Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatınd
Hava şəraitinin enerji sərfiyyatına və bazardakı qiymətlərə təsiri kifayət qədər böyükdür. Bu yay növsümü Azərbaycanda havanın qeyri-stabil keçməsi baxımından diqqəti çəkir. Belə ki, iyul ayı yayın ilk ayından daha sərin və yağmurlu keçir. Əgər Avropa bazarında sərin yay qaz qiymətlərinin 350 dollar ətrafında ticarət edilməsinə gətirib çıxartdısa, Azərbaycanda yağmurlu günlərin çoxalması sudan alınan alınan elektrik enerjisinin artımı ilə müşayət edilir.
Suyumuzun artan enerjisi
AR Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin I yarısında Azərbaycanda əsas fəaliyyəti elektrik enerjisinin istehsalı olmayan müəssisələr nəzərə alınmadan (məsələn, “Azərkimya” İB istehsal zamanı əmələ gələn qazları toplayaraq onları qapalı şəraitdə yandırmaqla özünün ehtiyacları üçün elektrik enerjisi alır və yaxud da müəssisələrin müəyyən zamanlarda dizel generatorları vasitəsi ilə aldığı elektrik enerjisi) 12,67 mlrd kVt/saat elektrik enerjisi istehsal edilib ki, bunun da 1,56 mlrd kVt/saatından çoxu hidroenergetikanın payına düşüb. Sudan alınan elektrik enerjisi ölkə üzrə istehsalın təqribən 12,3 faizini təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə nə az, nə çox düz 79 faiz (!) çox olub.
Əgər ötən dövrün statistikasına müraciət etsək, 2023-cü ilin yekunları üzrə Azərbaycanda su elektrik stansiyalarında 1,7 mlrd kVt/saat elektrik enerjisi, 2022-ci ildə 1,56 mlrd kVt/saat, 2020-ci ildə 1,04 mlrd kVt/saat elektrik enerjisi istehsal edilmişdi.
Elektrik enerjisinin artımına təsir göstərən bir faktor çaylarda suyun bolluğudursa, digəri işğaldan azad edilmiş ərazilərin hidropotensialının bərpasıdır. Artıq bu ərazilərdə 28 ədəd kiçik su elektrik stansiyası fəaliyyətə başlayıb, cari ilin sonuna qədər daha 4 elektrik stansiyası da istifadəyə veriləcək. Növbəti illərdə isə onların sayı bir qədər də artacaq.
Demək, ölkəmizin elektrik enerjisi istehsalında köklü dəyişikliklər baş verir: əvvəllər elektrik enerjisi istehsalının 93-94 faizi təbii qazın yandırılması hesabına baş verirdisə, indi bu göstərici 85%-ə düşüb, yaxın 3-4 ildə iri günəş və külək elektrik stansiyalarının istismara verilməsi nəticəsində bu göstəricinin 75%-dək azalması gözlənilir.
Bu isə, Azərbaycan üçün iki vacib məsələnin həllinə gətirib çıxaracaq: birincisi, Azərbaycan əlavə tədbirlərə (xərclərə) getmədən daha çox əmtəəlik təbii qaza malik olacaqdır ki, onu da xarici bazarlarda satmaq imkanı əldə edəcək. İkincisi isə ətraf mühitlə bağlıdır, özü də qlobal miqyasda. Yəni qazın yandırılması hesabına əmələ gələn karbon dioksidin və digər tullantıların atmosferə atılması hiss ediləcək səviyyədə azalacaq. Bu baxımdan Azərbaycanın COP29-a ev sahibliyi etdiyi dövrdə ölkəmizin qlobal mənada atmosferin istiləşməsinin qarşısını almaq üçün praktik addımlarının nümayişi olacaq.
“Qarabağ”ın tam sahibinə çevrilən SOCAR
Bu həftə Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qarabağ" neft yatağının işlənməsi layihəsində 50% payını SOCAR-a satmaq üzrə sövdələşməni başa çatdırıb.
Eyni zamanda, “Equinor”, 2024-cü ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin işlənməsi layihələrindəki paylarının satışı üzrə sövdələşməni tamamlamağı planlaşdırdığını da vurğulayıb.
Norveç şirkəti xatırladıb ki, 2023-cü il dekabrın 22-də SOCAR ilə AÇG, BTC və “Qarabağ” layihələri də daxil olmaqla, Azərbaycandakı portfelinin satışına dair Saziş imzalayıb.
Bununla da SOCAR müstəqillik illərində Azərbaycanda kəşf edilmiş yeganə neft yatağının təkbaşına səhmdarına çevrildi. Qeyd edim ki, SOCAR və "Equinor" 31 may 2018-ci il tarixində "Qarabağ" yatağının işlənməsi üzrə Risk Xidməti Müqaviləsi imzalamışdılar. Layihənin həyata keçirilməsi üçün SOCAR və "Equinor" bərabər payla fəaliyyət göstərirdilər.
Bəs SOCAR təkbaşına demək olar ki, Xəzərin ortasında və dərin hissəsində yerləşən yatağı işlədə bilərmi? Niyə də yox? Axı Türkiyə hansısa xarici şirkətə payının müqabilində Qara dənizin dərinliklərində yerləşən “Sakarya” yatağından qaz hasilatını həyata keçirmədi. Türkiyə hökumətinə məxsus TPAO şirkəti bunu təkbaşına etdi. Sadəcə podratçı qismində dünya neft-qaz sənayesində tanınmış şirkətlərə sifarişlər vemrəklə. SOCAR da bu sxem üzrə nəinki “Qarabağ” yatağında neft hasilatını həyata keçirmək imkanındadır, hətta “Babək” kimi daha iri yataqdan təbii qaz çıxarılmasına da reallaşdıra bilər.
Milyard barel hasilatı aşan platformamız
Bu həftə neft tariximizdə hasilatın həcmlərinə görə ad çıxartmış bir platformanın statistikası açıqlandı. SOCAR-ın yaydığı məlumata görə, “Azəri-Çıraq-Günəşli”(AÇG) yatağının tammiqyaslı işlənməsi çərçivəsində 2005-ci ilin fevralında istismara verilən “Mərkəzi Azəri” platformasından 1 iyul 2024-cü il tarixinədək 1 mlrd 110 milyon barel barel neft hasil edilib.
Bundan əlavə “Mərkəzi Azəri” platforması istismarda olduğu müddətdə 85,95 mlrd kubmetr səmt qazı hasil etməyə də müvəffəq olub. Bəs bu həcmlər çoxdur ya az? Bunu ümümən AÇG blokunda hasil edilmiş karbohidrogenlərin həcmi ilə müqayisə etdikdə görmək olar.
1 iyul 2024-cü il tarixinədək AÇG yatağından hasil olunan neftin 25,22%-i, səmt qazının isə 38,56%-i “Mərkəzi Azəri” platformasının payına düşüb.
Türkiyəyə qaz ixracı dayanır
İxrac boru kəmərindəki texniki xidmət səbəbindən Türkiyəyə Azərbaycan qazının nəqli dayandırılacaq. Bu barədə Türkiyənin "BOTAŞ" dövlət şirkəti iyulun 26-da rəsmi məlumat yayıb. Amma Azərbaycandan qaz ixracının dayandırılması müvəqqəti xarakter daşıyacaq.
"Şahdəniz"dən qazın nəqli ilə bağlı ixrac qaz kəmərindəki texniki xidmət və təmirlə əlaqədar planlaşdırılmış işlər səbəbindən iyulun 31-dən avqustun 5-dək "Türkgözü" giriş məntəqəsindən Türkiyənin milli qazpaylayıcı şəbəkəsinə, avqustun 5-dən 9-dək isə TANAP girişindən "Seyitqazi"yə qazln nəqli mümkün olmayacaq", - məlumatda deyilir.
BOTAŞ bildirib ki, qeyd olunan dövr ərzində Türkiyənin milli qazpaylama şəbəkəsində tələb və təklif balansının təmin edilməsi üçün tədbirlər görüləcək.
Serbiyaya Azərbaycan qazının ixrac planları
Azərbaycan qazının Serbiyaya tədarükü yaxın gələcəkdə artırıla bilər, tərəflər hazırda bu məsələ ilə bağlı müzakirələr aparırlar.
Bu barədə Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışında azərbaycanlı həmsədr, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan qazının Serbiyaya tədarükü bu il başlayıb və artıq bu ölkəyə 26 milyon kubmetrdən çox qaz verilib. “Lakin hazırda tədarük həcminin artırılması ilə bağlı müzakirələr aparılır. Ümid edirəm ki, yaxın gələcəkdə bu imkanlar reallaşdırılacaq", - nazir deyib.
Öz növbəsində SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov əlavə edib ki, Azərbaycan Dövlət Neft Şirkəti və Serbiyanın "Srbijagas" şirkəti qarşılıqlı əlaqələri genişləndirmək barədə razılığa gəliblər. O xatırladıb ki, Serbiya 2023-cü ilin noyabrında SOCAR və "Srbijagas" arasında imzalanmış müqaviləyə əsasən, 2024-cü ildən mütəmadi əsasda Azərbaycan qazı əldə edir. 2024-2026-cı illərdə Serbiya Azərbaycandan illik 400 milyon kubmetrədək qaz alacaq, 2027-ci ildən etibarən tədarükün həcmi 1 milyard kubmetrədək arta bilər.
Qazaxıstan neftinin tranziti
Bu ilin I yarısında Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə Azərbaycan ərazisindən tranzit həcmi 700 min tonu ötüb. Bu barədə "KazMunayGaz" (KMG) şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenovun Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə görüşünün yekunları ilə bağlı açıqlamasında bildirilib.
Bakıda keçirilən görüşlərdə Qazaxıstan neftinin Azərbaycan üzərindən sabit tədarükü qeyd edilib. 2023-cü ildə Aktau limanından Bakı istiqamətində 1,057 milyon ton neft göndərilib, bu ilin I yarısında isə bu rəqəm 700 min tonu ötüb.
“KazMunayGaz”ın sədri iki şirkətin birgə təşəbbüslərinin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib. Bundan əlavə, görüşdə karbonsuzlaşdırma sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Xatırladaq ki, 2022-ci ildə “KazMunayGaz” və SOCAR arasında Aktau-Bakı-Ceyhan marşrutu üzrə illik 1,5 milyon ton neftin tranziti haqqında beşillik müqavilə imzalanıb.
“Yaşıl enerji” hədəflərinin artımı
2030-cu ilə qədər Azərbaycanın enerji istehsalı gücündə bərpa olunan enerjinin payını 30%-dən çox etmək olar. Bunu energetika nazirinin müavini Kamal Abbasov bəyan edib.
Onun sözlərinə görə, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq hədəflənib: "Lakin enerji keçidinin hazırkı tempində bu pay 2027-ci ilə qədər 32,6 %-ə, 2030-cu ilə qədər isə 34,6 %-ə çata bilər".
Nazir müavini vurğulayıb ki, hazırda Azərbaycan beynəlxalq enerji şirkətləri ilə daxili istehlak üçün gücü 10 gigavata qədər olan "yaşıl enerji", növbəti onillikdə iqtisadiyyatın dekarbonizasiyası və ixrac layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edir.
Abbasov əlavə edib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə də işlər davam edir: "Bu istiqamətdə növbəti görüşün sentyabrda Buxarestdə keçirilməsi planlaşdırılır. Layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması 2024-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. Düşünürük ki, baş ofisi Buxarestdə olacaq birgə müəssisə 2024-cü ilin sentyabrında yaradılacaq. Serbiyanın bu layihədə iştirakı layihənin inkişafı baxımından tərəflər üçün faydalı olacaq".
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта