RU

Azərbaycanda biznesin qeydiyyatı prosesində - MÜHÜM YENİLİKLƏR BAŞ VERİB – DƏYİŞİKLİKLƏR DAVAM EDƏCƏK

Azərbaycanda biznesin dövlət qeydiyyatı sahəsində 2024-cü ildə başlanmış mühüm yeniliklər 2025-ci ildə də davam edəcək.

FED.az xəbər verir ki, bu barədə  iqtisadçı ekspert, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli bildirib.

Ekspert bildirib ki, 2024-cü ildə ölkədə biznesin qeydiyyatı sahəsində bir sıra əhəmiyyətli yeniliklər edilib. Bunlardan ən əhəmiyyətlisi xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi, həmçinin  yerli və xarici investisiyalı MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanının yaradılmasıdır.

Qeyd edək ki, bu yeniliklər ölkəmizdə biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi prosesi çərçivəsində həyata keçirilib. Nəticədə, bu günə olan vəziyyətə biznesin qeydiyyatı prosesi üzrə Azərbaycan dünyada olan ən yaxşı təcrübələrdən birinə malikdir.

Ölkəmizdə biznesin qeydiyyatı prosesinin sadələşdirilməsi prosesi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun təhlilləri əsasında aparılır.

Sözügedən işçi qrupuna İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəhbərlik edir. Hazırda bu qrup biznes qeydiyyatının effektivliyinin daha da artırılması üçün müvafiq Yol Xəritəsi çərçivəsində intensiv işlər aparır.

Ekspert bildirir ki, son bir ildə biznesin qeydiyyatının sadələşdirilməsi məqsədilə “Biznesə daxilolma” işçi qrupunun təşəbbüsü və müvafiq qurumların birgə səyi ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanaraq qəbul olunub və təsdiqlənib.

Bu addımlar nəticəsində kommersiya qurumlarının dövlət qeydiyyatı sahəsində qüvvədə olan qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, xarici və yerli investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi prosesinə başlanılıb.

Eyyub Kərimlinin sözlərinə görə, xarici biznes üçün dövlət qeydiyyatının sadələşdirilməsi Azərbaycanda investisiya və biznes mühitinin cəlbediciliyinin artırılması ilə yanaşı, həmçinin ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinə də müsbət təsir göstərəcək.

2024-cü ildə bu sahədə daha bir mühüm addım yerli və xarici investisiyalı MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanının yaradılmasıdır.

MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanı biznesin vaxt itkisinin əhəmiyyətli azalmasına şərait yaradır.

Buna qədər ilkin qeydiyyatın elektron şəkildə qeydiyyatı yalnız yalnız yerli investisiyalı şirkətlər üçün mümkün idi. Amma «Biznesə daxilolma» işçi qrupu tərəfindən aparılan hüquqi, təşkilati və texniki tədbirlərdən sonra artıq yerli və xarici investisiyalı MMC-lər təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması üçün elektron ərizə ilə müraciət edə bilərlər.

Ekspertin fikrincə, bu sahədə aparılan islahatların 2025-ci ildə də davam edəcəyi gözlənilir. Belə ki, hazırda kommersiya qurumlarının benefisiar mülkiyyətçiləri barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların reyestrinin aparılması ilə bağlı işlər həyata keçirilir, müvafiq normativ sənədlər hazırlanır və qüvvəyə mindikdən sonra texniki imkanlar yaradılacaq.

«Beləliklə, ölkəmizin biznesin qeydiyyatı prosesi üzrə təkmilləşməkdə olan təcrübəsi ona dünya ölkələri arasında ən yaxşılardan biri kimi öz yerini saxlamağa imkan verəcək»-deyə Eyyub Kərimli bildirib.

Избранный
3
5
fed.az

6Источники