Bakı, 29 dekabr, AZƏRTAC
Milli Paralimpiya Komitəsi (MPK) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2023-cü ilin yekunları ilə bağlı paralimpiyaçılarla görüş keçirib.
MPK-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə qurumun prezidenti Hidayət Abdullayev, vitse-prezidentlər İlham Zəkiyev və Fuad Hacıyev, Komitənin idarə heyətinin üzvü Jalə Əhmədova çıxış edərək 2024-cü il üçün planları təqdim ediblər.
Görüş zamanı bu il ərzində Komitənin fəaliyyəti haqqında idmançılara ətraflı məlumat verilib. Eyni zamanda tədbirlər planı, 2023-cü ilin maliyyə hesabatları təqdim olunub, növbəti ilin büdcə layihəsi, həmçinin, beynəlxalq əlaqələr sahəsində görülən işlər barədə danışılıb.
İdman sahəsində əldə olunan uğurlardan bəhs edilərək, paralimpiyaçıların beynəlxalq yarışlarda 27-si qızıl, 31-i gümüş və 28-i bürünc olmaqla, ümumilikdə 86 medal qazandığı diqqətə çatdırılıb. “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına hazırlıq prosesi, oyunların təşkilat komitəsi ilə keçirilən görüşlərdən söhbət açılıb.
Həmçinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəzdində fəaliyyət göstərən Elmi-tədris laboratoriyası və Multimedia Mərkəzi ilə tanışlıq turu keçirilib, paralimpiyaçılar üçün mövcud imkanlar müzakirə olunub.
Sonda isə VII Uşaq Paralimpiya İdman Oyunlarında iştirak edən baş məşqçilərə təşəkkürnamə təqdim olunub.