RU

Mina terrorunun qurbanları artır

Daxili İşlər Nazirliyi və ANAMA vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa çağırıb

Nardar BAYRAMLI

Ermənistanın mina terroru davam edir. Oktyabrın 13-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, ilkin məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində “QAZel” markalı maşının sürücüsü 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub. “KamAZ” tipli yük maşınının sürücüsü 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu isə xəsarət alıb.

Daxili İşlər Nazirliyi (DİN) və ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırıb. Çağırışda təhlükəli ərazilərdə hər bir addımın ölümcül fəsadlar törədə biləcəyi qeyd edilir. Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstəyə çağırış edilib: Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın; Yalnız gündəlik işlək yollardan istifadə edin; Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun; Naməlum əşyalara toxunmayın; Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!

Ümumiyyətlə, Azərbaycan dünyada mina ilə çirkləndirilən əsas ölkələrdən biridir. Ermənistan 30 illik işğal dövründə çoxlu sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. Azərbaycan ərazilərində kütləvi şəkildə minalar və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsi üçün ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün təhlükə yaradır.

Ermənistanın bütün minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi və bütün hərbi əməliyyatların dayandırıldığının elan edilməsindən sonra da minaların, mina tələlərinin və digər partlayıcı maddələrin davamlı yerləşdirilməsi vəziyyəti daha da ağırlaşdırıb və insan tələfatının sayını artırıb. Erməni tərəfinin təqdim etdiyi xəritələrin cəmi 25 faizi düzgündür. Rəsmi İrəvan hələ də dəqiq mina xəritələrini vermək istəmir.

Xatırladaq ki, sentyabrın 19-da erməni diversiya qrupunun Füzuli-Əhmədbəyli-Şuşa yolunda yerləşdirdiyi minaların partlaması nəticəsində 2 mülki yol inşaatçısı faciəvi şəkildə həlak oldu. 4 polis əməkdaşı isə həmin hadisəsinin baş verdiyi əraziyə baxış keçirməyə cəhd edərkən eyni bölgəyə yaxın yerdə quraşdırılmış növbəti minanın partlamasının qurbanı oldular. Eyni zamanda, bu partlayışlar Azərbaycanın daha 6 polisinin ağır yaralanmasına səbəb oldu.

Qeyd edilməlidir ki, 2020-ci il üçtərəfli Bəyanatından sonra Azərbaycanda 2022-ci ilin avqust ayından indiyədək 2021-ci ildə Ermənistanda istehsal edilmiş, ümumilikdə 2,728 mina aşkarlanaraq zərərsizləşdirilib. Belə ki, Azərbaycan-Ermənistan sərhədi boyunca Kəlbəcər və Laçın rayonlarında 1119 mina, Qarabağ iqtisadi rayonunda isə 1609 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə, 2020-ci ilin noyabr ayında üçtərəfli Bəyanatın imzalanmasından bugünədək 333 insan minaların qurbanı olub.

Azərbaycanda davam edən mina problemini və dövlət qurumlarının bu problemi həll etmək istiqamətində üzləşdikləri çətinlikləri nəzərə alaraq, minatəmizləmə sahəsində Azərbaycanın potensialının gücləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına ciddi ehtiyac var. Bu cür dəstək minatəmizləmə səylərinə kömək etməklə yanaşı, o cümlədən minalarla mübarizə istiqamətində qlobal kampaniyaya töhfə verəcək və regionda sülh və əməkdaşlığa sadiqliyi nümayiş etdirəcək.

Digər tərəfdən, Dövlət Təhlükəsizliyi Xidmətinin sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması haqda açıqladığı məlumat bir daha təsdiqləyir  ki, cinayətkarlar cəzasız qalmır. Yəni, Azərbaycan bütün müstəvilərdə ədalətin bərpası uğrunda mübarizə aparır və buna nail olur.

Избранный
131
1
yeniazerbaycan.com

2Источники