AZ

“Xətai rayonu Bakının yeni mərkəzi olmalıdır” – Zahid Oruc seçicilərə müraciət etdi-FOTOLAR

1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində Xətai 33 saylı 1-ci seçki dairəsindən namizəd olan Zahid Oruc Zəfər meydanından başladığı təbliğat-təşviqat kampaniyasını tərəfdarlarının ruh yüksəkliyi və qətiyyətli inamı ilə Zəfər Meydanında da uğurla başa çatdırdı. 

Gənc yaşlarından onu Qarabağ torpağında qəbul edən və ictimai-siyasi xadim kimi formalaşmasında müstəsna rol oynayan, qədim dövlətçilik ənənələri ilə öyündüyü Bərdə əhalisinə dərin ehtiramını ifadə etdiyi ilk bəyanatında Zahid Oruc namizəd kimi Xətai rayonunu seçərkən, birinci növbədə, beyin mərkəzi kimi çalışdığı sahənin sosioloji tədqiqatçılıq üstünlüklərinə əsaslandı, digər tərəfdən, ötən seçkilərdə yaxındantanımaq imkanı qazandığı ərazinin xüsusiyyətləri, o cümlədən, Vətən Müharibəsində əbədi borclu olduğumuz şəhidləri, Milli Qəhrəmanları, fədakar veteranları ilə fəxr edən sadə və bütöv vətəndaşların, dəyərli ziyalıların və dövlətçilik mövqeyində olan qüvvələrin dəstəyinə arxalandığını dilə gətirdi.

Həmin müraciətdə deyilirdi: “Suverenliyimizin tam təmin olunduğu hazırki qürurlu və məsuliyyətli şəraitdə böyük Xətainin adını daşıyan rayonumuzda keçirilən ilk parlament seçkiləri tariximizlə də səsləşir. 120 yaşlı inzibati-ərazi vahidinin böyük sərvətimiz olan insan potensialı, güclü sənaye infrastrukturu, mühüm kommunikasiya qovşaqları mövcuddur. Ölkəmizdə Zəfər tarixinin ilk prezident seçkiləri ilə başlayan cari 2024-cü ilin ikinci yarısında keçiriləcək seçkilərlə bütün hakimiyyət institutlarının formalaşması Qarabağın 30 ildən artıq işğalına tam son verildiyi dövrün ən böyük siyasi hadisəsidir. Sovetlərin dağılmasından sonra Azərbaycanda siyasi proseslərin təməl mövzusunu Qarabağ təşkil edib. Müxtəlif qüvvələrin ümumilli problemin həlli şüarları ilə siyasi səhnəyə gəlməsi və getməsi də torpaqların azad edilməsi faktoru ilə müəyyənləşib. “Bu seçki kampaniyası əvvəlkilərdən nə ilə fərqlənir?” sualına ən böyük cavab 8 noyabr Zəfər və 20 sentyabr Bütövlük günüdür. Prezident İlham Əliyev – “Qələbəmizin nəhəng geosiyasi arxitekturada “böyük layları tərpətməsi”, nəinki ölkəmizdə, eləcə də, regionda və dünyada tamamilə yeni reallıqların yaranmasına, mövcud dünya nizamının laxlamasına təkan verməsini xüsusi qeyd edib.

 

 

Tariximizdə ilk dəfə, deputatlığa namizədlərin seçki proqramlarında “Ümumilli problem”, “Qarabağ münaqişəsi”, “Qaçqın və məcburi köçkünlər” adlanan bəndlər yer almayacaq. 14 fevral tarixində inaqurasiya mərasimində dövlət başçısının Yeni Tarixi Mərhələnin bəyanı, erkən parlament seçkilərinin izahında əsaslı arqumentdir. Azərbaycan məğlub ölkə əsrindən Qalib ölkə Yüz ilinə qədəm qoyub. Müstəqillik tariximizin ən ağır: “Zəfərə qədərki” dövrü sona çatıb, “Zəfərdən sonrakı” qalibiyyət tarixi yazılır. Qanunvericiliyin tələblərinə əməl etmək, şəffaflığı qorumaq, o cümlədən ictimai fikri öyrənmək və qarşıdakı planları qurmaq məqsədilə deputatlığa namizədin yaratdığı Seçki Qərargahının qarşısında birinci mərhələdə qoyulan vəzifə hədəfləri düzgün müəyyənləşdirmək, məsuliyyət zonaları üzrə tapşırıqları və mütəmadi hesabatlılığı təmin etmək, irəli sürüldüyü ərazinin əsas infrastruktur və kommunal vəziyyətini, ictimai qayğılarını, problemlərini və fərdi tələblərini, iqtisadi inkişaf yolunu, xüsusilə əhalinin müxtəlif təbəqələrinin arzu və istəklərini peşəkar idarəçilik nöqteyi-nəzərindən təhlil edib gələcək yol xəritəsini müəyyənləşdirmək idi.

 

 

Şəffaf qaydada və əksər media orqanlarına təqdim edilən fotosübutlarla toplanan seçici imzaları ilk növbədə, vətəndaşların ilkin ictimai reaksiya testi oldu. Digər tərəfdən, problemlərin matrisini tərtib etmək də əsas tələblərdən biri idi. Prosesin uğurla aparılması, namizəd, komanda və əhali arasında sağlam anlaşma mühiti, sosial maraqların toqquşmasına yol verilməməsi, xüsusilə keçmişdə müxtəlif mənafelərin uzlaşa bilməməsindən Xətai ərazisinin siyasi münaqişəli zona kimi tanınmasına rəvac verəcək heç bir etnik, dini, siyasi və sosial, o cümlədən alternativlərə qarşı intriqalara, çirkli kampaniyaya yol verilmədi. Ən əsası, vətəndaşların məşğulluq məsələləri, kreditlərə əlçatanlığı, yaşayış binalarının istismar vəziyyəti, müddəti və hüquqi sənədlərə dair təminatları, təhsil və icbari tibbi sığortaya çıxış imkanları, dövlət qulluğuna qəbul və həssas təbəqələrin – şəhid ailələri, qazi və veteranların sosial müdafiəsi və gənc nəslin gələcəyinin qurulmasına dair məsələlər və digər mühüm milli mövzular sistemləşdirilərək Seçki Qərargahına təqdim olunmaqla real seçki proqramını hazırlamaq imkanı yarandı və görüşlərdə iştirak edən hər kəs namizədlə eyni ranqda, statusda olduğunu hiss etdi. 

 

 

 

Vurğulamaq yerinə düşər ki, ərazidə vətəndaşların mühüm bir hissəsinin uzun illər prinsipiallıqla dövlətçilik mövqeyində dayanan və Ulu Öndər Heydər Əliyevin kursuna sədaqətlə xidmət edən Zahid Orucu Parlamentin fəal üzvü kimi tanıması, əvvəllər təmsil etdiyi bölgə üzrə gördüyü işlər, sabit ictimai-siyasi fəaliyyətini müsbət qiymətləndirməsi və Milli Məclis deputatının ilk növbədə, əhalinin əsas istək və arzularının dövlət-hökumət orqanlarına çatdırması üçün mühüm status-platforma olduğunu vurğulamaları mühüm məqamlar kimi dəyərləndirilə bilər.

Xüsusilə, Vətən müharibəsində Qələbədən sonra bütün hakimiyyət orqanlarından gözləntilərin artması inkaredilməz faktdır və belə bir gerçəklikdə əhali ilə düzgün kommunikasiyanın qurulmasını, onların dövlətçiliyə olan etibarının qorunub saxlanılmasını bir nömrəli məsələyə çevirir. Əlbəttə, Milli Məclis üzvü təkcə milləti təmsil etmir, həm də onun gələcək ideallarının və hədəflərinin, baxışlarının formalaşdırılmasında bəlli səlahiyyətlər çərçivəsində iştirak edir. Ona görə də paytaxtın ən böyük sənaye və iqtisadi rayonlarından olan Xətaidə bütün hakimiyyət orqanları, o cümlədən, ərazidən Milli Məclisə seçiləcək deputatlar arasında daimi koordinasiya, dairə bölgüsü fərqi qoymadan birgə çalışmalar tələb olunur. Deputatlığa namizədə verilən imzalar içərisində Vətən müharibəsi şəhidi, yaşadığı ünvanda adına anım guşəsi yaradılan və insanlarımızın ehtiram yerinə çevrilən Eldar Əliyevin atası Süleyman Əliyevin, şəhid Nurəhməd Ulubəyovun anası Tahirə Ulubəyovanın timsalında xeyir-dualarını verən hər bir dəyərli xətailiyə, ötən günlər ərzində dəstəyini göstərən tanınmış ziyalılara, alimlərə, müəllimlərə və sənətçilərə, sadə zəhmət adamlarına dərin hörmət və ehtiram ifadə olunmuşdu. Seçki Qərargahı toplanan bütün rəyləri qarşıdakı fəaliyyət planı və gələcək vəzifələr sırasına daxil edəcəyinə hər kəsi əmin etdi, ərazidə son 5 ildə parlament təmsilçisinin olmamasından qaynaqlanan gerçəkliyin dəyişməsi üçün yerli hakimiyyət orqanları ilə birlikdə çalışacağına vətəndaşlarımızda möhkəm inam yaratmağı bacardı.

 

 

 

Zahid Oruc seçki mübarizəsinə elmi və təşkilati baxımdan yüksək məsuliyyətlə başladı, təcrübəli sosioloq və politoloqlardan, o cümlədən, xətaili tanınmış ziyalılardan və müxtəlif sahələri təmsil edən insanlardan ibarət Seçki Qərargahını formalaşdırdı. Burada onunla eyni Mərkəzdə çalışan, lakin seçki dövründə əmək məzuniyyətində olan tanınan simalar fəal təmsil olunurdular. Tanınmış tədqiqatçı sosioloq Əfqan Vəliyev, politoloq İlyas Hüseynov, politoloq, teleaparıcı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural İsmayılov Seçki Qərargahında ön planda idilər və böyük siyasi təcrübə qazandılar. Namizədin bütün görüşlərindən əvvəl vəkillər ərazidə insanları dinləyərək, problemləri qeydə alır, vətəndaşlarla səmimi ünsiyyət qururdular. Zahid Oruc daha yaxından məlumat aldığı auditoriya qarşısında ünvanlı və nəticəli çıxışlarla, konkret qərar və addımlarla qədirbilən xətaililərin təmsilçisi olmağa layiqliliyini nümayiş etdirirdi. Bir çox müraciətlər yerindəcə həll edilirdi. 

 

 

 

Bütün təşviqat dövründə Zahid Orucun rəsmi sosial media hesabları aktiv paylaşımlar etdi, mediada onun seçki təbliğatına ciddi maraq müşahidə edildi. Əvvəlki seçkilərdə seçicilər qarşısına görülən işlərin hesabatına dair hazırlanan müxtəlif formatlı çap məhsulları ilə çıxmaq ənənəsini davam etdirərək, xətaililərlə görüş üçün “Xüsusi Buraxılış” nəşr edildi. Namizədin geniş ictimai-siyasi fəaliyyəti ilə yanaşı, dövlət və hökumət orqanları ilə yaxından əməkdaşlıq çərçivəsində təmsil etdiyi bölgədə görülən işlərə dair ətraflı məlumatlar, o cümlədən, 33 saylı Xətai 1-ci seçki dairəsi üzrə aparılan müşahidə və qiymətləndirmənin nəticələri əsasında hazırlanan Seçki Platforması məcmuədə əksini tapdı. Eyni zamanda, Zahid Orucun çoxşaxəli fəaliyyətinin müxtəlif məqamları, məqalə, çıxış, şərh və yerli, beynəlxalq tədbirlərdə iştirakına dair faktlar, mühüm məlumat bazaları da seçicilərin tələbləri və mənafeləri baxımından qruplaşdırılaraq, geniş auditoriyaya təqdim olunurdu. Zahid Oruc ərazini öyrənərək Xətai üçün platforma ilə yanaşı, bütövlükdə millət vəkilinin üzərinə düşən vəzifələri və gələcək ümumdövlət hədəflərini də seçicilərinə çatdırmağı bacardı.

 

 

İlk sual Xətai seçicisinin siması, vətəndaş portretinin müəyyənləşdirilməsi idi. Onun siyasi platformasından sitat: “Bakı rayonlarının quruculuq tarixi əsasən, tikinti ərazilərinin 70-ci illərdə sovetlərin sürətli inkişaf dövrünə təsadüf edir. Çoxluğu inşaat mühəndislərinin, ali təhsilli təbəqənin övlad və nəvələrinin yaşadığı ərazidə respublikamızın bütün coğrafiyası təmsil olunur, “yığma komanda” kimi məskunlaşma mövcuddur və bəzən iki kəskin mənzərə – meqapolislərə xas şəhər infrastrukturu ilə qeyri-standart tikililər dinc yanaşı yaşayır. Xətai rayonunun memarlıq simasındakı “Ağ şəhər”lə baş verən inqilabi dəyişiklik fonunda son 30-40 ilin təbəddülatlarının – Ermənistandan gələn köçkünlərin və daxili miqrantların daha çox məskunlaşdığı sosiokulturoloji bir məkan qeyri-rəsmi olaraq, Bakının paytaxtı sayılan Səbail səviyyəsində sürətlə yeniləşməyə ehtiyac duyur. İlk baxışda, səthi müşahidələrlə klinikaların çoxluğu və rusdilli əhalinin müəyyən ərazilərdə kompakt yaşaması, elit yaşayış massivləri ilə bərabər, su, yol, ictimai iaşə və istirahət yerlərinə ehtiyac duyan əhalinin hakimiyyət orqanları qarşısında qoyduğu tələblər hədsiz çoxdur. Sözügedən sahələrdə alınacaq qərarlar mötəbər məlumat bazalarını və dövlət-vətəndaş əməkdaşlığını tələb edir. Xətai rayonu Bakının yeni mərkəzi olmalıdır. Həm sosial-iqtisadi, həm sosio-mədəni, həm də dil və region mənsubiyyəti baxımından dairənin seçicilərinin rəngarəng, koloritli, məşğulluq göstəricilərinə görə müxtəlif və iqtisadi fəal əhali qrupu olması onun zənginliyidir və vahid ideyalar, proqramlar, siyasətlər ətrafında birləşməsinə əsla mane olmur. Artıq milli sərvətə çevrilən 44 günlük müqəddəs müharibədə yaşadığımız ümumxalq həmrəyliyini daxili siyasətə daşımaq gərəkdir. İstər “Qənimətlər parkı”, istərsə də “Zəfər muzeyi”nin özünə doğma ünvan tapdığı və millətimizin tarixində əbədilik yaşayacaq parlaq hərbi Qələbəmizin simvollaşdığı bir rayonun idarəetmə və iqtisadi statusunu artırdıqca böyük Xətainin bütövləşdirdiyi bir Vətənin ayrılmaz parçası kimi şəhər planlaşdırılmasından, əhalinin sosial və iqtisadi istəklərinə qədər hamısını qurucu bir platformada birləşdirmək mümkün olacaqdır.

 

Zahid Oruc bütün görüşlərini aşkarlıq şəraitində, hər hansı inzibati binanın, qurum və şəxslərin himayəsi altında deyil, bütün ictimai və insani resursların səfərbərliyi, müasir seçki texnologiyaları ilə yanaşı, millətimizin tarixi özəlliyini əks etdirən xüsusiyyətlərin, bağların, əlaqə və təsir vasitələrinin birləşdirilməsi prinsipi üzərində qurdu. Heç bir namizədə qarşı qarayaxma aparılmadı və “uğurlar müttəfiqimiz, problemlər rəqibimizdir” şüarı ilə hərəkət olundu. Hər bir siyasi addımın qayəsini müxtəlif manipulyativ hərəkətlər və seçici üzərində qurulan sosial psixoloji eksperimentlər deyil, daha çox vətəndaşlarımızı öz işıqlı gələcəyini birlikdə qurmağa inandırmaq və 1 sentyabrda-Qələbə ayında siyasi imtahana yalnız “seçici-namizəd” prinsipi ilə deyil, daha çox xalqımızın çoxəsrlik tarixinin yeni mərhələsinə – Yeni Yüz İlə qalibiyyətlə başladığı kimi onu davam etdirmək və möhkəmləndirmək əqidəsi ilə yanaşıldı. Namizədin bütün siyasi baxışlarını bir parlaq tezis özündə dəqiq əks etdirirdi – xalq ayağına gələni qaldırır, əksinə edəni isə sürüyüb taxtdan salır. Seçki təşviqatı dövründə məhəllə-məhəllə görüşləri xüsusi effekt doğururdu, seçicilərə bilavasitə xitab olunması rəğbətlə qarşılanırdı.

 

 

 

İlk görüşə 9 avqustda Zəfər Meydanında başlayan Zahid Oruc seçkilərə ölkəmizin müstəqillik tarixində ilk dəfə, Yeni dövrün işğal və köçkünlük keçmişinə son qoyulduğunu, torpaqlarımıza qarşı qəsdin aradan qaldırıldığını, hər bir partiya, hərəkat və fərdlərin üzərinə düşən tarixi missiyanın kardinal dəyişdiyini Xətai 33 saylı 1-ci seçki dairəsindən insanlara çatdırmağın bənzərsiz ictimai-siyasi və dövlətçilik hadisəsi olduğunu birinci mesaja çevirdi. “Ulu Qarabağın ayrılmaz parçası olan, 100 mindən artıq məcburi köçkünü son 33 ildə qoynuna alan Bərdə rayonunun təmsilçisi adını hər zaman qürurla daşımağa çalışdıq, qədirbilən bərdəlilərə özümüzü borclu saydıq”, – deyərək yola davam edərkən, Vətən müharibəsində Qələbəyə gələn şərəfli yolu Ali Baş Komandanın rəhbərliyi altında birgə keçərkən bütün bölgələr kimi, həyatında köklü dəyişikliklər baş verən Bərdəyə hər zaman yüksək ehtiram və hörmətini qoruyub saxlayacağını, ölkəmiqysalı siyasətə vəsiqə qazandığı doğma Qarabağ camaatına hər zaman borclu olduğunu bütün görüş və çıxışlarında ana xətt kimi təqdim etdi. Şübhə yoxdur ki, indi daha tələbkar azərbaycanlı seçici qarşısında uğur hekayəsi ilə çıxış etməyən, yalnız müasir rəqəmsal platformlarda virtual mövcudluqlar kimi siyasi ömür sürən və xalqın gerçək həyatından uzaq millət təmsilçiliyinə iddia edən kimsələrə etimad göstərməz, onlara taleyini tapşırmaz. 2024-cü ilin parlament seçkilərində Qarabağın azadlığından sonrakı dövrün bütün partiyaları, hərəkatları və namizədləri Yeni Siyasi Gündəliyin formalaşdırılmasında maraqlı olmalıdır. Elə bir Parlamentin seçilməsi zərurətə çevrilib ki, ideoloji dayaqları Ulu Öndər ideallarına söykənərək, bütün siyasi baxış və görüşləri özündə birləşdirsin, hakimiyyət orqanları arasında çevik balanslaşdırma yaratsın, xalqla kommunikasiya platformasına çevrilsin və məhz bu milli birliklə ölkəmizə qarşı gözlənilən xarici hücumlara qarşı siyasi sipər olsun. Qlobal təhlükəsizlik və regional geosiyasi təhlükələrin yaratdığı riskləri gündəlik rejimdə izləyən dünya və Azərbaycan insanı üçün ölkədaxili siyasi münasibətlər sistemində başlıca rəhbər prinsip dünya və yerləşdiyin bölgədə getdikcə artan hərbi toqquşmaların, coğrafiyası böyüyən dağıdıcı müharibələrin mənfi təsirindən qorunmaq, milli və vətəndaş həmrəyliyini təmin etməkdir. Hakimiyyət uğrunda istənilən siyasi mübarizə məhz bu prinsipi əldə əsas götürməlidir. 

 

 

 

Azərbaycanın müstəqilik tarixində formalaşan ilk Parlament hələ təməlləri yenicə atılan milli dövlətçiliyi kökündən sarsıdan, silahlı hərbi birləşmələrin, separatçı qüvvələrin, iqtisadi mənafe qruplarının, o cümlədən etnik qarşıdurmlara rəvac verən aşırı ideoloji-siyasi baxışların toqquşduğu bir məkan idi. 1990-cı ildən ötən 34 il ərzində keçilən yol tələb edir ki, 2024-cü ildə qanunverici hakimiyyyətin qurulması, Parlamentin gələcək obrazı ən ümdə prinsipi Vətən müharibəsində parlaq Qələbəmizi qoruyub saxlamaq və onu xarici təhlükələrdən hifz etməkdir. Ona görə də hazırda bütün partiya, hərəkat və fərqli sosial qrupların bir-biriylə uzlaşmayan istək və tələbələri məhz təhlükəsiz Azərbaycan idealında birləşir, hamının mənafelərinə cavab verir. Parlamentin legitimliyi xalqın öz namizədinə güvəni, etimadı üçün çox önəmli şərtdir.

Yeni Parlament dövlətçiliyin gücləndirilməsində Prezidentin siyasətinə ən gerçək töhfəni verə bilən, vətəndaşla dövlət arasında ən səmimi və işgüzar ünsiyyət qura, problemlərin həllinə dəstək ola bilən struktura çevrilməlidir. Torpaqlarımızın işğalına səbəb olan və bütün partiyaların siyasi meydana gəlməsinin əsasına çevrilən itirilmiş Qarabağ səhifəsinin qapandığı və bütövlük, qalibiyyət əsrinin başlandığı 2024-cü ildə Zəfər Parlamanti ideyası ilə çıxış edən müstəqil namizəd Zahid Oruc seçki mübarizəsini, “parçalanmalara və daxili toqquşmalara yol verməyən, yalnız xalqın maraqlarına söykənən və konkret ərazidə yaşayan əhalinin ümdə arzularını yerinə yetirən taleyüklü mərhələ” kimi dəyərləndirir. Seçki Platformasını Xüsusi buraxılışla seçicilərə çatdırmaq üçün qanunvericiliklə müəyyənləşmiş yerlərdə görüşləri və birbaşa təmasları əsasında namizədin gələcək təmsilçisi olmağa çalışdığı Xətai rayonunda 8 noyabr Qələbəsindən sonra Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən verilən qərarla bir vaxtlar Xocalı abidəsi ətrafında səfərbər olunan bir millətin 44 günlük müqəddəs müharibənin qəhrəmanlığının əbədiləşdirildiyi, simvollaşdırıldığı tarixi bir ünvana çevrilməsi hər bir vətəndaş, o cümlədən xalq təmsilçilərindən ötrü bir nömrəli ehtiram və ziyarət ünvanı olmalıdır.

 

 

Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində yaradılan abidə kompleksi qarşısında bir qrup xətaili gənc və siyasi həmfikirlə toplaşaraq, əsas siyasi idalını və proqramını növbəti dəfə seçicilərə nümayiş etdirən Zahid Oruc xüsusilə yeni nəslə güvəncini və inamını ifadə etdi. Qələbəmizi qanı və canı ilə qazanan gəncliyin indi qalib dövlətdən gözləntilərinin daha da artdığını hakimiyyət oqranları üçün mühüm çağırış adlandıran namizəd çoxsərlik savaşın millətimizin xeyrinə həll olunduğu kimi, bütün daxili problemləri də çözməyə qadir olduğumuzu qətiyyətlə söylədi. Müxtəlif ali məktəbləri və peşələri təmsil edən, hazırda əmək fəaliyyətlərini fərqli sahələrdə davam etdirən gənclər namizədlə fərdi görüşdən məmnuniyyətlərini ifadə edərək, arzu və istəklərini, daimi əməkdaşlıq platformaları və birgə çalışmaların yollarını dilə gətirdilər. Xətai rayonunun həyatında baş verən inkişaf və dəyişiklikləri qürurla qeyd edən seçicilərin hamısını birləşdirən ümumi tələblər, dövlətin vətəndaşın yanında olması, gənclərin karyera quruculuğu, müxtəlif dövlət xidmətlərindən faydalanmaq üçün qarşılaşdıqları maneələrin aradan qaldırılması, işsizlik problemləri, şəhər infrastrukturunun yenilənməsi zamanı mülkiyyət hüquqlarının qorunmasının vacibliyi, şəhid ailələri və qazilərin dövlət protokolunda birinci sırada nəzərə alınması və digər mühüm təkliflərini irəli sürürdülər. Qaldırılan əksər məsələlərə dair müvafiq cavablar verilirdi, gələcək vəzifələrin və öhədiliklərin sırasında onların xüsusi yer tutacağına əminlik ifadə olunurdu.

 

 

Sonrakı görüşlər ardıcıl olaraq Neapol 7 küçəsində, Lütfi Zadə və Məzahir Rüstəmov küçəsinin 150-dək sakini ilə, Məhsəti küçəsi 3 a binasının sakinləri ilə, Xətai S.Ə, Şirvani küç. 3 ünvanında yerləşən Protez-Ortopedik istehsalat və Reabilitasiya Mərkəzinin akt zalında 33 saylı dairənin fərqli ərazilərindən olan sakinlərlə, Abdulla Rəhimov 3 küçəsinin, Məzahir Rüstəmov küçəsi 20-də yaşayan vətəndaşlarla, Sarayevo küçəsi 15-in sakinləri ilə, ərazidə yerləşən 138 nömrəli məktəbin bir qrup müəllimi ilə, Məhəmməd Hadi 51 küçəsinin sakinləri ilə, Məzahir Rüstəmov 14 küçəsi seçiciləri, Babək Prospekti 76-da, Lütfi Zadə 16-da, Məhəmməd Hadi küçəsi 136-da, İlham Məmmədov 20-də, kənd Əhmədlinin mərkəzi meydanında, Lütfi Zadə 18 və 18 a küçələrində gerçəkləşdi. Ərazini hansısa qurumların arayışlarından deyil, bilavasitə fərdi şəkildə gəzərək insanlarla ünsiyyətdən tanıyan Zahid Oruc təbliğat dövründə onlarla şəhid ailəsi və qazilərlə doğmalaşdı, insani bağlar yaratmağa nail oldu. Onların qaldırdıqları məsələlər bir-bir dinlənir, hamıya yüksək ehtiramla yanaşılırdı. Söhbətgahları məhəlli və məişət diskussiyaları yerindən dövlət və milli əhəmiyyətli görüş meydanına, daha üst səviyyəli siyasi görüşlər məkanına çevirən Zahid Oruc hansı əraziyə baş çəkdisə, fərqli sosial kateqoriyaların təmsilçiləri ilə təmasda oldusa, hamısında xüsusi sayğı ilə qarşılandı. Zahid Orucla görüşə gələnlər sadə, zəhmətkeş insanlar, həkimlər, müəllimlər, təqaüdçülər, tələbələr, gənclər və bütün əhali qruplarından olan seçicilər idi. Zahid Oruc onlarla şəhid ailəsini dinlədi, qazilərə qulaq asdı. 

 

 

Təbliğat dövründə 10 şəhid ailəsi ziyarət edildi. Bütün görüşlərdə qırmızı xətt kimi keçən tezislərdən biri – Vətən müharibəsində parlaq qələbədən sonra Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə daha böyük nailiyyətlərin qazanılması üçün hər bir dövlət və hakimiyyət təmsilçisinin məsuliyyətlə çalışmasını, təkcə seçki kampaniyası dövründə deyil, hər zaman millətimizin tələb və müraciətlərinə həssaslıqla yanaşmalarını “Yeni Dövr”ün başlıca çağırışı olması təşkil edirdi. Qaldırılan bütün fərdi və ictimai problemlərə xüsusi diqqət göstəriləcəyini bildirən deputatlığa namizəd müvafiq dövlət orqanları ilə birlikdə müraciətlərin həllinə çalışacağına sakinləri əmin etdi. Görüşün sonunda Zahid Oruc səmimi söhbət və istiqanlı münasibət üçün sakinlərə dərin təşəkkürünü bildirdi. Şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin ailəsi və yaşadığı binanın sakinləri ilə, şəhid Vüsal Şahmarlının ailəsi və yaşadığı binanın sakinləri ilə, şəhid kapitan Həmid Abbasbəylinin ailəsinin yaşadığı məhəllə, şəhid Nurəhməd Ulubəyovun ailəsi, Əhmədli ərazisi kimi tanınan Əhmədli 3 küçəsində şəhid Eldar Əliyevin ailəsi ilə, Birinci Qarabağ Müharibəsi şəhidi Əsmət Səmədovun evində görüşlər xüsusi yaddaqalan oldu. Hər bir görüşün nəticəsi Zahid Orucun sosial media hesablarında və KİV-də geniş işıqlandırıldı.

Əhmədli kənd Cümə məscidinin yerləşdiyi, abadlıq işlərinin uğurla davam etdiyi Seyid Mirhəsən Ağa küçəsi 24-dəki mərkəzi meydanında maraqlı görüşlərdən biri gerçəkləşdi. Zahid Orucun günlərdir kənd Əhmədlidəki seçicilərə baş çəkdiyini, şəhid ailələrini ziyarət etdiyini eşidən kənd sakinləri görüşə böyük maraqla qatılmışdılar. Görüşə gələnlər Zahid Orucu aktiv millət vəkili kimi xarakterizə edərək bildirdilər ki, kənd Əhmədliyə ilk dəfədir hansısa namizəd gələrək insanların arasında olur, onların qayğılarını dinləyir, problemlərinin həlli üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırır.

Zahid Oruc bildirdi ki, “Oruc Allahın, seçim xalqın” ifadəsinin təkcə soyad kimliyini seçki şüarına çevirmək hadisəsi olmadığını qabartması, oruc əqidəsi və fəlsəfəsi ilə millətinə xidmət amalından irəli gəldiyini vurğulması insanlar tərəfindən alqışlarla qarşılanmışdı. Oruc Allahın müqəddəs əmrlərindən biridir, seçim isə xalqın konstitusion hüququdur. Əhmədli kəndindəki bir çox problemlərin həll edildiyini bildirən natiq prezident İlham Əliyevin ərazini ziyarət etməsi və qədimliyi, tarixiliyi, fərqli ornametləri özündə əks etdirən məhəllənin quruculuğuna dair şəxsi baxışlarını irəli sürməsi, kənddə şəhər tipli poliklinikanın yaradılmasında bilavasitə iştirakının ərazinin statusunu yüksəltdiyini, onu gələcək ən çox ziyarət olunacaq yerlərdən birinə çevirdiyini və hazırda hər addımda abadlıq işlərinin davam etdirilməsindən qürur duyduğunu vurğulaması da təbliğat dövrünün yaddaqalan məqamlarından biri sayıla bilər. Əhmədli kəndinin camaatının sadə, imanlı, zəhmətkeş olduğunu ən böyük sərvət adlandırılması xüsusi təsirli məqamlardan biri idi. Zahid Orucun tələbə adı qazanan xətaili gəncləri təbrik etməsi, onlara gələcək təhsillərində müvəffəqiyyət arzulaması da seçkilərin təsadüf etdiyi təhsil təqviminə xüsusi diqqət və ölkəmizin gələcəyini çiyinlərinə götürəcək yeni nəslə həssas münasibətinin göstəricisi idi. Seçki təşviqatı dövründə Zahid Orucun Kəlağayı Ev Muzeyində ehtiramla qarşılanması, Məzahir Rüstəmov 20 küçəsində yerləşən “Rəngli Dünyam” adlı əl işləri mağazasını xanım sahibkarlarımıza dəstək məqsədilə ziyarət etməsi seçki prosesinin sadə vətəndaş həyatından ayrılmaz olduğunu göstərmək baxımından əhəmiyyətli addım kimi qiymətləndirilə bilər. Yekun hesabatda xüsusilə vurğulanmalıdır ki, təbliğat-təşviqat kapmpaniyası çərçivəsində 1000-dən yuxarı şəxslə görüşlər keçirildi, 5000-dən artıq 24 səhifəlik nəfis tərtibli qəzet, bloknot, qələm ünvanlı olaraq vətəndaşlara çatdırıldı, seçici rəyini özündə əks etdirən 8 video-çarx yayımlandı, ictimai nüfuzu olan onlarla media və siyasət adamı, təhsil sferası təmsilçisi namizədin dövlət və millət həyatındakı uğurlu tərcümeyi halını alqışlayaraq, onunla mənəvi həmrəyliklərini ifadə etdilər və yeganə namizədlərdən Zahid Oruc oldu ki, onun bütün təbliğat kampaniyası formal-bir cümləlik paylaşımlarla deyil, 30-dan yuxarı press-relizlərlə yayıldı və bütövlük əsrinin başlanğıcı olan yeni seçki tariximizin uğurlu nümunələrindən biri oldu.

 

 

Bəli, tam inamla demək olar ki, Yeni Parlamentin obrazı-xalqın öz namizədinə güvəni, etimadı üçün çox önəmli şərtdir. Yeni parlament dövlətçiliyin gücləndirilməsində Prezidentin siyasətinə ən gerçək töhfəni verə bilən, vətəndaşla dövlət arasında ən səmimi və işgüzar ünsiyyət qura, problemlərin həllinə dəstək ola bilən struktura çevrilməlidir! Qədirbilən Xətai sakinlərinin son 2 ay ərzində göstərdikləri yüksək mənəvi keyfiyyətlər, yaranan dərin səmimiyyət və insani doğmalıq mühiti, vətəndaşların nümayiş etdirdikləri aydın və qəti dövlətçilik mövqeyi Zəfərdən başlayan bir mübarizəyə Qələbə ilə yekun vuracaqlarına qəti inam yaradır. Biz hər zaman xalqımıza ləyaqətlə xidmət etməkdən qürur duyacaq, millətimizi layiqincə təmsil edəcəyik.

Biz Ulu Öndərin adı ilə bağlı kursla güclüyük və 15 iyundan başlanan qalibiyyət 8 noyabr Zəfər, 20 sentyabr “Bütövlük günü” ilə davam edir və Yeni Yüzilin – 4-cü Respublikanın şanlı tarixinə çevrilən qələbə salnaməsi davam edəcəkdir.

Zahid Orucun Seçki Qərargahı

Seçilən
48
7
editor.az

8Mənbələr