RU

Yaqo Aspas “Selta” ilə yeni müqaviləyə imza atdı

İspaniya La Liqasında mübarizə aparan “Selta” klub tarixinin ən yaxşı bombardiri olan Yaqo Aspas ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə La Liqa klubunun rəsmi saytına istinadən xəbər verir.

37 yaşlı hücumçu Viqo təmsilçisi ilə 2026-cı ilin 30 iyununa qədər anlaşıb. Aspasın “Selta” ilə əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər idi.

Xatırladaq ki, Yaqo Aspas “Selta”nın yetirməsidir. 2006-2009-cu illərdə mütəmadi olaraq “Selta”nın “B” komandasında çıxış etmiş Aspas, 2008-ci ildə əsas komandaya keçdikdən sonra burada yerini möhkəmlədərək, 2013-cü ilə qədər əsas heyətin aparıcı futbolçusu olub. Aspas 2013-2015-ci illərdə “Liverpul”da çıxış edib və 2014-2015-ci illərdə “Sevilya”da icarədə olub. Hücumçu 2015-ci ilin iyulunda doğma klubuna qayıdıb və bu günə qədər “Selta”nın şərəfini qoruyur.

Cari mövsümdə Aspas “Selta”nın heyətində 16 oyun keçirib, 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Aspasın “Selta” karyerası bütövlükdə 509 oyun, 210 qol və 82 məhsuldar ötürmədən ibarətdir.

Aspas 2016-cı ilin noyabr ayında debüt etdiyi İspaniya yığmasında 20 oyun keçirib, 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Aspas karyerası ərzində cəmi 1 kubok qazanıb. Bu Aspasın “Sevilya”da icarə əsasında çıxış etdiyi vaxta təsadüf edir. Aspas “Sevilya” ilə 2014/2015 mövsümündə Avropa Liqasını qazanıb. Aspas 3-ü ardıcıl olmaqla 4 dəfə (2016/2017, 2017/2018, 2018/2019 və 2021/2022) Telmo Zarra mükafatına layiq görülüb. Bu göstəricidə Aspas hücumçu David Vilya ilə rekordu bölüşür.

Telmo Zarra mükafatı La Liqada (həmçinin Sequndada) mövsüm ərzində ən çox qol vurmuş ispan futbolçuya təqdim edilir.

“Transfermarkt” internet-portalı 37 yaşlı Yaqo Aspası 3 milyon avro məbləğində qiymətləndirir.

Избранный
22
arena.az

1Источники