RU

Azərbaycandan üzr istənilməlidir



Dekabrın 25 də Bakıdan Qroznıya ucan təyyarəmizin Aktauda məcburi qəza enişi etməsinin ağır nəticələri təbii ki, hamımızı sarsıdıb. Lakin eyni zamanda, qəzanın səbəbləri də elə ilk gündən bir çox sualar, şübhələr doğurdu. Ən çox verilən, tirajlanan suallardan biri isə bu idi ki, Qroznıya uçan təyyarənin Aktauda nə işi vardı? Ancaq indi ilkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarəsinin Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S1" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qaldığı və bunun nəticəsində qəsdən Aktauya yönəldildiyi məlum olur. Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində həmçinin Azərbaycan təyyarəsinin rabitə sistemi də tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib. Görünən budur ki, təyyarəmizin Xəzər üzərində qəzaya uğrayacağını düşünərək, bu yolla izləri itirməyə çalışıblar. "Caliber.az" nəşri də bu barədə yazıb. Eləcə də "Euronews" kanalı və "Reuters" agentliyi də təyyarənin Rusiya tərəfindən vurulduğunu açıqlayıb.
Əlbəttə, hamımız Dövlət Komissiyasının yekun rəyini, rəsmi açıqlamasını gözləyirik. Amma eyni zamanda, Rusiya tərəfinin adekvat davranmasını da zəruri hesab edirik. Çünki bütün ilkin faktlar onu göstərir ki, bu təyyarə faciəsinin səbəbkarı birbaşa Rusiya Federasiyasının Çeçenistan Respublikasında havadan müdafiə sistemlərinə cavabdeh olan şəxs və ya şəxslərdir. Çeçenstan təhlükəsizlik şurasının rəhbərliyi öz cinayətini gizlətmək üçün, səhvən vurduqları Azərbaycan təyyarəsini məqsədli şəkildə dənizə istiqamətləndirib. Vurulandan sonra Qroznı, Mahaçqala, Nalçik, Minvod hava limanlarina enişə icazə verməyib təyyarəni Aktauya yönəldənlər də məhz Rusiya dispetçerləri olub.
Hazırda “Azərbaycan Hava Yolları”nın Bakıdan Qroznıya və Bakıdan Mahaçqalaya uçuşları dayandırılıb. Bu, düzgün qərardır. Təhlükəsizlik təminatı yoxdursa, Rusiya şəhərlərinə uçuşların davam etdirilməsi öz əhəmiyyətini itirir. Eyni zamanda, təyyarəmizin vurulmasında günahkar olan şəxslərin hamısı cəzalandırılmalıdır. Rusiya tərəfi təyyarəni səhvən və ya hər hansı digər səbəbdən vurduğunu bəyan edərək üzr istəməli, günahkarların məsuliyyətə cəlb olunacağına zəmanət verməli və təzminat ödəməlidir. Bu məsələlər beynəlxalq konvensiyalara uyğun olaraq tənzimlənməlidir.
Rusiya bu məsələdə Azərbaycandan nümunə götürməlidir. 44 günlük İkinci Qarabağ müharibəsinin sonuncu günündə Rusiyaya məxsus helikopter bizim hərbçilərimiz tərəfindən səhvən vurulanda, Azərbaycan tərəfi təhqiqat komissiyasının nəticələrini gözləmədən, helikopterin vurulmasına görə dərhal qarşı tərəfdən üzr istədi, atışmanın səhvən baş verdiyini və həlak olan, yaralanan ekipaj üzvlərinə təzminat ödəniləcəyini bəyan etdi. Bu, Azərbaycanın sərgilədiyi humanist və sivil davranış nümunəsi idi. Rusiya rəhbərliyi də belə davranmalıdır. Əslində, rəsmi Moskva ən azından müttəfiqlik anlayışından çıxış edərək, araşdırmaların nəticəsini gözləmədən dərhal gərəkən addımları atmalıydı. Bu cür məsələlərdə vaxt itirmək olmaz. Çünki adətən vaxtın itirilməsi etibarın, inamın itirilməsi ilə nəticələnir.
Rusiya ona olan etibarın tam itirilməməsi üçün hərəkətə keçməlidir. Azərbaycan Prezident Administrasiyasının qeyd etdiyi kimi, bizim ölkəmizin heç kimin köməyinə ehtiyacı yoxdur: "Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir". Bəli, fakt qəbul edilməli və Azərbaycandan üzr istənilməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Избранный
10
47
newscenter.az

10Источники