RU

Azad edilmiş rayonlar da Yeni ilə HAZIRLAŞIR

Qarşıdan yeni il gəlir. Bütün Azərbaycanda olduğu kimi azad edilmiş ərazilərimizdə də yeni il hazırlıqları gedir. Bəs vətəndaşlarımız azad edilmiş ərazilərdə yeni ilə necə hazırlaşır?

Modern.az azad edilmiş ərazilərin sakinləri ilə həmsöhbət olub.

Xocalıda yaşayan yazıçı, publisist Səriyyə Cəfərova bildirib ki, Xocalıya yenidən qayıtmağım ən böyük mükafat oldu:

“Mən illərdir həsrətində olduğum, yuxularımda gördüyüm Xocalıya qayıtdım. Xocalı hələlik sükut şəhəridir. Xocalı Kəlbəcər, Laçın, Xankəndi deyil. Xocalının qaysaq bağlamayan yaraları var. Bununla bağlı içimizdə kədər, nisgil olsa da, Xocalıdayıq, burada yaşayırıq. Burada keçən hər gün mənim üçün müqəddəsdir. Hələ Xocalıya az ailə köçdüyü üçün geniş hazırlıq da yoxdur. Mənə elə gəlir ki, Xocalıya böyük qayıdış olanda bayram ab-havası hiss olunacaq. Amma ən azından Xocalıda olmağımız mənim üçün ən böyük mükafatdır. Bu günləri bizə yaşatdıqları üçün şəhidlərimizin ruhu qarşısında baş əyir, ölkəmizə, dövlət başçımıza təşəkkür edirəm”.

Şuşalı jurnalist Kərim Kərimlinin sözlərinə görə, Şuşada yeni ilə hazırlıq gedir:

“Şuşa işğaldan azad olunandan bəri hər il Güllü bağda yeni il tədbirləri keçirilir. Bu ərəfədə qeyd etdiyim ərazidə yarmarkalar, satış sərgiləri, konsertlər təşkil olunur. Bu tədbirlər təqribən 20-25 gün davam edir. Mən Şuşa şəhərində yeni ili sonuncu dəfə 33 il bundan əvvəl, 1992-ci ildə qeyd etmişəm. Həmin bayram o qədər təmtəraqlı olmamışdı. Çünki 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsi işğal olunmuşdu. Kərkicahan Xankəndinə bitişik çox böyük qəsəbədir. Yerləşdiyi coğrafi əraziyə görə alınmaz qala hesab olunurdu. Azərbaycanın Şuşa ətrafında sonuncu forpostu idi. Biz Kərkicahanı itirdikdən sonra da yeni il əhval ruhiyyəsi yox idi. Həmin hadisədən illər sonra ilk dəfə sakin kimi Şuşada yeni ili qeyd edəcəyik. Şuşa 2020-ci ildə işğaldan azad olunub, 3 il yeni il şənlikləri burada keçirilsə də yerli vətəndaşlar yox idi. Bu yeni il isə Şuşalıların iştirakı ilə baş tutacaq . Bu da bayrama xüsusi bir gözəllik verir. Biz inanırıq ki, bu sevinc əbədidir. Mənə xeyli dəvət gəlsə də nəzakətlə imtina etmişəm ki, 33 ildən sonra Şuşada ilk dəfə yeni ili qeyd edim. Heç bir vəchlə Şuşadan çıxmaq fikrimiz yoxdur”.

Laçın ziyalılarından olan Qəzənfər Hüseynov bildirib ki, azad Laçında yaşamaq böyük bir xoşbəxtlikdir:

“Sözsüz ki, Laçın sakinləri də mənimlə eyni düşüncədədirlər. Təqvim ilinin dəyişməsi bizim arzularımız olub, hər bayram təbriklərində arzularımızı dilə gətirirdik: inşallah gələn ilki yeni ili öz yurdumuzda qarşılayaq! İndi arzularımız gerçək olub. Məhz buna görə dilimiz dualıdır: qəhrəman şəhidlərimizi və qazilərimizi Allahın rəhməti və mərhəməti ilə yad edir və qiymətləndiririk! Qətiyyətli Ali Baş Komandan İlham Əliyevə rəğbət və ehtiramımız sonsuzdur. Son vaxtlarda doğma şəhərimizdə Azərbaycan Respublikası prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyinin və "Bakı Abadlıq Xidməti" MMC-nin təşəbbüsü ilə Laçın Abadlıq şirkətinin kollektivi tərəfindən Elnur Malikoğlunun rəhbərliyi altında görülən təmizlik və abadlıq işləri böyük rəğbət hissi ilə diqqət çəkir. Kollektiv üzvləri sözün əsl mənasında soyuq, şaxtalı havada əsl fədakarlıqla çalışırlar. Bütün məhəllələrdə bu işlərin davam etməsi gözlənilir. Mən, Laçın Abadlıq şirkətinin işçiləri çalışdıqları yerdə onlarla görüşüb, fədakarlıqla gördükləri işə görə bir sakin kimi böyük minnətdarlıq hissi ilə təşəkkür etmişəm. Bu görülən işlər də bizdə bayram əhval-ruhiyyəsini yüksəldir. Yeni ilə böyük arzularımızdan biri də odur ki, dövlətin ayırdığı vəsaitlə Laçında sakinlər üçün evlər tikiləcək və daha çox haqq edən laçınlılar öz doğma yurdlarında əbədi yaşamaq üçün bərpa edilmiş evlərinə sahib olacaqlar".

Избранный
11
modern.az

1Источники