Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Gürcüstan Milli Elmlər Akademiyası (MEA) Ümumi yığıncağının müvafiq qərarı ilə bu qurumun xarici üzvü seçilib.
AME-dan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Tbilisi şəhərində Gürcüstan MEA Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib.
Əvvəlcə akademik İsa Həbibbəyli gürcü həmkarı, Gürcüstan MEA-nın prezidenti akademik Roin Metreveli ilə birlikdə Tbilisi şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib.
İclasda Gürcüstan MEA-nın prezidenti akademik Roin Metreveli akademik İsa Həbibbəylini görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı və siyasi xadim kimi dəyərləndirərək onun Azərbaycan-Gürcüstan elmi əlaqələrinin inkişafındakı xidmətlərindən danışıb. Onun iki ölkənin dost və qardaş xalqları arasında elmi-ədəbi əlaqələrin inkişafında böyük xidmətlər göstərdiyini diqqətə çatdırıb.
Sonra akademik Roin Metreveli Gürcüstan MEA-nın xarici üzvü diplomunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə təqdim edib.
Tədbirdə Gürcüstan MEA-nın vitse-prezidenti akademik Ramaz Xuradze, akademik-katib akademik Vladimir Papava, Dil, Ədəbiyyat və İncəsənət Bölməsinin akademik-katibi akademik Elizbar Cavelidze və başqaları çıxış ediblər. Çıxışlarda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin elmi yaradıcılığından danışılıb, iki dost və qardaş ölkənin elmi qurumları arasında yaradılmış möhkəm elmi-ədəbi əlaqələrin inkişafında onun böyük xidmətləri xüsusi vurğulanıb.
Sonda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçildiyinə görə minnətdarlığını bildirib, iki ölkə arasında elmi əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün bundan sonra da əzmlə çalışacağını bildirib. O, Azərbaycan aliminin Gürcüstan MEA-nın xarici üzvü seçilməsini qardaş Gürcüstanın Azərbaycan elminə verdiyi yüksək qiymətin ifadəsi hesab edib.
Sonra akademik İsa Həbibbəyli Gürcüstan Dövlət İncəsənət Muzeyini ziyarət edib, qurumun rəhbərliyi və burada çalışan alimlərlə görüşüb. Görüş zamanı qarşılıqlı elmi əlaqələrdən söhbət açılıb, fikir mübadiləsi aparılıb.
AMEA rəhbəri Tbilisinin azərbaycanlılar yaşayan məhəlləsini də gəzib.
Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professor Givi Abduşelişvilinin müşayiətilə Tbilisidə Müasirlik Muzeyi ilə tanış olub. AMEA rəhbəri, həmçinin Kaxetiyanın Saqareco şəhərində “Bağ-Muzey”i ziyarət edərək burada professor Lali Qoqeliani və bir qrup alimlə görüşüb. Görüşdə iki ölkə alimlərinin qarşılıqlı elmi əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Akademik İsa Həbibbəyli Gürcüstanın fəxri xiyabanı hesab edilən Panteon Muzeyini də ziyarət edib.