RU

İyul ayında hansı meyvələri yeməli?

İyul ayında piştaxtaları bəzəyən meyvə və giləmeyvələr əsasən tərkibindəki C vitamini və antioksidantlara görə faydalıdır. Qastroenteroloqlar bu ayda bəzi meyvələrin immunitetə faydalı təsir göstərdiyini deyirlər.

Moruqda ürəyin fəaliyyətini dəstəkləyən və sinir sistemini gücləndirən B vitamini var. Həmçinin poli­fenollar və fitonsidlər baxımından da moruq olduqca zəngindir. Bunlar hüceyrələri zədələnmədən qoruyan və iltihabı azaltmağa kömək edən antioksidantlardır. Moruq, həm də soyuqdəymə üçün əsas vasitə hesab edilir.

Böyürtkən isə dəriyə və gözə faydalı olan A və E vitaminləri ilə zəngindir. O, həmçinin kalsiumun və D vitamininin mənimsənilməsinə, böyrək və ürək-damar sisteminin işinə kömək edən K vitamininin gündəlik tələbatının 30 faizini ödəyir.

Qaragilə gözlər üçün faydalı olan giləmeyvə kimi tanınır. Tərkibində antioksidant və qan damarlarını daha elastik edən və onları zədələrdən qoruyan P vi­tamini var. 

Qara qarağat bol A, E, P, B vitaminləri və limondan dörd dəfə çox askorbin turşusu ilə zəngindir.

Sarı böyürtkəndə A, E, və B vitaminləri, həmçinin kalsium, dəmir, fosfor və maqnezium var. Bu mineral­lar hematopoetik sistem və orqanizmdə hüceyrələrin inkişafı üçün faydalıdır.

Gilasda vitaminlərlə yanaşı sink, yod, mis və xrom, həmçinin qan laxtalanma riskini azaldan kumarin mad­dəsi çoxdur.

Mütəxəssislər mədə xorası, qastrit, xroniki pank­reatit, bağırsaqlarda iltihab, mədənin yüksək turşulu­ğu zamanı yay giləmeyvələrini ehtiyatla qəbul etməyi məsləhət görürlər.

Z.HÜSEYNLİ
XQ

Избранный
169
29
xalqqazeti.az

10Источники