RU

Azərbaycanda yeni milli ideoloji inkişafın əsasları formalaşdırılır - RƏY

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində növbədənkənar Prezident seçkilərinin keçirilməsini şərtləndirən amillərin geniş təhlilini verdi. Artıq əsası qoyulmuş yeni dövrdə yeni milli ideoloji inkişafın əsasları formalaşdırılır.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan dövləti özünün müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərində suverenliyini təyin etməklə yeni bir dövrün başlanğıcını qoydu.

"Yeni dövrdə Azərbaycanın bütün ərazilərində keçiriləcək birinci seçkilər məhz Prezident seçkiləri olmalıdır. Bu vaxta qədər Azərbaycanın milli ideologiyasının əsası ərazilərini işğaldan azad etmək idi. İkinci Qarabağ müharibəsi dövründə xalqımız milli ideologiyanın ətrafında sıx birləşərək "dəmir yumruğa" çevrildi. Həm də ötən il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatları ilə bütün ərazilərimizdə konstitusiya quruluşu bərpa edildi, suverenlik təmin edilməklə milli ideologiyamızın qarşısında dayanmış başlıca vəzifəni icra etmiş olduq. İndi isə əsası qoyulmuş yeni dövrdə yeni milli ideoloji inkişafın əsasları formalaşdırılır. 7 fevralda növbədənkənar Prezident seçkiləri keçirməklə xalqımız yeni dövrdə müasir çağırışlara qarşı daha güclü olmağımızı təmin edəcək", - A.Badamov qeyd edib.

Azər Badamov
Azər Badamov

Deputat bildirib ki, yeni dövrün öz tələbləri olmalıdır: "Tarixi missiyamız ərazilərin suverenliyini təmin edən zəfərə nail olmaq idi. Amma həmişə bu zəfərə arxayın olub gələcəyi düşünməmək də düzgün deyil. Çünki bu gün zəfərimizi həzm edə bilməyən düşmənlər, o cümlədən Fransa açıq şəkildə Ermənistanı silahlandırır. Biz baş verən bu hadisələri görərək qələbə çalmışıq və "bundan sonra müharibə olmayacaq" düşüncəsi ilə həyatımızı qurmalı deyilik. Yeni dövrün başlıca vəzifəsi ordumuzun müdafiə qabiliyyətinin daha da artırılması ilə bağlıdır. Düzdür, 2020-ci ildə apardığımız 44 günlük Vətən müharibəsində qələbəni təmin etdik. Amma müharibənin başa çatdığı dövrdə də biz arxayınlaşıb oturmadıq. Ölkə başçımızın xüsusi diqqət və tapşırıqları ilə ordumuzun yeni Komando bölmələri yaradıldı. Ordumuz daha müasir silahlarla təchiz edilərək onun peşəkarlığı artırıldı. Məhz ötən il lokal xarakterli antiterror əməliyyatlarının qısa bir zaman kəsiyində reallaşdırılması ordumuzun daha da peşəkar olmasının və düzgün strategiya müəyyənləşdirə bilmək bacarığının göstəricisi idi. Bu da hələ son deyil. Fransa köhnəlmiş "Bastion" zirehli maşınlarını Ermənistana verməklə onu yenidən müharibəyə ruhlandırır. Biz müharibənin başa çatdığı ilk gündən sülh gündəliyimizi müəyyənləşdirmişik və müharibənin bir daha olmayacağını deyirik. Amma bu, bizdən asılı məsələ olmadığından həmişə hər bir vəziyyətə hazır olmalıyıq".

A.Badamov əlavə edib ki, əgər Fransanın Ermənistana verdiyi silahlar ölkəmiz üçün təhlükə mənbəyinə çevrilərsə, onlar harada yerləşdirilməsindən asılı olamayaq məhv ediləcək: "Bunun üçün müdafiə sənayemizi yeni bir mərhələyə gətirməliyik. Ölkə başçımızın qeyd etdiyi kimi, müdafiə sənayesi sahəsinə 1 milyard manatdan çox dövlət və özəl sektorun investisiya qoyulmasının planlaşdırılması ordumuzu müasir silahlarla təmin etməyə yol açacaq. Beləliklə, deyə bilərik ki, əsası qoyulan yeni dövr dövlət başçımızın uzaqgörən siyasəti ilə daha da uğurlu bir tariximiz olacaq".

Избранный
711
50
report.az

10Источники