RU

“Amma ruslar sağ olsunlar, bizə mane olmadılar... -Təbii ki, öz maraqları xatirinə...”

“Düzdü, Rusiya ordusunun Azərbaycan ərazisində qalması dünyanın demokratik sayılan əksər hissəsinin bizə qarşı çıxmasına səbəb olur...”
 
“Əlbəttə ki,  Moskva öz hərbi qüvvəsini Qarabağda, yəni Azərbaycanda, Cənubi Qafqazın Ermənistan və Gürcüstandan savayı daha bir strateji məkanında uzun müddət saxlamağa çalıışacaq... Bilirsiz, donuzu darıdan çıxarmaq  çox çətin bir məsələdir. Ermənistan kimi Rusiyadan tam asılı vəziyyətdə olan kiçik bir dövlət bu imperiyadan tam qopmağa çalışırsa, KTMT-də fəaliyyətini dondurduğunu bəyan edirsə, Kremlin də Azərbaycanla müttəfiqlik münasibətlərindən istifadə edib öz qoşunlarını keçmiş Dağlıq Qarabağ ərazisində saxlamağa çalışması təbiidir. Belə getsə, Paşinyan  Rusiyanın 102-ci bazasının Gümrüdən çıxarılması məsələsini də qoyacaq. Artıq Fransanın öz ordusunu Gümrüyə yerləşdirəcəyi haqda informasiyalar dolaşır...” 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Sizcə, Rusiya artıq  4-cü ildir ki, Yuxarı Qarabağ ərazisində “sülhməramlı” adıyla fəaliyyət göstərən qoşunlarını  2025-ci ildən sonra da Azərbaycan ərazisində başqa bir statusla saxlamağa çalışacaqmı?” sualını cavablandırarkən sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib.
 
“Amma ruslar sağ olsunlar, Yuxarı Qarabağın erməni işğalından tam azad olunmasında, oradakı separatçı-terrorçu rejimin kökünün kəsilməsində, həmin rejimin bir sıra əsas liderlərinin tutulub Bakıya gətirilməsində və s. bizə mane olmadılar. Təbii ki, öz maraqları xatirinə... Rusiya elə hesab edir ki, Qarabağda öz milli və dövlət maraqlarına uyğun olaraq öz niyyətini həyata keçirdi, biz də milli və dövlət maraqlarımıza uyğun olaraq öz məqsədlərimizi icra etdik və bunları davam ediririk. Düzdü, Rusiya ordusunun Azərbaycan ərazisində qalması dünyanın demokratik sayılan əksər hissəsinin bizə qarşı çıxmasına səbəb olur. Xüsusən son aylar Qərbin, ABŞ-ın, Avropa Şurasının, Avropa Parlamentinin və s. Azərbaycana qarşı təpkilər göstərməsi də məhz bununla bağlıdır. Amma, təbii ki, bizim üçün əsas öz dövlət maraqlarımızdır”, deyə davamında keçmiş nazir diqqətə çaldırıb. 
 
“Onsuz da Ukraynaya ədalətsiz və amansız təcavüzündən, bu Avropa ölkəsinin ərazisində iki il ərzində apardığı işğalçı siyasətin üzə çıxmasından sonra Rusiya ilə yaxınlıq edən bir çox ölkələr ondan uzaqlaşmağa çalışırlar. Məsələn, son vaxtlar Türkiyə də, Çin də bu imperiyadan uzaqlaşmağa başlayıb. Əlbəttə, tezliklə Azərbaycan dövlət rəhbərliyi də dünyada yaranmış yeni geo-siyasi və hərbi-siyasi duruma uyğun düzgün qərar çıxaracaq. Lakin hələlik mən də hesab edirəm ki, Rusiya hərbi qüvvələrinin Azərbaycan ərazisində qalması hazırkı vəziyyətdə bizə sərf edir. Çünki Moskva öz qoşunlarını Qarabağdan çıxaran kimi  Avropa dövlətləri, xüsusən də Fransa ermənilərin geri qaytarılmasına və öz hərbi birləşmələrini oraya yerləşdirməyə, cəhd göstərəcək. Bu da bizə ermənilərlə bağlı xeyli problemlər yarada bilər. Ancaq Rusiya ordusunun Qarabağda qalması onların bu addımlarının qarşısını alır”, -deyə general-mayor vurğulayıb.
 
Sultan Laçın
 
Избранный
336
31
moderator.az

10Источники