RU

QDF-in donor və tərəfdaşlarının iştirakı ilə “Qarabağın bərpasında həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib  


Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “Qarabağın bərpasında həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə millər vəkilləri, media qurumlarının rəhbərləri, Fondun donor və tərəfdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarına Fondun fəaliyyəti, həyata keçirdiyi layihələrlə bağlı geniş məlumat verib.

Fondun işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi layihələrin icrasında donorların dəstəyinin əhəmiyyətini xüsusi vurğulayan Rəhman Hacıyev, Fondla yaxından əməkdaşlıq edən bütün donorlara, eləcə də Fondun fəaliyyətini işıqlandıran media qurumlarının rəhbərlərinə təşəkkürünü bildirib.

Milli Məclisin deputatı Nigar Məmmədova çıxışında Qarabağla bağlı layihələrdə gənclərin daha aktiv iştirak etmələrinin vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı Vüqar İskəndərov Fondun fəaliyyətinin daha geniş işıqlandırılması və tək yerli deyil, həm də beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın çox böyük rol oynadığını qeyd edib. O eyni zamanda gənclər tərəfindən irəli sürülən layihələr üçün Fond tərəfindən maliyyənin ayrılmasının onların Qarabağla bağlı fəaliyyətinə ciddi dəstək olacağını bildirib.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Fondun fəaliyyətində şəffaflığın təmin edilməsinin digər qurumlar üçün nümunə olduğunu deyib.

Milli Məclisin deputatı Naqif Həmzəyev Fondun maliyyə dəstəyi ilə Qarabağ Universitetində təhsil alan tələbələrin bir hissəsi üçün təqaüd proqramının reallaşdırılmasını təklif edib. Buna cavab olaraq Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev artıq bu istiqamətdə müəyyən addımların atıldığını diqqətə çatdırıb.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Qarabağın bərpasına dəstək göstərmək, bu istiqamətdə həyata keçirilən layihələrdə fəal iştirak etmək Vətənini sevən hər bir vətəndaşın əsas vəzifələrindən biri olmalıdır.

“Azərlotereya” ASC-nin Marketinq üzrə baş rəhbəri Dilarə Bəylərova tədbir iştirakçılarına Fondla birgə həyata keçirdikləri “Hər şey Qarabağ üçün” layihəsi ilə bağlı məlumat verib və sözügedən layihənin ölkəmizdə ianəçilik mədəniyyətinin təşviq olunmasına böyük töhfə verdiyini diqqətə çatdırıb. 

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid diaspor nümayəndələrinin Fonda dəstəyinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Fondla diaspora arasında əlaqələrin inkişafı Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyətinə çatdırılması baxımından da böyük əhəmiyyət kəsb edə bilər.

Çıxışlardan sonra “İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasında media nümayəndələri ilə yanaşı influenserlərin rolu və gələcək əməkdaşlıq perspektivləri” mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb, birgə atılacaq addımlar müzakirə edilib.

Nigar Həsənli,
Musavat.com

Избранный
1
2
musavat.com

4Источники