RU

İranda hicabdan imtina edənlər üçün qeyri-adi CƏZALAR

İran hökuməti iki il əvvəl yaranan böhranın bitdiyi təəssüratı yaratmağa çalışsa da, hicab və bir çox qadının bu geyimdən imtina etməsi hələ də hökuməti narahat edən əsas məsələdir.

İran küçələrində bir çox qadın dövlət tərəfindən icazə verilməyən paltarlarda gəzməyə davam edir, buna baxmayaraq bəzən itaətsizliklərinin ağır bədəlini ödəyirlər.

İranda hakimlər əhəmiyyətli səlahiyyətlərə malikdir və qeyri-adi hökmlər verə bilirlər. Onlar çox vaxt ənənəvi cəzalar əvəzinə digər simvolik və ideoloji motivli cəzalar verirlər.

Modern.az BBC-yə istinadən xəbər verir ki, 2016-cı ildə “Oskar” mükafatına layiq görülmüş “Satıcı” filmindəki rolu ilə tanınan İranın ən məşhur aktyorlarından biri Təranə Əlidosti belə bir cəza ilə üzləşib.

İranda iki il əvvəl Məhsa Əmininin ölümündən sonra başlayan “Qadın, Həyat, Azadlıq” hərəkatının tərəfdarı olan Əlidosti hicabdan imtina edib. Hakimiyyətin ona ənənəvi cəza verəcəyi gözlənilirdi.

Onun vəkili bildirib ki, Əlidostiyə səyahət etmək və maliyyə əməliyyatları etmək qadağan edilib. 

İranda bir çox digər məşhur simalar da “Qadın, Həyat, Azadlıq” hərəkatı ilə həmrəy olaraq hicablarını çıxarıblar. Digər tanınmış aktrisa Azadə Səmədiyə isə 6 aylıq sosial şəbəkə qadağası qoyulub. Məhkəmə qeyri-adi hökmdə Səmədidən "anti-sosial şəxsiyyət pozğunluğu" ilə bağlı psixoloji müalicə almasını da tələb edib. Müalicə başa çatdıqdan sonra o bununla bağlı sənəd təqdim etməlidir.

Aktrisa Əfsaneh Bayeqan da oxşar aqibətlə üzləşib. Sosial media qadağası ilə yanaşı, ona terapiya almaq tələbi qoyulub.

“Leylanın Qardaşları” filminin rejissoru Said Rustaiyə isə film istehsalında ayrı-ayrı şəxslərlə işləməsi qadağan edilib. Ona, həmçinin dövlət tərəfindən idarə olunan "mənəvi film çəkmə" kursunda iştirak etmək tapşırılıb.

Fotojurnalist Yalda Moayeriyə verilən cəzalar isə daha qəribə olub. O, hicab tərəfdarı olan bir din xadiminin işi ilə bağlı 100 səhifəlik araşdırma yazısı hazırlamalı, iki il müddətinə mobil telefonlardan və sosial mediadan istifadə etməməli, iki ay qadınlar parkını təmizləməlidir.

Ən mübahisəli qərarlardan biri ötən ilin martında qəbul edilib. "Baraye" mahnısı ilə ilk "Best Social Change Grammy" mükafatını alan tanınmış müğənni Şervin Hacıpur hərəkatın himninə çevrilən mahnını oxuduğu üçün ittihamlarla üzləşib. Həbs və səyahət qadağası ilə yanaşı, məhkəmə Hacıpura din xadimlərinin yazdığı iki kitabı oxumağı və ümumiləşdirməyi tapşırıb. Etirazlardan sonra qərarların bir hissəsi ləğv edilib.

Bu qərarlar iranlıların və hüquq ekspertlərinin qəzəbinə səbəb olub və hökmlərin etibarlılığını və mənəvi əsaslarını şübhə altına alıb.

İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejei qərarları tənqid edib və bildirib ki, hökmlər “çəkindirici” olmalı və “əks təsir göstərməməlidir”.

Избранный
14
1
modern.az

10Источники