RU

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

London, 10 may, AZƏRTAC

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirliyin müşaviri Rəşad Vahabzadə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib, onun tarixi şəxsiyyət kimi böyüklüyündən və Azərbaycana xidmətlərindən danışıb. O deyib ki, Heydər Əliyev Azərbaycana çox layiqli bir varis bəxş edib: “Biz Heydər Əliyevin uğurlu siyasi kursunun davamı olaraq öz torpaqlarımızı işğaldan azad edə bildik. Biz qürurlanmalıyıq ki, bizim tariximizdə belə bir şəxsiyyət olub və onun layiqli davamçısı var. Ulu Öndər Heydər Əliyev daim bizim qəlbimizdə yaşayır”.

Azərbaycan Respublikasının Böyük Britaniyadakı hərbi attaşesi, polkovnik Azər Heybətli qeyd edib ki, Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra Ulu Öndər Heydər Əliyev orduda islahata başladı, ordunun inkişafı üçün həm maddi-texniki zəmin, həm də ruh yüksəkliyi yaratdı: “Bu uğurlu yol Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən davam etdirilir. Ordumuzun peşəkarlığı sayəsində biz öz torpaqlarımızı geri ala bildik. Hazırda Azərbaycan ordusu dünyanın ən güclü və qabaqcıl ordularından biridir”,- deyə o, bildirib.

Səfirliyin müşaviri Günel Səlimova qeyd edib ki, Heydər Əliyevin nəbzi hər zaman vətənlə döyünüb: “Bizim üçün qürurvericidir ki, Ümummilli Liderin dahi və müdrik siyasi xadim olduğu beynəlxalq ictimaiyyət tərəfindən də təsdiqlənir.”

Tədbirdə iştirak edən Azərbaycan icmasının üzvləri də Ümummilli liderlə bağlı xatirələrini bölüşüblər. Daha sonra Kral Musiqi Kollecinin azərbaycanlı tələbəsi, pianoçu Vüsalə Babayeva “Laçın Balladası” əsərini ifa edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
541
50
azertag.az

10Источники