RU

Cəbrayıl sakini: Yurda qayıtmaq çox gözəl hissdir

Otuz iki il əvvəl doğma yurdum Cəbrayıl şəhərini məcburən tərk etmişdim. Yurda qayıtmaq çox gözəl hissdir.

Bu sözləri Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Amil Əliyev deyib.

O, hisslərini ifadə etməkdə çətinlik çəkib: “Bu hissləri sözlərlə ifadə edə bilmirəm. Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Bu günü bizə yaşatdığı üçün dövlət başçımıza minnətdarlığımı bildirirəm”.

“Fəxr edirəm ki, rəşadətli ordumuz var. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bütün şəhid analarının əllərindən öpürəm”, - A.Əliyev əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün yola salınıb. Cəbrayıla 49 ailə (253 nəfər) köçürülüb. Beləliklə, şəhərə köçürülən ailələrin ümumi sayı 287-yə ( 1 169 nəfər) çatıb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Избранный
87
13
azerforum.com

10Источники