RU

Bakı yenə də diqqət mərkəzində – VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: «Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir»Bu gün dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan, rəyi nəzərə alınmadan hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. Xüsusilə də, son vaxtlar beynəlxalq konfranslara ev sahibliyi etməsi Azərbaycanın dünüya miqyasında layiqli yer tutmasının göstəricisi olmaqla yanaşı, ölkəmizin iqtisadi gücünün, inkişafının, qonaqpərvərliyinin, multikultural dəyərlərinin, sabitlik adası kimi əmin-amanlığın hökm sürdüyü məkan olduğunu bir daha təsdiqləyir. Çünki istənilən mövzulu qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Və may ayının 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun keçirilməsi bir daha Azərbaycanın iqtisadi gücünün, inkişafının, qonaqpərvərliyinin, multikultural dəyərlərinin, sabitlik adası kimi əmin-amanlığın hökm sürdüyü məkan olduğunu bir daha təsdiqləyir. Bütün bunlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir dünyanın yeni çağırışlarına cavab verən ölkəyə çevirib. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir.Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər. Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyev iştirak edərək Forumun çox mühüm beynəlxalq platforma olduğunu bildirib: «VI Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən artıq ölkənin nümayəndəsi iştirak edir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və burada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur».«ƏSRLƏR BOYU MƏDƏNİYYƏTLƏRİN QOVUŞDUĞU MƏKAN – AZƏRBAYCAN» Dövlət başçısı günün mühüm məsələlrinə toxunaraq xüsusilə bu gün Azərbaycanın Cənubi Qafqazın lider dövləti hesab olunan Azərbaycanın son 20 ildə ən qüdrətli dövlətinə çevrildiyini, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olduğunu bildirib: «Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb».Dövlətimizin başçısı qeyd edib ki, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub.Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlar olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır: «Biz bu müsbət tendensiyaları, mədəni dialoqu və mədəni müxtəlifliyi gücləndirməliyik. Bütün bunlar əsrlərdən gələn nemətdir».«AZƏRBAYCANDA MƏDƏNİYYƏTLƏRARASI DİALOQ HƏR ZAMAN MÜSBƏT OLUB»Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlı olduğunu deyən dövlətimizin başçısı ölkəmiz daxilində mədəniyyətlərarası dialoqun hər zaman müsbət olduğunu vurğulayıb: «Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik».Prezident qeyd edib ki, multikulturalizm Azərbaycan vətəndaşları üçün hər hansı abstrakt məfhum deyil, həyat tərzidir. Dövlət başçımız , həmçinin onu da vurğulayıb ki, biz çoxtərəfliliyə qəti şəkildə sadiqik: «Biz çoxtərəflilik dəyərlərini 2019-cu ildən bu ilin əvvəlinə qədər Qoşulmama Hərəkatında təşviq etmişik».Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə onun təsisatlanması istiqamətində mühüm addımlar atdığını vurğulayan dövlətimizin başçısı ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradıldığını xatırladaraq bildirib: “Əminəm ki, Qoşulmama Hərəkatının təsisatlanması gələcəkdə də davam edəcək”.Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib ki, biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın: «Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik».“Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyaya, məcburi assimilyasiyaya aparır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”, - deyə dövlətimizin başçısı bildirib.Azərbaycan Prezidenti çıxışı zamanı Azərbaycan yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçildiyini və bununla da öz rolumuzu körpülərin salınmasında gördüyünü vurğulayıb. Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi xatırladan dövlətimizin başçısı deyib: “Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır”.«AZƏRBAYCAN SÜLHÜ MÜHARİBƏ VASİTƏSİLƏ TƏMİN ETDİ VƏ BU, LAZIMINCA NƏZƏRDƏN KEÇİRİLMƏLİDİR»Prezident İlham Əliyev Forumda çıxış zamanı Azərbaycanın sülhü müharibə vasitəsilə təmin etdiyini vurğuladı. Beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini xatırladan dövlətimizin başçısı bildirdi: «Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimiзin böyük hissəsini azad etdik. Sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik».Artıq postmüharibə dövrünün reallıqlarını yaşayırıq. Sülhün, əməkdaşlığın carçısı olan Azərbaycan dövləti öz siyasi xəttində yeni reallıqların yaratdığı şəraitdən düzgün yararlanmaq və regionda sülhün, əməkdaşlığın, dayanıqlı inkişafın təminatçısı olmaq arzusundadır. İndi biz sülh haqqında danışırıq. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır. Azərbaycan sülhü sabitlik və regionun dayanıqlı inkişafı naminə istəyir. Bu məsələdə atılan addımlar qarşılıqlı olmalıdır. Gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarından çəkinməliyik. Azərbaycan artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaradıb. Ölkəmiz eyni addımı Ermənistandan da gözləyir.Azərbaycan sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edir. Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdü. Kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri 3 il yarımdan çox vaxt keçib, lakin indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda bir disbalans yaradır. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. Bu münasibətlə Azərbaycan Prezidenti dekabrın 1-də xalqa müraciətində deyib: “Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən tarixi qələbə və bu il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavən, Xocalı və Xankəndidə şanlı Azərbaycan Bayrağının ucaldılması hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrildi. Azərbaycan indi yeni bir reallıq yaradıb. Bu reallıq ölkələrin ərazi bütövlüyü, suverenliyi fonunda sülhü təşviq edir. Azərbaycan heç də yeni müharibə aparmaq arzusunu deyil, sülh, əməkdaşlıq istiqamətində əlaqələrin inkişafını zəruri amil kimi önə çəkir. Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməli, ərazi bütövlüyü qarşılıqlı surətdə tanınmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır. Və Ermənistan tərəfi də artıq anlamalıdır ki, sülh müqaviləsinin imzalanması regionun gələcəyi üçün ciddi perspektiv vəd edir, sülh prosesinin gecikdirilməsi isə Ermənistan tərəfi üçün vaxt itkisidir. İtirilmiş zaman isə məhz onların ziyanınadır. Odur ki, əgər Ermənistan təxribatları davam etdirsə daha ağır duruma düşəcək. Ermənistanın bir yolu var, o da Azərbaycanın təklifləri ilə razılaşmaq. RƏFİQƏ KAMALQIZI

Избранный
449
sesqazeti.az

1Источники