- Müəllif, Lyse Doucet
- Vəzifə, BBC beynəlxalq müxbiri
Rəisinin ötən bazar günü ölümü onun səhhəti uzun müddətdir ciddi diqqət mövzusu olan 85 yaşlı Ali lider Ayətullah Əli Xameneyini əvəz edib-etməməsi ilə bağlı artan spekulyasiyalara son qoydu.
Bununla belə, ölkə idarəçiliyində sərt xətt tərəfdarı olan İran prezidentinin faciəli taleyi nə İran siyasətinin istiqamətini dəyişəcək, nə də hər hansı əhəmiyyətli şəkildə İslam Respublikasını sarsıdacaq.
Lakin onun ölümü mühafizəkar sərt xətt tərəfdarlarının istər seçilmiş, istərsə də təyin edilmiş - bütün hökumət qollarında - üstünlük təşkil etdiyi sistem üçün bütövlükdə bir sınaq olacaq.
“Sistem onun ölümünü böyük bir şouya çevirəcək və mühafizəkarların birliyini və Xameneiyə loyallığını qoruya biləcək yeni lider axtarılarkən, öz funksionallığını nümayiş etdirmək üçün konstitusiya proseduralarına riayət edəcək”, - Chatham House analitik mərkəzinin Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sənam Vakil qeyd edir.
Rəisinin əleyhdarları 1980-ci illərdə siyasi məhbusların kütləvi edamında əli olmaqda ittiham olunan və bunu təkzib edən keçmiş prokurorun getməsini alqışlayacaqlar; onlar ümid edəcəklər ki, onun hakimiyyətinin sonu bu rejimin sonunu tezləşdirəcək.
İranın hakim mühafizəkarları üçün dövlət dəfn mərasimi emosiyalarla dolu bir hadisə olacaq; bu, həm də varisliklə bağlı siqnallar üçün fürsət yaradacaq.