“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidəçiləri 84 saylı Füzuli seçki dairəsində olublar. Onlar seçki məntəqələrinə baş çəkib, seçkiyə hazırlıq prosesini izləyiblər. Heç bir neqativ hal qeydə alınmayıb, hər şey qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Dairədə qeydiyyatdan keçən 1211 yerli müşahidəçi də səsvermə prosesini izləmək imkanı qazanıb”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 84 saylı Füzuli DSK-nın sədri Yavər Məmmədov deyib. O bildirib ki, dairə üzrə qeydiyyatda olan 54 min 246 seçici Milli Məclisə seçkilərdə 78 məntəqədə səsvermə hüququndan istifadə edə biləcək. Səsvermə hüququndan ilk dəfə istifadə edəcək 583 seçici var: “Seçkinin şəffaf şəkildə keçirilməsi üçün qanunvericiliyə uyğun şəkildə bütün şərait yaradılıb. Dairədə 8 namizəd mübarizə aparır, onların seçkiqabağı təşviqat kampaniyası davam edir. Namizədlər təşviqat materiallarını məntəqələrdə quraşdırılmış lövhələrə asır, o cümlədən, qapalı və açıq görüş yerlərində seçicilərlə görüşürlər”, - deyən DSK sədri 7 seçki məntəqəsində veb-kameranın, 11 məntəqədə isə pandusların quraşdırıldığını da qeyd edib.