Əməkdar artist Aygün Bəylərin vəfatından bir il ötür.
Modern.az xatırladır ki, peşəkar səhnəyə hələ 13 yaşında gələn Aygün Bəylər 1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olunur. İlk təhsilini nağara sahəsinəd alır və Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayır. Onun ilk müəllimlərindən olan Bəylər Quliyevin adını da özünə səhnə təxəllüsü götürür.
Evdə 6 uşaq olan Aygün Bəylər evin ən böyük övladı olub və ailəsinin yükünü hələ uşaq yaşlarında ikən öz çiyinlərinə götürür.
O, 1986-cı ildən Azərbaycan Televiziya və Radiosunun solisti olur, 1987-ci ildə sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yeri tutub. Azərbaycan musiqisini İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ və digər dövlətlərdə təmsil edib.
1995-ci ildən isə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır. Televiziya, radio, böyük dövlət təbirlərində iştirak edən Aygün Bəylər ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil etməyə başlayıb.
Nağara təhsilindən sonra 1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olur. Burada o, görkəmli sənətkarlar — Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcə də Alim Qasımovdan muğamın incəliklərini öyrənir.
Aygün Bəylərin sənətə gəlməsinə razı olmayan atası uzun müddət buna görə onunla danışmayıb. “Sənətdə tək qaldım” deyən Aygün Bəylərlə atasının barışığı 27 yaşında - 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görüldükdən sonra baş verir.
2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk- muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Bəylər Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birincilik mükafatına layiq görülür və festivalın qalibi olur.
Bu dövrdən başlayaraq 2005–2010 illər arası Aygün Bəylər dünyanın bir çox ölkələrində - Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərdə çıxışlar edib.
2012-ci ildə Aygün Azərbaycan Dövlət Musiqi Akademiyasının yeni açılan simfonik dirijorluq və bəstəkarlıq fakültəsinə daxil olub. 2013-cü ildən etibarən ATV telekanalı ilə müştərək olaraq Aygün "Yenə o bağ olaydı" adlı müəllif proqramıyla efirə çıxıb.
2015-ci ildə solo konsert təşkil etmək lazım olan məbləğə görə evini girov qoymuşdu. Konsert günü Günəşli neft yatağında yanğın hadisəsilə üst-üstə düşdüyünə görə konsert baş tutmamış, nəticədə Aygün Bəylər həmin məbləği itirmişdi. Özü də tutuduğu xəstəliyi bu hadisə ilə əlaqələndirdi. 2022-ci ildə Aygün Bəylərə ölkə başçısı tərəfindən ev hədiyyə olunmuşdu.
“Xalq artisti” olmamağımın səbəbi təklik idi, başım sadəcə sənətə qarışdı, fəxri adların arxasında qaçmadım. Mənim üçün ən böyük hədiyyə alqışlar idi”, - deyən Aygün Bəylər ölümündən 1 ay əvvəl son konsertini verir. Aygün Bəylər 8 il üzərində işlədiyi simfonik muğamı da məhz burada ifa edib.
“Sənətimin kulminasiya nöqtəsi bu konsert idi”.
Bundan başqa Aygün Bəylərin “Tut ağacım”, “Bağışlaram səni”, “Özün günahkarsan”, “Bəlkə gələrsən”, “Getmə”, “Bəlkə bu təsadüf məhəbbət oldu”, “ Nə yaxşı sən varsan” mahnıları dillər əzbəri olub.
Uzun müddət onkoloji xəstəlikdən müalicə olunan Aygün Bəylər 2024-cü il yanvarın 6-ı süd vəzi xərçəngindən Ankarada vəfat edib.