London, 27 avqust, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer Mühafizəkarlar Partiyasının hökumətdə olduğu dövrdə imzalanmış 40 milyon funt sterlinq dəyərindəki helikopter müqaviləsini ləğv edib.
AZƏRTAC xəbər verir ki, “Downing Street” və Müdafiə Nazirliyi tərəfindən müqavilənin yenilənməməsi qərarlaşdırılıb.
Xatırladaq ki, sabiq Baş nazir Rişi Sunak vəzifədə olduğu müddətdə helikopterlərdən tez-tez istifadə etdiyi üçün tənqid hədəfinə çevrilmişdi. BBC telekanalının 2023-cü ildə apardığı araşdırma zamanı Rişi Sunakın əvvəlki üç baş nazirə nisbətən daxili uçuşlarda daha çox Kral Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərindən istifadə etdiyi ortaya çıxmışdı.
Leyboristlər Partiyasındakı mənbələrdən biri isə bildirib ki, “VIP vertolyot xidmətinin” ölkənin qalan hissəsinin üzləşdiyi real problemlərlə heç bir əlaqəsi yoxdur və bu, Mühafizəkarlar hökumətinin israfçılıq siyasətinin simvolu kimi qiymətləndirilməlidir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London