RU

Elçin Orucovun evindən oğurluq edən şəxsin məhkəməsi keçirildi

Əməkdar mədəniyyət işçisinin evindən külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Üzeyir Kərimovun məhkəməsi keçirilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Təqsirləndirilən şəxs ona edilən ittihamla özünü təqsirli bilməyib.

"Mən şikayətçi Elçin Orucova nəyin pulunu vermişəmsə, onu evdən götürmüşəm, qarajdan heç nə götürməmişəm, yəni oğurluq etməmişəm. Ev yiyəsinə götürülən mallara görə 47 min 800 manat pul ödəmişəm. Oğurluq maddəsi ilə ittiham olunduğumu həbs olunduğum gün bilmişəm. Mən Elçin Orucovun yaşadığı bina ilə üzbəüz binada mühafizəçi işləmişəm. Ev yiyəsi Elçin mənə dəfələrlə xahiş edib ki, get qarajdan, evdən nəsə götür gətir. Qarajın açarı bizdə olub, evin açarı daim özündə olub. Həmin evdən əntiq əşyaları yad adam götürməyib. Mənə Elçin müəllimin sifarişi ilə həmin mallar satılıb. Saxlanılanda sürdüyüm avtomobil, həmçinin evimdən qızıl əşyaları və 500 manat pul götürülüb. Elçinin evinə girməyimə gəldikdə isə, adını çəkmədiyim həmin adam mənə deyib ki, evdə burdan o yana keçmə. Elçinin öz votsap yazışmalarında həmin götürülən malların qiymətləri var. Mən bu işlə bağlı Elçinə məktub yazmışam".

Xatırladaq ki, cinayət işində 2 nəfər - Orucov Elçin Aydın oğlu və Orucova Alisa Yuryevna zərərçəkmiş qismində tanınıb.

Məhkəmə təqsirləndirilən şəxsin vəkilinin vəsatəti əsasında zərərçəkən şəxs Elçin Orucovun məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxardıb.

Məhkəmə prosesi sentyabrın 4-nə kimi təxirə salınıb.

Ü.Kərimova qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınan Elçin Orucov əməkdar mədəniyyət işçisidir və o, Səttar Bəhlulzadə adına sərgi salonunun direktorudur. Həmçinin o, əntiq, qədimi əşyaların satışı ilə məşğuldur, məşhur kolleksionerdir.

Orxan Rasifoğlu

Избранный
176
20
e-huquq.az

10Источники