RU

Müşfiqsevərlər Xızıda nakam şairin xatirəsini anıblar

Xızı, 6 yanvar, Elxan Yusifli, AZƏRTAC

Yanvarın 6-da Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 1930-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşfiqsevərlər nakam şairin ölümünün 87-ci ildönümü ilə əlaqədar rayonun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyi qarşısındakı abidəsini ziyarət ediblər.

Tədbirə toplaşan şairlər, yazıçılar, elm və incəsənət xadimləri Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən söhbət açıblar.

Anım mərasimində çıxış edən müşfiqsevərlər M.Müşfiqin yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizə vətənpərvərlik hisslərinin aşılanmasında əvəzsiz xəzinə olduğunu vurğulayıblar.

Tədbirdə bildirilib ki, Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır. Adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.

Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da güllələnib.

Tədbirdə Xızı məktəbliləri nakam şairin şeirlərindən parçalar səsləndiriblər.

 

Избранный
48
azertag.az

1Источники