeni-yeni zəfərlərimizə şahidlik edəcək.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Избранный
12
aia.az

1Источники