RU

Qələbəmizin rəhni: dövlət-xalq-ordu birliyi

35 il əvvəl 1988-ci ildə Azərbaycan bütün dünyanın gözü qarşısında mənfur qonşusu tərəfindən ədalətsiz bir savaşa cəlb edilib. Ermənilər dinc əhalimizə tarixdə görünməmiş əzablar veriblər. İşğal dövründə təbiətimizə, milli-mənəvi dəyərlərimizə qəsd olunub, Azərbaycanın yeraltı və yerüstü sərvətləri talanıb. Lakin bu gün biz bu münaqişənin başlanması barədə tamamilə başqa ovqatda söz açırıq. Çünki illərdən bizi gözüyaşlı qoyan, torpaq həsrətiylə yaxıb-yandıran Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. 3 il bundan əvvəl tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnib. Azərbaycan xalqının səbir kasasını dolduran növbəti erməni hərbi təxribatına qarşı 2020-ci il sentyabrın 27-də bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etməklə Azərbaycan xalqının gücünü, mətinliyini, mübarizliyini bütün dünyaya nümayiş etdirdi.

44 günlük mübarizədə xalq ordusuna dəstək oldu. Hər kəs əlindən gələnin daha artığını etməyə çalışırdı. Və bu birlik bizi qələbəyə ruhlandırdı. Həmçinin onu da qeyd etməliyik ki, müharibə zamanı təkcə bir həftə ərzində 50 mindən çox gəncimiz ordu sıralarına yazılaraq adını eşidib, amma özünü görmədiyi doğma Qarabağını düşmən tapdağından azad etməyə hazır olduğunu bir daha sübut etdi. Ali Baş Komandan İlham Əliyevin vətənpərvərlik ruhunda olan çağırışı könüllülərin sayını artırdı. Bu fakt bir daha ordu ilə xalq arasında möhkəm birlik və qələbə əzminin olduğunu təsdiqlədi. Döyüşlərin ilk günündən Azərbaycan xalqı "Hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün" şüarı ilə ordumuzun tam qələbəyə nail olması üçün əlindən gələni etdi. Bütün dünya azərbaycanlıları eyni amal uğrunda bir yumruq kimi birləşərək Prezident İlham Əliyevin növbəti yeni qələbə xəbərlərini gözləyirdi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə, təntənə ilə qarşılandı, müzəffər Ali Baş Komandanımıza, əzmkar Ordumuza dərin minnətdarlıq ifadə olundu. Bütün dünyaya məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızın iradəsini sındırmayıb, onun inam və əzmini sarsıtmayıb. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə hər vətəndaşımız bir əsgər, zabit oldu. "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" şüarı dilimizin ən əziz, qürurlu kəlməsinə çevrildi. Nə xoş bizlərə ki, bu şərəfli tarixin şahidləriyik.

44 günlük savaşda qazandığımız Qələbə sanki yeni azərbaycanlı obrazını yaratdı. Qələbədən sonra daha bizə bütün dünya başqa gözlə baxır. Bu ovqatı qorumaq və əbədi yaşatmaq hər birimizin borcudur. Dövlət-xalq-ordu birliyi əsasında qazanılmış şanlı Tarixi Zəfərimiz nəticəsində hazırda erməni faşistlərindən xilas edilən ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, işğaldan azad edilmiş bütün torpaqlarımızda həyat yenidən öz axarına düşəcək və erməni vandalları tərəfindən viran qoyulan ərazilərimizdə bütün yaşayış məntəqələri və infrastruktur yenidən qurulacaq, inkişaf edəcək. Ərazi bütövlüyünü bərpa edən, tarixi torpaqlarında üçrəngli bayrağımızı ucaldan Azərbaycan dövləti bu tarixi Qələbədən sonra daha da qüdrətlənəcək, inkişaf edəcək.

Bu gün xalq orduya inanır, ordu xalqa güvənir. Deməli, yaradılan nümunəvi xidməti şəraitin və hərbi xidmətin düzgün təşkilinin, hərbi qulluqçularımızın yüksək intizama və döyüş qabiliyyətinə malik olmasının, əldə olunan uğurların və ən nəhayət, qazanılan zəfərlərin əsasında dövlət-xalq-ordu birliyi dayanır.

"Bizim hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik. Biz "nəyi nə vaxt, necə etmək lazımdır bilirik" deyəndə, məhz bunu nəzərdə tuturduq... Qarabağ Azərbaycan torpağıdır və biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik və bu mövqe xalq tərəfindən dəstəklənirdi. Çünki bunun başqa variantı ola bilməzdi". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə "Gülüstan" sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə söyləyib.

Röya RÜSTƏMLİ,

"Respublika".

Избранный
594
50
respublika-news.az

10Источники